Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

TƏFSİRİN NƏZƏRİ ÇƏRÇİVƏSİ VƏ VACİBLİYİ [1]

[ Oxu! / 7093 dəfə baxılıb ]   
|
 
I. TƏFSİR ANLAYIŞI

Bildiyimiz kimi təfsir Quranın uca mənalarını ehtiva edən elm sahəsidir. Quran, əsasən insanlığa doğru yolu göstərmək üçün endirilən dini məzmunlu bir mətndir. Mətn deyilincə ağlımıza xüsusi bir sahəyə aid hər hansı bir düşüncəni ifadə edən söz yığını gəlir. Quran ilahi düşüncəni təmsil edən bir kitab olduğuna görə, istər-istəməz burada sözü gedən mətinin epistemolojik [1] mənada ilahi sahəyə aid bir mətn olduğu anlaşılır. Təbii ki, belə bir mətinin təhlil və izahı mütəxəssis tələb edir. Buna görə Quran təfsiri ilə məşğul olan bir elm adamının sahib olduğu bilikləri və epistemolojik düşüncələri olduqca önəmlidir. Belə ki, müfəssir və ya şərhçi dini mətni öz məlumat təcrübəsinə və fikirlərinə görə anlayır. Bu da nəticə etibarı ilə Quran mətni ilə məşğul olan bir elm adamını, Quranın nə dediyi və nə demək istədiyini meydana çıxarmaqla baş-başa qoyur ki, məhz bunlardan birincisi təfsir, digəri də tevildir. [2]

A. Təfsirin Etimoloji və Termin kimi Tərifi
Ərəb filoloqlarının bir qisminə görə "təfsir" etimoloji mənada "fəsr", bəzilərinə görə isə taklib [Bir kəlmənin içərisindəki hərflərin yerlərini dəyişdirməklə düzəldilən] metodu ilə "səfr" kökündən yaranmış "təf’il" vəznində bir məsdərdir. "Fəsr", lüğətdə bir şeyi açıqlamaq, ortaya çıxartmaq, üzəri örtülü bir şeyi açmaq mənalarında işlədilir. [3] Xəstəliyi təyin etmək üçün aparılan analiz təhlilinə də, daşıdığı bu mənalarına görə "fəsr" deyilir. Ayrıca "fəsərəti’n-nunətu" tərkibində yağış damlalarının daş üzərinə düşüb parçalanmasını ifadə etdiyi də irəli sürülür. [4]

Təfsir kəlməsinin taklib metodu ilə törədildiyi iddia edilən "səfr" məsdəri də Ərəblər arasında qapalı bir şeyi açmaq, aydınlatmaq və ortaya çıxartmaq kimi mənalarda işlədilir. [5] Bu baxımdan da qadın üzünü açanda Ərəblər ona "səfərəti’l-mər’ətu" deyirlər.[6]
Burada zikr etdiyimiz sözü gedən hər iki kəlmənin məna baxımından bənzərliyi və Ərəb dilində mövcud olan "taklib sənəti"ni də nəzərə alsaq "təfsir" kəlməsinin hər iki kökdən də törədiyi iddia edilə bilər. Çünki hər iki kökün ifadə etdiyi məna nəticə etibarı ilə eynidir ki, bu da bir vasitəçinin yardımı ilə gizli olanı açığa çıxartmaq, yəni açıqlanması lazım olan Quran naslarının [7] müfrəd [8] və tərkib [9] kəlmələrini ayrı-ayrı təhlil edərək araşdırmaq, ya da məsələnin daha yaxşı anlaşılması üçün parçalara ayırmaq mənasını ifadə edir. Burada sözü gedən vasitə, müfəssiri gizli və qapalı olana çatdıran semantik bir əlaqədir.

Ümumi vəziyyətin belə olmasına rəğmən Əmin əl-Huli, təfsir sözünün "fəsr" kökündən törədildiyini iddia edir. Ona görə "fəsr" və ya "səfr" məsdərlərinin hər ikisində də kəşf etmək, ortaya çıxartmaq mənası var. Ancaq "səfr" kəlməsində maddi, zahiri bir kəşf, "fəsr" kəlməsində isə mənəvi bir kəşfdən söhbət gedir. Ona görə də "təfsir" kəlməsi, maddi deyil mənəvi bir əməl olan "fəsr" kökündən törədilmişdir. [10]
Təfsir sözünü termin olaraq isə fərqli şəkillərdə tərif etmək mümkündür:
1) "Müşkül olan kəlmədən arzu edilən şeyi kəşf etmək" [11]
2) "Allah Təalanın muradına uyğun olaraq bəşər gücünün yetdiyi ölçüdə Quranın məqsədlərini araşdırmaq" [12]
3) "İnsan gücü və Ərəb dilinin verdiyi imkan daxilində Allahın muradına uyğun olaraq Quran mətninin ehtiva etdiyi mənaları ortaya çıxartmaq" [13]
4) "Mənanı açan bir kəlmə ilə ayənin mənasını, vəziyyətini, rəvayətini və nüzul səbəbini açıqlamaq" [14]


Bu təriflərdən çıxış edərək təfsiri, qısa olaraq Quranı anlamağa yönələn fəaliyyətlərin bütünü kimi xarakterizə etmək mümkündür. Bildiyimiz kimi Həzrəti Peyğəmbərlə birlikdə başlayan bu fəaliyyət əshab dövründə də davam etmişdir. Ancaq bu da bir həqiqətdir ki, səhabə öz dilində nazil olan və ifadə üslublarına uyğun olan Quranın mantuqunu [zahiri mənasını] başa düşməkdə bir çətinlik çəkməmiş, fəqət dili bilməsinə rəğmən anlaşılması mümkün olmayan,- məsələn zikr edilməmiş isimlərin bəlli edilməsi [mubhəmat], Allah və Onun Rəsulu açıqlamadıqca başa düşülməyən [muqayyəbat] və xüsusi ilə birdən çox məna ehtimalı olan [mutaşabihat] kimi,- ayələrin təfsirində çətinlik çəkmişdir. Buna görə də səhabələr qeyd etdiyimiz xüsusiyyətlərə malik ayələrin təfsirində Həzrəti Peyğəmbərin açıqlamalarına mütləq mənada ehtiyac duyurdular. Bu cür izahlar onlar üçün şəriətin təyin etdiyi bir bəyan xüsusiyyəti daşıyırdı. Yəni əshaba görə o dövrdə təfsir, Uca Allahın və ya Onun elçisinin açıqlamalarını ifadə etmək üçün istifadə olunan bir məfhum idi. Çünki Həzrəti Peyğəmbərin söhbətində iştirak edərək ondan elm alan səhabələr, Peyğəmbər aralarında ikən Quranı təfsir etməyi bir tərəfdən ədəbsizlik olaraq qəbul edir, digər tərəfdən də Quranı təfsir edərkən xəta işlədə bilərəm deyə narahat olurdular. Bunu o dövrün bir xüsusiyyəti olaraq qəbul edib, təbii qarşılamaq lazımdır. Zatən o dövrdə təfsir nəqli şifahi formada həyata keçirilir və təfsir çalışmaları da Quranın bəzi qərib kəlmələrini açıqlamaqdan ibarət olurdu. Bu xüsusiyyəti tabiun dövründə də görmək mümkündür.

Tədvin dövrünə gəldiyində isə, əvvəllər şifahi olaraq nəql edilən rəvayətlər toplanıb yığılmış, qərib kəlmələrlə bağlı məlumatların yanında əsbabu’n-nüzul, nasih-mənsuh [15] və Quranın ixtisar üsulu ilə əlaqəli rəvayətlərə də yer verilmişdir. Rəvayət təfsiri ilə birlikdə bəzən insanların şəxsi fikir və düşüncələrinin təzahürünün nəticəsi olan dirayət təfsiri də yavaş-yavaş özünü göstərmiş, xüsusi ilə fikhi və kəlami məzhəblərin meydana çıxmalarının ardınca daha da sürətlənməyə başlanmışdır. [16]
Beləcə Quranın nüzulu ilə başlayan təfsir hərəkatı, tədvin ilə yeni bir məcraya girmiş, şifahi dövrdə üzərində durulmayan bir sıra xırdalıqlara tədvin səbəbi ilə yer verilərək həm rəvayət, həm də dirayət təfsirində bir zənginlik meydana gətirilmişdir.

B. Təfsirin Mövzusu, Qayəsi və Əhəmiyyəti
Şübhəsiz ki, hər elmin bir mövzusu və qayəsi vardır. Yəni elmlər meydana çıxarkən hansı sahə üçün nəzərdə tutulubsa o sahə ilə bağlı məlumatları ehtiva edir. Əlbəttə ki, əhatə etdikləri məlumatlar da bəlli bir məqsədə və hədəfə yönəlmiş olur. Məsələn tibb elmi xəstəlikləri, onların səbəblərini və müalicə üsullarını araşdırır. Başqa sözlə o, məqsədsiz və qayəsiz deyil. Bildiyimiz kimi tibbin məqsədi insan sağlamlığını qorumaqdır. Eyni zamanda insanla həm fərdi, həm də ictimai mənada maraqlanan psixologiya, sosiologiya və hüquq elmləri də bəlli bir məqsədə xidmət edir. Qısacası elmlər əhatə etdikləri mövzular barəsində bəlli qayələr üçün icad edilmiş bir vasitə dəyərindədirlər.

Təbiət etibarı ilə hər bir elm sahəsi də əhatə etdiyi məlumatların dəyəri ilə əhəmiyyət kəsb edir. Buna görə insanlığın sahib olduğu elmlər mövzu, məqsəd və əhəmiyyət baxımından eyni xüsusiyyətləri daşımasalar da sözü gedən xüsusiyyətlər baxımından aralarında bir oxşarlıq var. Təfsir, digər elmlər kimi eyni xüsusiyyəti vücudunda daşıyan bir elm sahəsidir. Yəni onun da bir mövzusu var. Bu mövzu da bildiyimiz kimi Quranın əhatə etdiyi ali mənalardır. Çünki təfsir elmi, Quranda yer alan nasların ehtiva etdiyi mənaları, ali həqiqətləri və eyhamları araşdırıb ortaya çıxaran bir elmdir.

Əlbəttə təfsir elmi, Quranın ali həqiqətlərini ortaya çıxararkən bunu bəlli bir məqsədə yönələrək edir. Sözü gedən məqsəd də heç şübhəsiz ki, insanlığa hidayət yolunu açıq və dəqiq bir şəkildə göstərib, onun dünyada və axirətdə bəxtəvər olmasını təmin etməkdir. Bu, demək olar ki, Quranın da yeganə qayəsidir. Çünki insan dünya deyilən mücadilə meydanında özü-özünə yetən bir varlıq deyil. Yəni yaradılış qayəsinə uyğun hərəkət tərzlərinin təyin edilməsində və cənnətə gedən yoldakı təhlükələrdən çəkinməsində hər hansı bir yol göstərici, bir mürşid, bir rəhbər olmadan insanın, sırf ağıl və duyğuları ilə hərəkət etməsi mümkün deyil. Çünki insanoğluna xeyir-şər, gözəl-çirkin, yaxşı-pis arasında bir seçim etmə qabiliyyəti ilə bərabər məsuliyyət dən xoşlanmayan bir nəfs, həva [17] və unutqanlıq [Taha 20/115] kimi duyğular da verilib. Başqa sözlə insana lap əvvəldən, Allahın ondan nə istədiyi, yaxşı bir qul olmanın şərtlərinin nələr olduğu, imana, ədalətə, gözəl əxlaqa və həqiqətən də hörmətə layiq ikən, [Əl-İsra 17/6] iradəsini Allahın rizası xaricində istifadə etməsi, mənfi tərəflərə sərf etməsi və ilahi təklifin əksinə hərəkət etməsinin nəticəsində axirətdə nə ilə qarşılaşacağının bildirilməsi vacibdir. [18] Belə ki, hər ağıllı insan ağlı və düşüncəsi ilə bir yaradıcının olduğunu qavraya bilər. Ancaq Mütləq Varlığın sifətlərini, Ona qarşı olan məsuliyyətlərini və öz yaradılışındakı qayəni təsbit edə bilməz; etsə belə, onu bu məqsədə aparan ən doğru və ən güvənilən yolu tapa bilməz. [19]

Xülasə, insanı xəbərdar edəcək və onu, bütün mənfi faktorların təsirindən qurtarıb ən doğru və ən gözələ çatdıracaq ilahi xəbərdarlıqlara ehtiyac var idi. Məhz buna görə də yaratdığı məxluqları ən yaxşı tanıyan Allah Təala, yaradılışına uyğun hərəkət etmələri, şərə düşməməkləri, üsyan etməməkləri, eləcə də Allaha qarşı bir bəhanələrinin qalmamasına [Ən-Nisa 4/165; Taha 20/134; əl-Qasas 28/47] görə hər dövrdə insanlara kitablar göndərmiş və rəhmətinin bir əsəri olaraq da göndərdiyi bu kitabların muhtəvalarını peyğəmbərlərinin vasitəsi ilə onlara bildirmişdir. [Əl-Ənam 6/42; ən-Nəhl 16/36;] Buna görə də Həzrəti Peyğəmbər ona verilən son ilahi kitabın ehtiva etdiklərini, dəyişik vasitələrlə ilk müxatiblərə açıqlamış, beləcə də Quranın yer üzünə enməsi ilə birlikdə bir təfsir hərəkatı da meydana çıxmışdır. Əvvəldə qeyd etdiyimiz kimi bu faktın yeganə hədəfi də insanlığın hidayəti üçün endirilən kitabı, onun qayə və məqsədinə uyğun bir formada açıqlamaqla insanın hər iki dünyadakı səadətini təmin etməkdir.

Yeri gəlmişkən burada onu da qeyd edək ki, insanlıq əqli kamilliyə çatmışdır, bunun üçün artıq Qurana və onun təfsirinə ehtiyac yoxdur düşüncəsi isə əsla doğru deyil. Çünki insanlıq bu gün hələ də əxlaqi zəiflikdən xilas ola bilməmişdir. Onun üçün də Qurana olan ehtiyac hər keçən gün daha da artmaqdadır. Onu bilmək vacibdir ki, insanlığın əxlaqi zəiflikdən xilası və kamilliyi yalnız Quranla mümkündür. Ona görə də Qurandan və onunla bağlı məlumatlardan uzaq qaldığı müddətdə insanlığın, əxlaqi baxımdan kamilliyə çatması imkansızdır. [20] Məhz insanın həm dünya, həm də axirət həyatındakı səadəti üçün əhəmiyyətli olan Quranı, məzmun etibarı ilə anlaşılan hala gətirməyi hədəf edən təfsir elmi, bir tərəfdən küllü iradənin bir təcəllisi olan ilahi xəbərdarlıqları mövzu etməsi, digər tərəfdən də bu xəbərdarlıqların insanlığa təqdiminə xidmət etməsi səbəbi ilə bəlkə də heç bir elmin çata bilməyəcəyi əhəmiyyətli bir məqama yüksəlmişdir.

Mövzunun ardı var...

LÜĞƏT VƏ QAYNAQLAR


[1] Elmi nəzəriyyə
[2] Bir söz və ya hərəkəti bilinən mənası ilə deyil, daşıdığı məcazi məna ilə şərh etmək.
[3] Ər-Rağib Əl-İsfahani, əl-Müfrədat fi qarıbi’l-Quran, [thk. Muhəmməd Seyyid Keylani], Beyrut ts., s.380; İbn Manzur, Lisanu’l-arab, Beyrut ts., IV, 369; əl-Cəvhəri, es-Sihah, Misir 1376, II, 781; əz-Zəbidi, Tacu’-arus, Misir 1306, III, 470
[4] Baxın: ət-Tufi, Süleyman b. Abdulkavi, əl-İksir fi ilmi’t –tefsir, [thk. Abdulkadir Hüseyn] Qahirə 1977, s.1-2
[5] İbn Manzur, Lisanu’l – arab, IV, 369; əz-Zərkəşi, əl-Burhan, II, 147
[6] əz-Zərkəşi, əl-Burhan, II, 147
[7] Açıq höküm, dəqiq höküm gətirən ayə və ya hədis
[8] [Ər] Tək, bəsid
[9] Sintez
[10] Əl-Huli, Əmin, ət-Təfsir ma ’alimu hayatihi və mənhəcuhu ’l yəvm, Misir 1944, s.5
[11] İbn Manzur, Lisanu ’l-arab, IV, 369; əz-Zərkəşi, əl-Burhan, II, 174
[12] Əz-Zəkani, Mənahil, II, 4
[13] Əz-Zəkani, adı keçən əsər, I, 471; əz-Zəhəbi, ət-Təfsir və’l müfessurun, Misir, 1396/1976, I, 15
[14] Əl-Cürcanı, Ta ’rifat, İstanbul 1327
[15] Əsbabu’n-nüzul - nüzul səbəbi; Nasih-mənsuh - Hökmü qaldırılmış
[16] Geniş məlumat üçün baxın: M.Sait, Günümüz Təfsir Problemləri, yy, ts. S.25-32
[17] Əl-Furqan 25/43; əl-Casiyə 45/23 [həva - Nəfsə aid olan şeylərə bağlılıq, nəfsani arzu]
[18] Şengül, İdris, Quran qissələri üzərinə, İzmir 1994, s.15
[19] Aksəki, Əhməd Hamdi, İslam, İstanbul 1966, s.63
[20] Fazlur Rahman, Ana Mövhuları ilə Quran, [trc. Alpaslan Açıkgenç] Ankara 1987, s.169


Azerislam.com


|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:31
GÜNƏŞ08:00
ZÖHR [ 4 rükət ]13:25
ƏSR [ 4 rükət ]16:22
MƏĞRİB [ 3 rükət ]18:49
İŞA [ 4 rükət ]20:14
GECƏYARI00:40
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka