Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

ADƏM ƏLEYHİSSALAM

[ Islam tarixi / 16722 dəfə baxılıb ]   
|
 
Adəmin (ə) qissəsi Qurani-Kərimdə əsasən 7 surədə və 25 ayədə [Əl-Bəqərə, Əraf, İsra, Kəhf, Taha, Hicr, Sad] zikr olunur. Bir çox yerdə isə Adəmoğulları deyə insanlığın hamısına müraciət edilir.

İslam müfəssirlərinin əksəriyyətinin qənaətinə görə Adəm ilk insan olduğu kimi, həm də ilk peyğəmbərdir. Lakin Adəm (ə) peyğəmbər olmadığını söyləyən İslam alimləri də vardır ki, onlar bu fikrilərinin isbatı üçün Quran ayələrini dəlil gətirirlər. Belə ki, Qurani Kərimin heç bir ayəsində Adəmə Rəsul və Nəbi olaraq xitab edilməmişdir və o ayələrdə demək olar ki, əsasən Adəmin yaradılışı, günahı və bu günahdan tövbəsindən söhbət açılır.

Adəmin insanlığın ilk atası olmasını bütün səmavi dinlər təsdiqləyirlər. Yəni bu barədə qaynaqlarda heç bir ixtilafa rast gəlinmir. Doğrudur bəzi xristian qaynaqları Adəmin günahına görə bütün insanlığı məsul görür və İsanın (ə) çarmıxa çəkilməsini onun insanlığı bu günahdan xilas etmək üçün etdiyi qənaətindədirlər. Lakin Qurani-Kərim bu fikri təkzib edir və Adəmin (ə) “günahı” haqqında bizə təfəkkür edəcəyimiz bilgilər verir. Bu haqda bir az sonra daha geniş məlumat verəcəyik.


Kəlmə mənası
ADƏM - kəlməsi Ərəb dilinin də mənsub olduğu Sami dil ailəsində yer qabığı, yerin üst təbəqəsi, torpaq örtüyü, baba, ata, Kəldani dilində isə adam, lider, öndər mənalarına gəlir.

ADƏMİN YARADILMASI – Adəm palçıqdan yaradılmışdır [Əl-İsra 61, Əl-Əraf 12, Sad 76, əl-Muminun 12, əs-Səcdə 17], yapışqan kimi palçıqdan [əs-Saffat 11], palçıq cövhərindən [Muminun 12], quru palçıqdan, şəkil verilmiş palçıqdan yaradılmışdır [əl-Hicr 26, ər-Rəhman 14]

HƏVVA – Qurani-Kərimdə Adəmin adı çox-çox zikr edilsə də Həvvanın adı heç bir surədə və ayədə zikr olunmur. Adəmin həyat yoldaşının adının Həvva olması fərziyəsi isə İsrail qaynaqlarından bilinir. Bununla belə Həvva kəlməsi Ərəb dilində Hayy kəlməsindən törədildiyi fərziyəsi vardır ki, bu da diri olan, diridən yaranan mənalarına gəlir.

Əraf surəsi 189-cu ayədə isə nə Adəmin adı keçir, nə də Həvvanın. Orda ilk insanın yaradılışı gündəmə gətirilir və sizi "min nəfsin vahidətin" - bir nəfsdən yaratdıq deyilir və "zevcaha" ondan da zövcünü yaratdıq. Ərəb dilində "zövc" qadına aid olduğu kimi, kişiyə də aiddir. Digər ayələrdə də “Sizi tək bir candan yaradan, ondan da yenə onun zövcəsini vücuda gətirən Odur [Allah]” ifadəsinə də rast gəlirik. [ən-Nisa 1, əl-Əraf 189, əz-Zumər 6] Buna yaxın olan iki ayə də belədir: “Sizə nəfslərinizdən, onlarla ülfət edəsiniz deyə zövcələr yaratmışdır...” [ər-Rum 21, əş-Şura 11].

CƏNNƏT – Ərəb dilində bağ-bağat anlamına gəlir. Ümumiyyətlə "cənənə” kökündən törənən bütün kəlmələr gizlilik mənasına gəlir. Cin-gözə görünməyən, can-gizli olan, məcnun-ağlın gizlənməsi və s. Cənnət də gizli olan bağça deməkdir.
Mübahisəli məsələlərdən biri Adəmin yaradıldığı cənnətin yer üzü cənnətimi və ya göy üzü cənnətimi olduğu fikridir. Bu qissə Bəqərə surəsində anladılarkən qadağan olunmuş ağaca yaxınlışdığı üçün Adəmə və Həvvaya "…o zaman enin" əmri verilir. Bunu əsas alan müfəssirlər cənnətin göy üzündə olduğunu və Adəmin günahı səbəbi ilə cəzalandırılaraq yerə endirildiyi qənaətindədirlər. Digər müfəssirlər isə Adəmin olduğu cənnətin göy üzündə olmasını qəbul etmir, “enin” əmrini məqamının endirilməsi demə olduğunu söyləyirlər [flankəs taxtından endirildi] və cənnətin mütləq yer üzündə olduğunu sübut etmək üçün aşağıdakı dəlilləri gətirirlər:

1) Axirət cənnətində qadağan yoxdur.
2) Orada üsyan və günahdan söhbət belə gedə bilməz.
3) Əsl cənnət olsaydı Şeytan ora girə bilməzdi.
4) Əbədilik yurdudur. Ora girən bir daha ordan çıxarılmaz.
5) Adəm yer üzünün xəlifəsi olmaq üçün yaradılmışdır. (Bəqərə)


AĞAC - “qadağan anlayışının” simvoludur. “Qadağan anlayışı” olmasa iradə meydana çıxmazdı. İnsan əhdə sadiq qalıb – qalmaması şərtlərə uyub - uymaması ilə sınanar. Adəm qadağan ağaca toxunmaqla itirməyi öyrəndi. Əlində olanları yalnız onları itirdikdən sonra anladı. Etibar edilməyi, güvənilməyi itirdi. Uduzmağı öyrəndi, peşmanlığı anladı, düşməni tanıdı, tövbəni bildi, aldadılmağı yaşadı.

Qadağan olunmuş ağac – idraka düşünmək fürsəti verdi. “Niyə?” sualı soruşuldu. Niyə qadağan olunur? Öyrənmək istəyi baş qaldırdı. Bu sualla Adəm özündəki maraq duyğusunu kəşf etdi. Qadağalarla, qadağan olunmamışları ayırmaqla insan özünü kəşfə çıxdı. İradəsini, ağlını kəşf etdi. İradə insanı mələkdən ayıran ən təməl keyfiyyətlərdən biri idi. Allah yaratdığı bəşər övladından iradəsiz itaət istəməmişdi. İradəsiz itaət edən mükafatlandırılmaz, cəzalandırılmaz. Mükafatı və cəzanı anlamaq üçün ona qadağan olunmuş ağac nişan verilir. Allah bu ağacın varlığını bildirməsəydi, [bəlkə də] Adəm heç bir zaman o ağaca yaxınlaşmayacaqdı. İradənin haqqı iki şey arasında seçim edə bilməkdir. Allahın məqsədi passiv iradəni aktiv iradəyə çevirmək idi. Passiv iradə aktiv iradəyə çevrilmədikcə ağıl da aktivləşməzdi. O zaman insan da passiv olardı. Düşünməz, araşdırmaz, üsyan edə bilməzdi. Üsyan etməsəydi peşmançılıq hissini kəşf etməzdi. Peşmanlığı yaşamasaydı tövbəni dərk etməzdi…

Adəm bütün bunları təcrübə edərək öyrəndi. Özünü kəşf edərək öyrəndi. Gücünün nəyə çatıb çatmayacağını dərk etdi. Allahsız yaşanmayacağını anladı. Adəm adamlığa bir miras qoydu: TƏCRÜBƏ… NƏTİCƏ… TÖVBƏ… BAĞIŞLANMAQ…

İnsan yanlışını anlayaraq tövbə edər. Adəmin itirdikləri keçici olanlar idi. Ona sadəcə əbədi olanın bənzəri göstərilmiş, cənnət havası daddırılmışdı. Adəm keçici olanı itirdikdən sonra qalıcı olana daha böyük şövqlə can atmağa başlamışdı. Qadağan olunmuş ağac “mən” idrakını formalaşdırmaq üçün idi. “Mən” demədən “Lə ilahə illallah” deyə bilməzdi. Mən demədən “şahidəm” deyə bilməzdi. Şeytan ona mənəm - mənəmlik duyğusunu aşıladı. Ağaca yaxınlaşması mənəm - mənəmlik idi. Tövbə edə bilmək isə “mən” idrakı. Şəxsiyyətin inkişafı üçün mübarizə mütləqdir. Ağıl, mühakimə, idrak mübarizə ilə formalaşır. Düşmən olmadan, düşmənlə mübarizə olmadan insan bir şəxsiyyət kimi formalaşa bilməz. Şəxsiyyət olmaq – qüsursuz olmaq deyil, qüsurunu dərk etməkdir. Günah etməmək deyil, günahında israr etməməkdir.
Adəmi adam edən günahında israr etməməsi idi. Şeytanı iblis edən isə günahında israr etməsi.

İBLİS – kəlməsi ümidsiz anlamına gəlir. İxtilaf məsələlərdən biri də İblisin mələklərdən biri olub olmaması məsələsidir. İncildə İblisin ən ağıllı Mələk olduğu vurğulanır. İslam müfəssirləri bəzi ayələrə istinad edərək bunun doğru olmadığını söyləyirlər: “Mələklər üsyan edə bilməzlər.” [Tahrim, 6] İblis isə üsyan edir, Allaha asi olur. Qurani Kərimdə bu barədə ayə olmasa da hədislərdən bilirik ki, Mələklər nurdan yaradılıb [Müslim, Zühd,10]. Lakin Qurani Kərim İblisin atəşdən yaradıldığını söyləyir [Sad, 76]: “Tüstüsüz atəşdən yaradılıb” [Rəhman, 15] Mələklərin nəsil artımı yoxdur, İblisin isə var. [Kəhf, 50]. Bütün bu saydıqlarımızla yanaşı İblisin cinn olmadan öncə Mələk olduunu söyləyən müfəssirlərimiz də vardır ki, onların da əsaslandığı dəlil Bəqərə surəsinin 30 və 34- cü ayələridir. Allah "yer üzündə xəlifə yaradacağam" dediyi zaman İblis də mələklərlə eyni safda idi. "Allah Mələklərə dedi" [Bəqərə, 30]. "Bir zaman Biz mələklərə: “Adəmə səcdə edin!”– dedikdə, İblisdən başqa (hamısı) səcdə etdi. O imtina edib təkəbbürlük göstərdi və kafir­ oldu" [Bəqərə, 34], [Kəhf, 50] Əlbəttə, doğrusunu Allah bilir. Bizim üsyan etməyin aqibətinin nə olacağını bilməyimiz kifayətdir ki, İblis bizə ən gözəl ibrətdir.
İblislik ümidsizlikdir, sevgizizlikdir, irqçilikdir....
İblis yaradıldığı gündən düşmən kəsildiyi Adəmin zəif damarını tutmağa çalışırdı. Onu ən zəif yerindən vurdu: Əbədilik duyğusundan və mələk olmaq arzusundan [Əraf, 20-21, Taha 120] Bu, Adəmin ən həssas nöqtəsi idi. Çünki ömrü və gücü məhdud idi. Adəmin əbədilik və mükəmməllik anlayışı olmasaydı İblis onu azdıra bilməzdi. Adəm əbədi yaşamağın nə demək olduğunu bilirdi, çünki cənnət əbədilik yurdudur. Mükəmməliyin də nə olduğunu bilirdi. Çünki Allah mükəmməl idi. İblis eyni təklifi indi də Adəm oğullarına edir. Biz də sanki əbədi yaşayacaqmışız kimi yüz il, min il sonranı düşünürük. Başqalarından üstün olmağa çalışır, hər işdə mükəmməl olmaq istəyirik. Lakin unuduruq ki, mükəmməl və qüsursuz olan sadəcə Allahdır.

İblis Adəmi alçaltmaq, onu Rəbbinin gözündən salmaq istəyirdi. Və qadağanı pozması ilə onları aldadıb əlbisələrini - günahsızlıq, təmizlik, təqva, Allaha bağlılıq simvolunu - soyundurur. “Onlar ayıb yerlərinin fərqinə vardılar.” Deməli Adəm və zövcəsinin bu duyğuları onlar üçün gizli idi. Ehtirasın, şəhvətin nə olduğunu anladılar. Ayədə də deyildiyi kimi “fərqinə vardılar”. Əlbisə onların ayıb yerlərini örtən bir duyğu idi… İblisə uyunca bu duyuğunun üzərindəki təqvanı yırtdılar. Ona görə də Allah bizə örtünün dedikdə belə ən gözəl əlbizənin təqva libası olduğunu söyləyir. Təqvasız örtü bir parça bezdir.
Xüsusi olaraq onu da qeyd edək ki, cinlər iradələrini həm yaxşılıq, həm də pislik istiqamətində istifadə edə bilirlər, şeytanlar isə sadəcə pisin təmsilçiləridirlər. İradəsini pis məqsəd üçün istifadə edən cinlər şeytanlaşırlar. İradəsini inkara istifadə edən kafirləşən insanlar kimi cinlər də şeytanlaşırlar.

MƏLƏKLƏR - Mələklər bəzilərinin düşündüyü kimi ağılsız varlıqlar deyil. Əl-Bəqərə surəsinin 30-cu ayəsindən başlayan Adəm qissəsindən də anlayırıq ki, Mələklər sual verə bilirlər. Sual vermək düşünməkdir.
Sənin Rəbbin mələklərə: "Mən yer üzündə bir xəlifə [canişin] yaradacağam”, - dedikdə [mələklər]: “Biz Sənə şükür etdiyimiz, şəninə təriflər dediyimiz və Səni müqəddəs tutduğumuz halda, Sən orada [yer üzündə] fəsad törədəcək və qan tökəcək bir kəsmi yaratmaq istəyirsən?”- söylədilər. [Allah onlara: ] “Mən bildiyim şeyi siz bilmirsiniz!” – buyurdu.
Xəlifənin şərəfi, bu vəkaləti verənin şərəfi və vəkilliyin dərəcəsiylə mütənasibdir. Bəqərə surəsinin bu ayələrini təfsir edən müfəssirlərdən bəziləri bu qənaətdədir ki, xəlifəliyin nə demək olduğunun fərqində olan mələklər, Allahın sözlərini eşidincə, yaradılacaq insana veriləcək xəlifəlik vəzifəsinə görə heyrətə düşdülər. Çünki onlar, Cənabı Haqqın, yer üzündə xəlifəsi olacaq insana, öz iradə və qüdrət sifətindən bir sıra qabiliyyətlər və ona digər məxluqatlar üzərində bəzi salahiyətlər verəcəyini anlamışdılar. Mələklər bunu təxmin etməklə yanaşı hikmət və ehtimallar açıqlanmadığı üçün, insanın xəlifə qılınmasının səbəbini öyrənmək istədilər. Onlar davamlı bir şəkildə Allahı təşbeh və taqdis etdikləri halda, bu vəzifənin onlara deyil, heç tanımadıqları yeni bir yaradılacağa veriləcəyini öyrənincə səbəbini bilmək istədilər. Allah da onlara sizin bilmədiyinizi Mən bilirəm deyə cavab verir, Adəmin onlardan daha üstün olduğunu isbat edir. Bu məqsədlə, Özünə xəlifə olaraq yaratdığı Adəmə yer üzündə faydalanacağı əşyanın adlarını, mahiyyətini və xüsusiyyətlərini öyrətdikdən sonra, mələklərə xitab edərək, zənn ettikləri kimi yer üzünün xəlifəsi olmağa Adəmdən daha çox layiqdirlərsə, sözü gedən əşyaların adlarını söyləmələrini əmr etdi. Ancaq mələklər, cavab verə bilmədilər, bu vəziyyət qarşısında səhvlərini anladılar və bu düşüncələrinə görə üzr istədilər: Onlar: “Sən paksan, müqəddəssən! [Bütün eyib və nöqsanlardan kənarsan!] Sənin bizə öyrətdiklərindən başqa biz heç bir şey bilmirik. [Hər şeyi] bilən Sən, hikmət sahibi Sənsən”, - dedilər.
Yer üzündə olanlara mələklərin deyil Adəmin ehtiyacı vardır. Mələklər yer üzündəki heç bir nemətə möhtac deyillər və Adəmlə aralarındakı fərqlərdən biri də məhz bu idi. Yer üzü sərvətinə ehtiyacı olan bir varlıq olduğu üçün o sərvətə sahib olmalı xəlifə də məhz Adəm olmalıydı. Beləcə Allah, Adəmi yaradıb onu yer üzündə xəlifə etməklə, yer üzünün nemətlərini və sirlərini ortaya çıxararaq oradakı bu nemətlərdən istifadə edəcək, orada Onun əmr və qadağanlarını tətbiq edərək yer üzünün hakimiyyətini əlində tutacaq bir varlıq xəlq etmişdi. Mələklərin deyil Adəmin xəlifə qılınmasının uca hikməti hər halda bu olmalıydı. Çünki mələklər, yaradılışlarına görə yer üzündəki bu nemətlərə möhtac deyildilər. Bu baxımdan yer üzünün sirlərini araşdırmaqları və nemətlərindən istifadə etməkləri barəsində söz belə gedə bilməzdi. Mələklər, ancaq onlara verilən vəzifələrlə əlaqədar olanları bilər və bunları yerinə yetirirdilər.

Mələklərin "Yer üzündə qarışıqlıq çıxaracaq və orada qan tökəcək birinimi yaradacaqsan?" şəklindəki sualları bəzi İslami qaynaqlarda, Həzrəti Adəmin yaradılmasından əvvəl yer üzündə insan və ya ona bənzər ağıllı-şüurlu və məsul bir varlığın olub olmamağı barədə fərqli fikirlərə yol açmışdır.
Qurani‐Kərimdə Adəmə xəlifə deyildiyinə görə, görəsən daha əvvəl bir insan növü yaşamış, Adəm və nəsili onların yerinə keçirilmiş ola bilərmi? Bu səbəbdən mələklər, Adəm nəsilinin fəsad çıxarıb qan tökəcəyini, bu köhnə insanlar haqqındakı məlumatlarına istinad edərək söyləmiş ola bilərlərmi?
Bu mövzuyla əlaqədar olaraq, yer üzündə Adəmdən əvvəl, Hin və Min və ya Tim və Rim deyilən varlıqların yaşadığına dair bəzi rəvayətlər mövcuddur. İsrailiyyat və Köhnə İran mədəniyyətindən nəql edilən bu hekayələrə görə, cinlərdən əvvəl yaradılmış olan bu varlıqlar, dünyada fəsad çıxarıb bir-birlərinin qanlarını axıtmışlar və buna görə Allah tərəfindən əzaba düçar olaraq toplu bir şəkildə həlak edilmişlər. Ancaq bu rəvayətlər, əsassızdır. İbn Haldunun dediyi kimi, bu mövzularda, Qurani Kərimdə verilən məlumatlardan başqa etibarlı məlumat mövcud deyil.

Təfsirçilər, mələklərin Həzrəti Adəm və soyu haqqında, daha Adəmin yaradılmasından əvvəl sahib olduqları bu məlumatlarını, Allah'ın özlərinə əvvəldən xəbər vermiş olmasına və ya onları daha əvvəl yaradılan və yer üzündə təxribat çıxaran cinlərə bənzətmələrinə ya da bu mövzuda Lövhü Məhfuzda yazılı olanları öyrənmiş olmalarına bağlamışlar. Digər bir görüş isə, günah işləməyən mələklərin, özlərindən fərqli varlıqların günah işləyəcək bir təbiətə sahib olacaqlarını düşünmüş ola biləcəkləri şəklindədir ki, bizcə bu daha doğru yanaşmadır. Mələklər yeni yaradılışın xüsusiyyətlərini bilərək deyil, bilməyərək sual verirdilər. Yəni bir növ zənn edirdilər.


GÜNAHI KİMİ İŞLƏDİ? – bəzi insanlar günahkar olaraq Həvvanı görür və onun Adəmi yoldan çıxartdığını düşünürlər. Bu qənaətlərin heç bir əsası yoxdur. Qurani Kərim bunu təkzib edir. İblisin Adəmə səcdə etməkdən boyun qaçırmasından sonra Allah Adəmi xəbərdar etmiş və “Ey Adəm! Bu, həm sənin, həm də zövcənin düşmənidir. O sizi Cənnətdən çıxartmasın, yoxsa bədbəxt olarsan.” [Taha, 117] deyərək Adəmi xəbardar edir.

Uca Allah tərəfindən Adəm və yoldaşı Həvva üçün qoyulan bir imtahandan ibarət bu qadağa, ilk insan və nəsilinin ən böyük düşməni olan İblisi/şeytanı hərəkətə keçirmişdi. Özü Allahın rəhmətindən məhrum edilərək cənnətdən qovulmuşkən, qısqandığı və qarşısında əyilməkdən qaçdığı Adəmi və yoldaşının Cənnətdə qalmasına razı ola bilmirdi. Allahın nemətlərindən uzaqlaşdırılmasının səbəbi olaraq gördüyü Adəmi və yoldaşını da Cənnətdən çıxarmağa qəti qərar vermişdi. Allahın onlar üçün qoymuş olduğu qadağanı tapdalamaları üçün o ikisinə vəsvəsə verməyə başladı. Onları aldada bilmək üçün dostca davranaraq hər cür yolu sınadı; nəticədə onları ən zəif nöqtələrindən tutdu. Onların zəif nöqtələri, ayədə ifadə edildiyi kimi, mələk olmaq (onlar kimi qüsursuz) və ya Cənnətdə əbədi qalmaq arzusu idi. Şeytan onların bu iki arzusunu təhrik edərək Adəm və Həvvaya belə demişdi: "Yaxşı bilin ki, Rəbbiniz bu ağacın meyvəsindən yeməməyinizi; ancaq sizin iki mələk olmanızı, yaxud Cənnətdə əbədi qalmanızı istəmədiyi üçün qadağan etmişdir. Başqa bir səbəbə görə deyil! Və o ikisinə “Əmin olun! Mən, bunu sizin yaxşılığınız üçün deyirəm, mən sizə öyüd verənlərdənim.” deyə and içdi." [Taha 117-119]
"Deyərkən şeytan onun ağlını qarışdırıb belə dedi: Ey Adəm! Sənə əbədilik və sonu gəlməz bir səltənəti təmin edəcək bir ağacı göstərimmi?" [Taha, 120] Şeytan, bu səylərinin nəticəsində Adəm ilə Həvvanı aldatdı və ikisini qadağan ağacın meyvəsindən yeməyə razı saldı. Onlara qarşı Şeytanın düşmənliyini unudub onun tələsinə düşən Adəm ilə Həvva, onun sözlərinə aldanaraq Allah tərəfindən qadağan olunmuş ağacın meyvəsindən yeməyə qərar verdilər. Ancaq, daha bu meyvəni daddıqları zaman, heç gözləmədikləri bir şey oldu və hər ikisinin də övrət yerləri açıldı. Bunun üzərinə, böyük bir təlaş və tələsiklik içində açılan övrət yerlərini örtmək üçün yarpaq toplamağa başladılar.
Bir az əvvəldə də söylədiyimiz kimi, [Taha, 120] ayəsində şeytanın, əvvəl Adəmə vəsvəsə verdiyini, daha sonra hər ikisinin birlikdə qadağan ağacın meyvəsindən yediklərini görürük; Bəqərə surəsinin 36-cı və Əraf surəsinin 20-ci ayələrində isə, şeytanın ikisinə birdən vəsvəsə verdiyi və ikisini birlikdə aldatdığı ifadə edilmişdir. Yəni Tövratdakı kimi şeytanın əvvəl Həvvanı aldatdığı, sonra da onun vasitəsiylə Adəmi yoldan çıxardığı şəklində, günahın işlənməsində Həvvanın zəifliklərini önə çıxaran və günahı az qala onun üzərinə yıxan bir məlumat verilməmişdir. Bunun nəticəsindədir ki, yəhudi-xristian ənənəsində ilk qadın olan Həvvanın şəhvətli və başdan çıxarıcı olaraq təqdim edilməsinə qarşılıq, Qurani Kərimə görə, Cənnətdən qovulmalarıyla nəticələnən hadisələrdə Adəm ilə Həvva bərabər bir şəkildə məsul tutulmuş; hətta vəhyə birbaşa müxatib olduğuna görə əsl məsuliyyət Adəmə aid olduğu üçün, şeytanın birbaşa ona xitab etdiyi bildirilmiş və Həvvaya xitabından danışılmamışdır.

İBRƏT ALMAĞIMIZ VACIB OLAN AMİLLƏR – Adəm digər peyğəmbərlər kimi başqaları ilə sınanmadı... Həzrəti Nuh xanımı və oğlu ilə sınandı, həzrəti Yusif qardaşları ilə, Həzrəti Lut həyat yoldaşı, Həzrəti İbrahim atası ilə sınandı… Həzrəti Adəm isə fitrətini dərk etməklə sınandı. Onun imtahanı insanlığa özünü dərki öyrətdi. Əmrə amadə olmağı, günahda israr etməməyi öyrətdi. Bizə tövbə qapısını tanıtdı. Adəm yasaq ağaca yaxınlaşmasaydı biz Rəbbimizin “yaxınlaşmayın” – zinaya yaxınlaşmayın, harama yaxınlaşmayın… əmrlərini anlaya bilməzdik. Allah ayələrində zina etməyin demir, zinaya yaxınlaşmayın deyir. Bizi qadağanın həndəvərinə belə yaxınlaşmaqdan çəkindirir. Nəticəsini açıqlamadan… Nəticəsini isə bizə atamız Adəm öyrədir. Əgər yaxınlaşsanız itirəcəksiniz… Sizə olan etimadı, sizə olan güvəni itirəcəksiniz. Bu başqa birinin etimadı və güvəni deyil, bu sizi Yaradanın sizə etibarı və güvənidir. O, yaratdığını yaxşı tanıyır və onu xəbərdar edir: Yaxınlaşma…

P.S. Ağıllı insan başqasının səhvindən nəticə çıxarandır. Müdrik isə heç səhv etməyən... Axmaq da ki, nə öz səhvindən nəticə çıxarar, nə də ki, başqasının.



İQ'RA/Azerislam.com

Azerislam.com


|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:26
GÜNƏŞ07:55
ZÖHR [ 4 rükət ]13:26
ƏSR [ 4 rükət ]16:28
MƏĞRİB [ 3 rükət ]18:56
İŞA [ 4 rükət ]20:21
GECƏYARI00:41
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka