Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

VIRTUAL CAZIBƏ, YOXSA ECAZKAR TƏLƏ...?

[ Aktual / 7148 dəfə baxılıb ]   
|
 
Texnologiya əsrindən texnologiya minilliyinə keçdik. İnkişaf etmiş və bir o qədər mürəkkəbləşmiş texnologiya artıq həyatımızı da mürəkkəbləşdirib. Milyonlarla işlər və əlaqələr artıq onun üzərindən həyata keçir. Amma texnologiyanın bu qədər irəliləməsi insan həyatında mənfimi yoxsa müsbətmi rol oynayır?
İnsanlığı hara yuvarlandırır bu texnologiya?

Texnologiyanı hər tərəfli müsbət bir amil kimi görənlər, onun məsafələri qısaltması, zamandan asılı olmayaraq sürətlə idarə olunması, əlaqələrin yaxınlaşması, sıx olması və kommunikasiyanın əlverişli olması ilə izah edirlər. Əlbəttə, vaxtilə valideyn və övlad arasında olan məktubların bir-birinə çatması günlər və həftələr çəkirdi. İndi isə bir düyməyə toxunmaqla həm danışır, həm də görürsən, özü də istədiyin vaxt. Bir vaxtlar gənclər bir-birilə tanış olmaq üçün günlər, aylar hətta illərlə fürsət və imkan axtarırdılar.

İndi internetdə 15 dəqiqəyə tanış olub, 1 günə əlaqə yaradıb, 1 həftəyə görüşürlər, əgər hələ gözlənilən görüş bundan da tez baş vermirsə... Amma bütün bu əlaqələrin bünövrəsi qeyri‐real, yəni virtual həyatda qoyulur. Qohumluq və dostluq əlaqələri sanki güclənmiş kimi görsənir, amma deyəsən getdikcə daha dar çərçivədə qalır. Doğrudur, indi istədiyimiz zaman qohum və dostlarımızla ünsiyyət qura bilirik. Amma o görüşmələr, bir araya gəlmək, səmimi rəftar, insanların bir-birinə qarşı yaranan aurası, toxunuşu, göz-gözə baxması, sifətin ifadələri və sairə kimi mühüm amillər artıq azalmağa doğru gedir. Texnologiya ilə qurulan əlaqələrin və ya aparılan ünsiyyətlərin qiyməti və dəyəri də o qədər yüksək olmur. Biri var övlad telefonla zəng edib anasından hal-əhval soruşa, biri də var vaxt ayırıb, yola düşüb ona baş çəkməyə, söhbət etməyə, qucaqlayıb bağrına basmağa gedə. Birincisini hər gün dəfələrlə də edə bilər, amma bir dəfə görüşünə getməyin yerini verə bilərmi?!

Eynilə də başqa qohumlarıyla internet vasitəsiylə nə qədər istəsə ünsiyyət yaratsın insan, bu daha dəyərlidir, yoxsa onlarla görüşmək və ya onları ziyarət etmək?! Texnologiya bir biçaq kimidir, ondan istifadə edərək yemək də hazırlamaq, amma başqasına ziyan da vurmaq olar.
Bir məsələ də var ki, qədimdə ailələr və sülalələr bir yerdə, bir məntəqədə, bir kənddə və ya bir şəhərdə yaşayardılar. Hətta ailədən ayrılıb digər şəhərlərə gedib yaşayanlar azlıq təşkil edərdi. İndi bir ailənin fərdləri müxtəlif ölkələrdə və hətta müxtəlif qitələrdə məskunlaşıblar. Mənəvi cəhəti bir yana, hətta ailə bağlarının maddi tərəfi də getdikcə zəifləyir və yaxud qısalır. Bütün bunların həlli üçün texnologiyanı bəhanə gətirmək olar. Amma təəssüf ki, texnologiyadan istifadə qaydaları da həddini aşmışdır. Hər bir şey əslində həddini aşarkən, ziyana çevrilir.
İndi texnologiyanın inkişaf etməsini ağız dolusu tərif edənlər və fəxrlə danışanlar da var, amma ondan dad-aman edib şikayətlənənlər də var. Qızının layiq olmayan oğlanla dostluq etməsindən, oğlunun pis yola düşməsindən, ərinin xəyanətindən və ya internetin qarşısından çəkilməməsindən, xanımının xəyanətindən və mobil telefonundan və sairə kimi minlərlə şikayətləri biz hər gün eşidirik. Belə hadisələri də eşidəndə, insanda özündən asılı olmayaraq bir nifrət hiss yaranır. Amma bilmirsən bu texnologiyaya olan nifrətdir, yoxsa insanların ondan düzgün istifadə edə bilməməsinə.

Vaxtilə deyərdilər ki, sevgi bir baxışdan başlar, sonra bir təbəssüm, sonra görüş, sonra evlilik olar. Nağıllarımızda da həmişə keçərdi ki, filankəsi görən kimi bir könüldən min könülə aşiq oldu.
Texnologiya əsrində isə sevginin ilk addımı “like”-dan başlayır, sonra bir “comment”, sonra “tag”, sonra “message”, sonra “add”, sonra da “chat”-dır.
Texnologiya əsrinin ən tanınmış bəlalarından biri də sosial şəbəkələrdir. Gənclər saatlarını, zamanlarını, ömürlərini çatdakı boş-boş söhbətlərə sərf edirlər. Bir çox hallarda da, öz yaxınları və əzizləri ilə 10 dəqiqə ünsiyyətə vaxt tapmayan, bu şəbəkələrdə, çatlarda tanımadığı insanlarla saatlarla lağlağı edir.
Bizlər bir şeyi dərk etməliyik ki, texnologiya nə qədər inkişaf etsə də, nə qədər ki, o, virtual həyatdır, biz həmin insanla real həyatda yaşamadıqca, onun əsl şəxsiyyətini, xasiyyətini, özəlliklərini, duyğularını və həssasiyyətlərinin bütünlüklə anlaya bilmərik.

Bir dəfə Ömər bin əl-Xəttab (Allah ondan razı olsun) bir nəfərdən, onu kimisə tanımasını sordu. O da; “filankəs məni tanıyır” – dedi. Həmin filankəsi gətizdirir Ömər (Allah ondan razı olsun) və soruşur ki; “bu şəxsi tanıyırsanmı?” O da; “Tanıyıram” deyə cavab verir. Ömər (Allah ondan razı olsun) soruşur; “Onunla səfər çıxmısanmı?” O şəxs deyir; “Xeyr”. Ömər; “Onunla dinar və dirhəm (alış-veriş) işi görmüsənmi?” O şəxs; “Xeyr”- deyir. Ömər; “Onunla qonşu olmusanmı?” O şəxs yenə “Xeyr” – deyir. Ömər; “Onda sən onu tanımırsan!”.
Bu hadisənin nə qədər doğru olub olmadığını bilmirik, amma ən azından keçmişdə insanların tanınmasında hansı amillərə önəm verildiyini inkar edə bilmərik.


İnsan əlaqələri, görüşlər və ünsiyyətlər çox önəmlidir. Texnologiyadan istifadə etmək qəbahət deyil, amma həddi aşmaq qəbahətdir. Vaxtımız ömrümüzdür, saatlar həyatımızdır, saatlarımız əridikcə, ömrümüz əriyir, ən dəyərli həyat nemətimiz sayılan zamanımızı israf edirik, yoxsa səmərəli istifadə edirik, bunu bir daha nəzərdən keçirməliyik. Çünki israf etsək, Allahın “sevmədikləri qaimə”-sinə düşə bilərik. Rəbbimiz buyurub ki; “Şübhəsiz ki, (Allah) israf edənləri sevmir.” (Əraf, 31).

Həmçinin virtual aləmdə baş verən müzakirələr və mübahisələrin hamısında iştirak etmək təhlükəlidir. Bizim fikirlərimizi, rəyimizi və baxış tərzimizi öyrənənlər, analiz edənlər var. Hələ bunlar bir tərəfə, axı hər bir yazdığımız ifadəyə görə də Allah qarşısında cavab verəcəyik. “Dediyi hər sözü (yazmaq üçün) onun yanında hazır durub gözləyən (iki mələk) vardır!” (Qaf, 18). Əlbəttə ayədə “dediyi” sözünün keçməsi prinsipi olaraq onun dili ilə tələffüz etməsi anlamına gəlməməlidir.

Nə qədər də çətin olsa, qeyd etmək lazımdır ki, virtual aləmə daxil olarkən özümüzə bir vaxt məhdudiyyəti qoymalı və o çərçivənin sərhədlərini pozmamağa çalışmalıyıq. Həqiqətən bunu bacara bilmək bəzən imkanımız xaricində olur. Amma düşünməliyik ki, biz virtual həyatı real həyatımızın saatlarını satmaqla alırıq. Xəyal aləmi isə hamımızın zehnində yer alır və kənar şəxslər ona toxuna bilmədiyindən, o bizim üçün çox özəl, maraqlı və şirin olur. Bu cazibənin nəfsimizə təsiri bizi reallıqdan uzaqlaşdırır.

Əslində isə bir müsəlman olaraq, real həyatımıza daha çox zaman sərf etməliyik. Çünki o, realdır, həqiqətdir, hal‐hazırda yaşadığımız həyatdır, xəyal və arzularımızın ecazkar dünyası deyil. Hətta virtual aləmə daxil olarkən belə, real həyatımızda olan önəmli məsələləri yaddan çıxarmamalı, virtual həyatın xəyallar aləminə çox dalmamalıyıq.

Hazırladı: Şahmar Kərimov / Azerislam.com
Mənbə: www.onislam.net
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:30
GÜNƏŞ07:59
ZÖHR [ 4 rükət ]13:25
ƏSR [ 4 rükət ]16:23
MƏĞRİB [ 3 rükət ]18:50
İŞA [ 4 rükət ]20:16
GECƏYARI00:40
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka