Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

ƏRAFATDA MƏRİFƏTƏ DOĞRU

[ Həcc / 12396 dəfə baxılıb ]   
|
 
"Həcc ərəfədir." (Tirmizi 5/214, 2975)
Zilhiccənin doqquzuncu günü günəş, – o da sənə şahid olacaq, – doğulduqdan sonra mərifətin beşiyi Ərafatın yollarına düşməlisən. Mümkünsə o yollara payı – piyada düş. Ayağının izi, peyğəmbərlərin ayaq izinə qarışsın.

Ərafata çıxarkən özünü cənnətini itirmiş bir Adəm kimi hiss etməlisən. Unutma, doğulduğunda tərtəmiz idin, saf idin. Yəni ki, cənnət sən idin. Allaha verdiyin sözü sonralar pozdun. Saflığın itdi. Kirləndin. Pozuldun. Özünə qarşı yadlaşdın. Həqiqətə qarşı yadlaşdın. Allaha və əşyaya qarşı yadlaşdın.
Bu yadlaşma səni özünə qarşı davalı birinə çevirdi. Özünlə heç barışıq ola bilmədin. Sənin üçün gələcək narahat, keçmiş hüznlü idi. Əminliyini və azadlığını itirdin.

Bunları itirən qorxunc bir dəyər itkisinə məruz qalar. Etiraf et ki, sən də elə oldun. Dəyərlərin alt-üst oldu. Artıq sənin gözündə dəyərsiz olan qiymətli olanla, alçaq olan uca olanla, keçici olan qalıcı olanla, yalan olan gerçək olanla yer dəyişdirdi. Dünyanı əldə etmək üçün axirəti verdin. Ehtirasına sadiq qalmaq üçün eşqinə xəyanət etdin. İnstinktlərinin doyumsuz selinə qapılıb özünə pislik etdin. Mənliyini razı etmək üçün Allahı narazı etdin.
Bütün bunlardan sonra bir viranə kimi gəlib dayandın Ərafat təpələrinin/mərifət təpələrinin ətəklərində.

Allah da səndən məhz bunu gözləyirdi. Günah işləməməyini deyil, tövbə etməni gözləyirdi. Mükəmməlləşməyini deyil, kamil olmamağını etiraf etməyini gözləyirdi. Ümid kəsməyini deyil, astanasına baş qoyub yaş tökməyini gözləyirdi.

Sözün məğzi, mələkləşməyini deyil, "insan" olmağını gözləyirdi.
Hər şeydən də başqa öz özünlə, yadlaşdığın həqiqətlə yenidən tanış olmağını, fitrətinlə, vicdanınla təkrar görüşməyini gözləyirdi.

Çünki, bura Ərafatdır. Ərafat, tanımaq mənasını verən "mərifət" məsdərindən törədilmiş bir addır. Bildiyin və istifadə etdiyin arif, mərifət, irfan, məşhur eyni mənanı verən sözlərdir. Mərifət, bilməkdən üstün bir şeydir. Hər mərifət bilməyi də ehtiva edir. Mərifət bir şeyin özünü tanımaq, sirrinə çatmaq, əslinə vaqif olmaqdır. Əşyanı və varlığı olduğu kimi qavraya bilməkdir... Məhz budur mərifət. Aləmlərə Rəhmət Həzrəti Məhəmməd, ona görə tez-tez belə dua edərdi:
İlahi! Ərinə'l-əşyaə kəahi!
["Allahım! Mənə əşyanı olduğu kimi, öz həqiqəti ilə göstər!"]
Məhz bu anda üzərində olduğun Ərafat, mərifət yeridir. Adəm, öz həqiqətini, acizliyini, bacarıqsızlığını, hədlərini orada tanıdı. Adəm, Ərafatda adam oldu.

Sən də adəmoğlusan və özünlə tanış olmağa gəldin. Hikmətin ən əskilməz düsturudur: Özünü tanıyan Rəbbini tanıyar. Əgər özünü tanısan, Rəbbini də tanıyacaqsan. Sadəcə Rəbbini deyil əşyanı, insanı, dostu, düşməni, ucanı, alçağı, qalıcını, keçicini tanıyacaqsan.

Özünlə tanış – biliş olmadan nə edə bilərsən ki?
Sərhədlərini, imkanını, imkansızlığını yəni həddini və hüdudunu bilmədən edəcəyin hər işi yüzünə, gözünə bulaşdırmağın qaçınılmazdır.

Tanış oldum dediklərindən illər sonra xəyanət gördüyünü, ürəyinin qəbiristanlığa döndüyünü, ən ağır acıları ən yaxınında olanlardan çəkdiyini söyləyirsənsə, deməli sənin tanımaq və tanış olmaqla əlaqədar ciddi bir problemin var. Bax əsl fürsətdir. İndi "tanımaqla" tanış ola bilərsən. Çünki bu torpaqlar, üzərində dayanan arifə, mədəniyyəti öyrədən mərifət diyarı Ərafatdır.
Ərafat yalnız tanış olma yeri deyil, eyni zamanda həm də görüşmə yeridir: Həvvanızla, Həvvalarınızla. Həvva yalnız bir həyat yoldaşı deyil bir can yoldaşı, bir yol yoldaşı, bir dava qardaşı, bir ürək dostudur. İtirdiyiniz nə qədər ürəyi, – başda öz ürəyiniz olmaqla, – Ərafatda taparsınız. Həvva sizi əhatə edən dostlarınız, mühitinizdir. Mühit; yəni həm cəhənnəminiz, həm cənnətiniz.

‘Vəqfəyə Dayanmaq'
Vəqfə onsuz da "duruş" deməkdir. Bu halda "vəqfəyə dayanmaq" ifadəsi səhv deyilmi? Xeyr, deyil. Əksinə vəqfəyə dayanmaq ifadəsi hadisənin özünə diqqət çəkən çox mənalı bir ifadədir.
Çünki, vəqfəyə dayanmaq, "duruş barəsində düşünmək", "duruş barəsində təfəkkür etmək" deməkdir. Duruş, yəni sizin fərd olaraq duruşunuz, harada durduğunuz, nəyə qarşı durduğunuz, nəyin və kimin yanında durduğunuz, necə durduğunuz, nə üçün durduğunuz?

Vəqfə hər kəsin öz duruşuna nəzarət etməsidir. Əvvəl fərdi və şəxsi duruşuna. İnsan özünə qarşı harada dayanıb? Ürəyinin yanındamı, hisslərinin yanındamı? Ağılının yanındamı, instinktlərinin yanındamı? İmanının yanındamı, şeytanın yanındamı? Fitrətinin yaxınındamı, uzağındamı?

Daha doğrusu həqiqətən bir yerdə dayanırmı? Yoxsa başı boş buraxılmış, istiqamətini itirmiş, sükanı qırılmış, fırtınaya düşmüş bir gəmi kimi, oradan oraya çırpılıb parçalanmağımı gözləyir?
Bir yerdə dayanırsa, nə üçün orada dayanır? Dayandığı yeri özümü seçib, yoxsa kimlərsə təlqin edib? Təsadüfənmi orada dayanıb, şüurlu olaraqmı? Yəni, dayandığı yerə bələddirmi?
Bir də insanın ictimai duruşu var: Başqalarına qarşı duruşu necədir? Yoldaşına, dostuna, ailəsinə, cəmiyyətinə qarşı harada yer alıb? İctimai və siyasi hadisələrdə harada, kimlərə qarşı, kimlərin yanında dayanır?

Məsələn İbrahimlə birlikdə bütə və bütçülərə qarşı dayanıb, ya İbrahimə qarşı bütçülərin yanındamı? Qurandakı ifadəsiylə şeytana qarşı "Allahın hizbiylə"mi dayanıb, ya Allaha qarşı "şeytanın hizbiylə"mi? Zalımların və tağutların safında dayanıb, yoxsa məzlumların və əzilənlərin safında?
Ərafatdakı bu duruş iki yerdə bir də təkrarlanacaq. Biri Məşarilharamın olduğu Müzdəlifədə, digəri Minada. Müzdəlifədəki duruş, Kəbənin ətəklərində Allahın hüzuruna çatmamışdan əvvəlki ikinci təmizlənmə məkanıdır. Mina isə şeytanı instinktlərlə hesablaşıb, Allahın hüzuruna müqavilə yeniləmək üçün tərtəmiz, bağlantısız, qeyd – şərtsiz çatmaq üçün son təmizlənmə yeridir. Ərafatda özünüzlə tanış oldunuz, mərifətə yüksəlib həddinizin arifi oldunuzsa, indi ediləcək yeganə şey qalıb: DUA...
Dua...

Azerislam.com




|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:30
GÜNƏŞ07:59
ZÖHR [ 4 rükət ]13:25
ƏSR [ 4 rükət ]16:23
MƏĞRİB [ 3 rükət ]18:50
İŞA [ 4 rükət ]20:16
GECƏYARI00:40
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka