Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

İHRAM

[ Həcc / 13943 dəfə baxılıb ]   
|
 
Əvvəl "lə" dedin.
"Lə" "yox", "xeyr" deməkdir. Hər lə, bir rədd, bir tərk etmək, bir etirazdır. "Lə" dediyin kimi tərk etməlisən. Hər şeyi amma hər şeyi atmalısan. Anadan doğulduğun kimi soyunduqdan sonra, eynilə qəbrindən qalxıb məhşərə gedən biri kimi kəfənini əyninə geyinməlisən. Paltarın yalnız iki parça tikişsiz, boyasız, bəzəksiz, sadə və ağ bezdən ibarət olmalıdır.
Namaza nisbətlə təkbir gətirmək nədirsə, həccə nisbətlə ihram da odur. Təkbir alan adam, dünyasını əlinin tərsiylə arxasına itələyir. Artıq qarşısında üfüqlər açılmışdır. İhrama girən də dünyasını kürəyindən atıb hüzura iddiasız, rütbəsiz, riyasız varar. Yeganə statusu var: Qulluq.
Dünyanın mərkəzinə, eşqin mərkəzinə ağ göyərçinlər kimi barışı təmsil edərək getməlisən. Aşiqlərin eşqlərini əbədiləşdirdikləri nəzm və nəsrlərin əsas bənzətmələrindən biri də "başı açıq, ayağı yalın" bənzətməsidir. Sən də belə gəlməlisən hüzura. Başında nə şapkan, nə sarığın, nə təkkən, nə kepkan, nə kəfiyən (Daha çox ərəblərin bağladığı və çiyinlərinə qədər sallanan yaylıq) olmalıdır.
Başı açıqlıq da, ayağı yalınlıq da təvazönü, təvazökarlığı, möhtaclığı ifadə edər.
Unutma ki, Musanın girdiyi müqəddəs Tuva Vadisindən daha müqəddəs bir yerə, Həzrəti Adəmin, Həzrəti İbrahimin, Həzrəti Məhəmmədin vadisinə Allahla müqavilə yeniləmək üçün girirsən. Musaya gələn "Ayaqqabılarını çıxar." [20.12] əmrini sən də özünə götürəcək, ayaqqabılarını çıxaracaqsan. Ayaqlarının uzun yürüyüşün yükünü çəkə bilməyəcəyindən narahatsansa yalnız önü və arxası açıq sandalet kimi sadə, amma ayaqyalın simvolunu yox etməyən bir şey geyməyinə icazə var. Corab qəti qadağandır. Mümkün olduqca o torpaqların bədəninlə təmasına mane olmayacaqsan.
Unutma Adəmsən, Hərəmin torpağıyla sənin bədən torpağının arasında həqiqətən də ünsiyyət qurulmalıdır. Ayağını hərəmin torpaqlarına bir torpaq parçası kimi qoymalısan ki, üslub tamamlansın və mübarək bölgənin bərəkətindən bədənin də, ruhun da faydalansın. Mübarək diyarın rəhmət qaynağından ürəyini doldurmağın üçün ayaqlarınla onun arasına izalyator olan maddələr qoymamağa çalışmalısan. Səninlə Hərəm arasında bir tanışlıq olmalıdır. Ərazilərin də bir dili, bir ürəyi və bir yaddaşı olduğunu unutmamalısan.
Öz palçığını mübarək diyarın palçığıyla, xəmirini xəmiriylə, ruhunu ruhuyla, ürəyini ürəyiylə, yaddaşını yaddaşıyla, keçmiş və gələcəyini keçmiş və gələcəyiylə tövhid etməlisən. Bədənə bədənin haqqını, ruha ruhun haqqını, ürəyə və ağla da onların haqqını artıqlaması ilə verməlisən.
İhrama girdin və dünya arxanda qaldı.
Əsla kosmetikadan istifadə etmə. Gün, cəsədi qoruma günü deyil. Gün, maskaların düşüb daxilin üzə vurduğu gündür. Daraq yox. Güzgü yox. Ətir yox. Qayçı yox. Bəsdir, indiyə qədər cəsədinə çox diqqət göstərdin.
İndi içinə dön və ruhunu süslə, onu gözəlləşdir. Bura, zərfə deyil içindəki mesajına, qabığa deyil cövhərə, maskaya deyil üzə baxılan yerdir.
Məhşərdə lovğalanmağın işə yaramaz. Ora "el nə deyər" qayğısının yerini "Allah nə deyər" qayğısının aldığı məqamdır. "Könüllərin özünü bilən"in hüzuruna çıxanın qayğı göstərməli yeri, cəsədi deyil ruhudur.
Məhz onun üçün fikrin saçında, saqqalında olmamalıdır.
Təraş olmaq olmaz.
İhramda ikən saçının tellərinə, bədəninin tüklərinə, dırnaqların da daxil olmaqla bədəninin heç bir yerinə müdaxilə etmək olmaz. O dəftər hələlik bağlandı. Qoxulu sabun və şampun belə istifadə etmək olmaz. Sonra təbiiliyin pozular.
Hanı anadan doğulmuş kimi sıfırdan başlamaq istəyirdin? Onun üçün gəlmişdin bura? O halda, burax bu arzunu yalanlayan bütün şeyləri. Əməlin niyyətini yalanlamasın. Gözəl görünmək üçün cəsədinə edəcəyin hər müdaxilə, hər azaltma və artırma, təbiiləşmə niyyətinə vurulmuş bir zərbə sayılacaq. Fitrətini axtarıb tapmaq üçün çıxdığın yolda səni süniləşdirən, təbiiliyindən uzaqlaşdıran ünsürlərdən uzaq dayanmalısan. Bu, toxunulmazlığı pozmaqdır.
Hər ihlâlin (pozmaq, şikəst etmək, sağlamlığına zərər vermək) bir cəzası olmalıdır və vardır. Qurbandan maliyyə təzminata qədər dəyişən bu cəzaları mütləq yerində və zamanında ödəməlisən. Əgər belə etsən, qısa bir zaman çərçivəsində belə intizamlı yaşamaq mövzusunda nə cür bacarıqsız və aciz olduğunu dərk edəcəksən. Onsuz da ihramın qadağan etdiklərinin məqsədi də sənə Allah qarşısındakı acizliyini və bacarıqsızlığını göstərmək deyilmi?
Bax, ey adəmoğlu!
Sayılı bir neçə gün belə qüsursuz və cinayətsiz bir yürüyüşü bacarmadın. Bax, sən busan. Buna baxmayaraq, Allaha qarşı müstağni (minnətsiz, ehtiyacı olmayan, möhtac olmayan) rəftarına nə deməli?
O halda gəl, acizliyini etiraf et və özünü bil. Boynunu bük, əlini aç və yalvar Ona.
Fərdi məhşərini yaşamaq üçün kəfənin simvolu olan ihrama girərkən cinsi arzularını və şəhvətinin bütün təhrikedici duyğularını əlinin arxası ilə itələməlisən. Sən adəmoğlu, atan Adəmin cənnətdən qovulunca ilk fərq etdiyi şeyin cinsəllik olduğunu unutmamalısan. Məhşərdə eşqbazlıq etmək olmaz. Ruhun, sevgilisinə qovuşmaq üçün çıxdığı yolda, bədənsəl sevişmənin və vücudi həzzin yeri yoxdur. Sən kainatın sirrinə çatmaq üçün vücudi həzzlərdən imtina edən Allah yolçusu, ruhun məhəbbəti ilə üfüqlərə uçmaq var ikən, bədənin eşqiylə əylənə bilməzsən.
Vərdişlərini yandır ki, kainatın sirrinə çatasan.
Cəsədini aş ki, özünü tapasan.
Məşuquna çatmaq üçün çırpınan ruhunun qanadlarından yapış ki, yola başlayasan.
Cəsəd torpaq kimidir. Torpaq qalındır, qatıdır, örtəndir. Sabitliyi və kəsafəti təmsil edər. Ruh işıq kimidir. İşıq, torpağın əksinə lətifdir, nüfuzedicidir, aydınladıcıdır. Hərəkəti və şəffaflığı təmsil edər. Cəsədinə yapışsan işıq sürətinə çata bilməzsən. Qaldı ki, nurun sürətinin yanında işıq sürəti, işıq sürətinin yanında tısbağa sürətinə bənzəyər.

Səfərdən əvvəl haramlardan imtina etmişdin. Müqəddəs yola çıxdın, indi bir həmlə də edib mübahlardan (şəriətlə qadağan olunmayan; icazə verilən; olunub olunmaması istəyə bağlı olan şeylər) da keçərək Allaha olan məhəbbətini, bağlılığını və təslimiyyətini sınamalısan. Eynilə "Allah bizə haramları qadağan etdi, biz Onun mübahlarından da keçdik" deyən Həzrəti Əli kimi.
Allahın buyurduğu kimi: "Həccdə rafəs yox, fusuq yox, cidal yox" [2. 197]

"Rafəs" şəhvət gücünə,
"Fusuq" digər bütün mənfiliklərə,
"Cidal" dava və mübahisəyə işarədir. Bu üçü tam bir ruh intizamına diqqət çəkər. Bu intizamın məqsədi insanı azadlığının zirvəsinə daşımaqdır. Onu şəhvətinin, daxili istəklərinin, təhrikedici mənliyinin zəncirlərindən azad edib məkanın bitdiyi məkanlara və zamanın bitdiyi zamanlara uçurtmaqdır.
Bu üç xəbərdarlıq lövhəsi, iradənin imtahanıdır. İnsanı əhsəni təqvim qılan, mələkləri Adəmin qarşısında yerlərə əyən iradədir. Bir şey nə qədər qiymətli olsa, bədəli də o qədər ağır olar.
İradənin imtahanında şəhvət birinci, hədlərə riayət ikinci, mübahisə və dava üçüncü mərhələdir.
Bu üçüncü mərhələ çox əhəmiyyətlidir. Cidal, ümumiyyətlə haqsız deyil, haqlı olduğunuz hallarda başqaları ilə girdiyiniz mübahisə, çəkişmə, polemika və döyüşdür.
Həcc, insanın özü ilə barışma əməliyyatıdır. Özü ilə barışıq olan şəxsin inanc çevrəsi ilə qarşıdurma və dava içində olması necə xoş qarşılana bilər? Özü ilə davalı olanlar inanc çevrələri ilə dava edərlər. Çünki, daxilindəki mübarizə, daxili halın üzə çıxıb, maskaların düşdüyü bu məşhər məşqində üzə vurur. Onu hər kəsə və hər şeyə qızarkən, davamlı başqalarıyla məşğul olarkən görərsiniz. Əslində o içindəki mübarizəni çölə çıxartmaqa və maskasının arxasında gizlənib öz – özü ilə üzləşmək istəməməkdədir. Buna görə də gözü həmişə başqalarındadır. Gözünü könülünə bir dəfə çevirsə, acı həqiqəti dərk edəcək, bu idrak isə bəlkə də bir təmizlənməyə vəsilə olacaq, amma...
Cidal yox, qiyam var:
Cəalallahu'l-Ka'bətə'l-Beytə'l-Haramə qiyamən linnas. [Maidə 97]
["Allah, Beytü'l-Haram olan Kəbəni insanlıq üçün bir qiyam [yeri] etdi."]


Qiyama qalxanlar, cidala vaxt tapa bilərlərmi?
Düşmənləriylə savaşanlar dostları ilə dalaşa bilərlərmi?
Dostları ilə dalaşanlarsa, düşmənləriylə savaşa bilərlərmi?
Cidal dostlarla dalaşmaq, qiyam düşmənlə savaşmaqdır.


Azerislam.com




|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:30
GÜNƏŞ07:59
ZÖHR [ 4 rükət ]13:25
ƏSR [ 4 rükət ]16:23
MƏĞRİB [ 3 rükət ]18:50
İŞA [ 4 rükət ]20:16
GECƏYARI00:40
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka