Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

AÇAR - II YAZI

[ Müxtəlif / 7291 dəfə baxılıb ]   
|
 
Bismillahir-Rahmənir Rahim. Mərhəmətli, Rəhmli Allahın adı ilə! Həmd olsun Allaha –aləmlərin Rəbbinə. Mərhəmətli, Rəhmli olana. Din gününün sahibinə. Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən Yardım diləyirik. Bizi doğru yola yönəlt. Nemət verdiyin kəslərin yoluna ! Qəzəbə düçar olmuşların və azmışların yox.

Ağırlığı Quran qədər və hər müsəlmanın hər namazda, hər qiraətdə, hər qiyamda daim oxuduğu açar - Fatihə.
Allahım, aç beynimizi, qəlbimizi. Təmizlə bizi ki, Fatihəni öyrənə bilək. Öyrət bizə Fatihəni. Nədir bu açar? Sən dilədiyinə elmindən pay verirsən. Bizə də elm nurundan pay ayır.
Yeri qoruyan 7 qatdan ibarət səma. Həyatın başlanğıcı üçün lazım olan qoruyucu təbəqəmiz 7 qatdan ibarətdir. İnsanı dünyada qoruyan Quran 7 ayə ilə başlayır. 7 rəng, 7 not.

Xilaskar səma, xilaskar Fatihə açarı. Qoruyucu səma, qoruyucu Fatihə. Yerə mavi dünya statusunu verən səma, İnsana müsəlman adını verən Fatihə. Yerdə həyatın mövcudluğunu təmin edən səma, İnsana əbədi həyat qazandıran Fatihə. Fatihə Şəfa Quranın Tacıdır. Demək, Fatihə də şəfalar şəfasıdır. Ruhun və cismin. Görünən və görünməyən qoruyucudur Fatihə...

Rəbbimizin adları Onu tanımağa bir vasitədir. Fatihənin də adları vardır. Əl-həmd; Ümmul –Kitab-Kitabın anası; Ümmül – Quran - Quranın Anası, Əl-Vafiyə - Mükəmməl; Əl-Kafıyə - Kifayət olan; Əl-Kənz - Xəzinə; Sebul – Mesani - Yeddi ayə, davamlı təkrarlanan yeddi ayə; Əs-Salah - Namaz surəsi. Müəllimimiz olan Allah rəsulu Muhamməd belə öyrətmişdir: Fatihəni oxumayan birinin namazı olmaz. Beləliklə, Mömin hər namaz duasında Fatihə kimi əzəmətli yeddi ayə olan açarla Yaradanının qarşısına çıxır. Fatihəsiz təslimiyyətı anlatmaq mümkün deyil. Çünki, Fatihə qula tanıdığı birinin qarşısında səcdə etdiyini anladır.

Fatihə - şükürdür. Şükür verilən nemətlər qarşısında o nemətləri verəni tərif etməkdir. Fatihə -duadır. Fatihə- şəfadır. Fatihə dua etməyi öyrədəndir. Fatihə duanın formulasıdır. Fatihə dua əxlaqını öyrədən formuladır.

Bir anlığa məktəbə getdiyiniz ilk günü salın yadınıza. Tanış olmayan məkan, tanış olmayan öyrədən, tərbiyə edən. İndi isə gəlin dünyamızla bir analogiya aparaq. Düşünək, Allahın hər hadisənin arxasında ibrət qoyduğunu bilərək, birinci sinfimizdən ibrətlər götürək, daha doğrusu dünya məktəbi ilə bir analogiya aparaq. Sinfə daxil olan Öyrədən əvvəl özünü tanıdır. Ona müəlimə, siz deyə müraciət edəcəyimizi bildirir, yəni ona müraciət qaydalarını öyrədir. Sonra özünü tanıdır. Sonra bizlərə həyatda nə lazım olacağını anladır, bu səbəbdən də bizə özümüzü sinifdə necə aparacağımızı öyrədir, daim bizi inkişafa aparan nəsihətlər verir. Onunla düzgün ünsiyyət qura bilməyənləri, tələblərinə cavab verə bilməyənləri isə nələr gözləyəcəyi ilə qorxudur. Hər kəs müəllimin sevgisinə nail olmağa cəhd edir. Öyrədənin gözəl əxlaqından, öyrətdiklərindən ibrət götürənlər gözəl insanlara çevrilirlər. Bünövrəsi gözəl qoyulan, müəlliminə bənzəmək istəyən şagirdlərin gözəl gələcəyi artıq göz qabağında olur.

Biz də bu həyata, səbəbi imtahan, nəticəsi layiqli qiymət olan dünya adlı məkana qədəm qoyandan Alim Rəbbimiz bizlərə dərslər keçir. Rəbb öncə öyrədir, sonra imtahan edir. Adil Allah öyrətmədiyindən imtahan etməz. Bu səbəbdən də dərslərdə, oxu zamanı ayıq olmaq, ağıl, təfəkkür işlətmək tələb olunur. Dərslərdə, oxumağımızda müvəffəq ola bilməyimiz üçün bizə kitablar da paylamışdır. Kitab verdi ki, dərsə hazır deyiləm, bilmədim deyərək imtahandan kəsilməyək. İbtidai sinif müəllimi kimi, ibtidai insanlara belə dərs keçilir; Mənim adım Rəhman və Rəhimdir. Sinfinizi səhv salmayın. Və hər zaman belə deyin. Başlayıram ismilə Allahın, Rəhman və Rəhim olanın. Rəbb öyrədir, Allah (c.c) ismi adların ən xeyrlisidir. Bismillahir-Rahmənir-Rahim.

Allahım, bilirəm bu sözlərdəki mənaları dərk etsəm onlar haqda saatlarla da danışsam yenə bitməz. Sənin sevgi məktəbinin əlaçı məzunu olan İmam Əli bizə belə öyrətmişdir: “Bircə bismillahdakı “bə” sözünə 70 dəvə kitab yükləsəm yenə bitməz”
Allahım, Biz aciz qulların sadəcə cəhd edirik. Cəhd edirik sevgi məktəbinin sevgi toxumlarını səpələməyə.

Onun adı ilə başlamaq. Hər yerdə Onun adından istifadə etmək. Hər yerdə Ona yaxın olduğunuzla fəxr etmək. O Allahdır. Hər şeyi yaradandır, hər yaradılmışın sahibidir, idarə edəndir, yönləndirəndir, əmrində hər zaman hazır olan mələklər ordusu xidmətdədir. İstədiyiniz, dilədiyiniz, görmədiyiniz, bildiyiniz, bilmədiyiniz, eşitdiyiniz, eşidə bilmədiyiniz Onundur. Allaha məxsusdur bütün varlıq aləmi, bütün külli aləm, bütün mülk. Onun olan hər şeyə Allahın adı yaxınlaşır, Allahın adı ilə istəyirsiniz. Ona tabe olan qapılar, Allahın adı ilə gələnə açılmazmı? Atomlar Allahın əmrinə tabe, Günəş Allahın əmrinə tabe, dünya və üzərindəkilər Onun əmrinə tabe, təslim. Yalnız insanların bəzilərindən başqa, amma, onlar da dərk etmirlər ki, özləri də mülk sahibinin bir mülküdürlər. Hətta kölgələri belə onları Yaradan Allaha təslimiyyətdadır. Necəmi? Kifayətdir ki, görsün, oxusun, düşünsün. Düşünək, nədir kölgə. Kölgə necə yaranır? İşıq olmazsa kölgə əks olunmaz. Kölgə işığın arxasilə sürünür. İşığın həcmindən asılı olaraq həcmi dəyişir. Uzanır, yaxud qısalır. Demək, işığın var olmasilə kölgə əmələ gəlir. İşığın kölgəsi olar. Nədir işıq? Nur... Nur işıqdır. Ruhlar nurdan yaranmışlar. Sonra yerdə yaşamaq üçün işıqdan yaranan ruhlar cism adlanan dünya geyiminə bürünmüşlər. Beləliklə, cism nurun kölgəsinə çevrilir. Nur dünyada var oduqca kölgəsi də arxasınca sürünür. Zəif ruhların zəif də kölgələri olur. Hər şey cüt yaranmışdır: ağ - qara, nur - zülmət, ruh - cism, işıq - kölgə...

“Göylərdə və yerdə kim varsa, kölgələri də səhər-axşam, istər-istəməz Allaha səcdə edər!” ( ər-Rad, 15)

Ey Yaradan və həyat verənin qarşında təslim olmayan insan, sən istəsən də, istəməsən də sənin cismin, hüceyrələrin, dərin, bədən üzvlərin həyat verən Allahın əmrinə tabedir. Elə isə öz cisminə zərər vermə. Allahın əmrinə təslim olan hər şey, hər hüceyrə, hər atom Onun razı olduğu şəkildə yaşayır. Hər hüceyrən Allahın mülkündə bir mülkdür. Mədən Həyat verən Allaha təslim olaraq Onun buyurduğu şəkildə fəaliyyətdədir. Yaradanın haram buyurduğu hər hansı şeyə əks reaksiya verir, elə isə xəstəliklərin mənbəyini özündə axtar. Bəs qulaqların? Yaradan və fəaliyyət yolunu göstərən Allahın əmrinə təslim deyilmi qulaqlarınız? Yaradanının qəzəbinə gələn səsləri, sözləri, qiybətləri eşitdirdiyiniz üçün təslim olan qulaqlar sizdən Yaradana şikayət etməyəcəkmi? Bilin, xeyiri, gözəlliyi eşitmək qulaqlarınızın haqqı və duasıdır. Gözəlliyi görüb Onu Yaradana şükr etmək üçün verilən gözlər. Nədən, müəllimimiz onları zinadan qorumağı dönə-dönə tapşırırdı. Eybəcərliklərə tamaşa etmək gözün Nurunu almırmı? Sizə xidmət üçün verilmiş Müsəlman bədən üzvlərinizin haqqına girərək, nankorluq etməyin. Yaradana təslim olan, onun qoyduğu qanunlara uyğun şəkildə itaət edən üzvlərinizi Yaradanın əmrinə tabe olmaqla sevindirin. Unutmayaq, xidmətimizə verilmiş hər bir nemət Allaha yaxınlaşmaq üçün bir vasitədir. Hər bir halda hər bir işinizi Rəhman və Rəhim Allahın adı ilə başlayaraq bütün yaradılmışları sevındirin. Təbii ki, sənin Allahdan uzaq düşməyini istəyən düşməndən başqa hər kəs sevinəcək. Düşmən sənin silahlarından xəbərsiz olmanı istəyir. Elə isə bil, sənin silahın dua... Dua-nurdur, Fatihə də duadır. Fatihə-nurdur. Bir gün müəllimimiz Allah həbibi Muhamməd (sas) Vəhy mələyi Cəbrayıl (ə.s) birlikdə oturduqları zaman yuxarıdan bir qıcırtı eşidir. Vəhy mələyi Cəbrayıl (ə.s) başını yuxarıya tərəf qaldırdı və belə dedi: “Bu, bu gün göydə açılan qapıdır. Bu qapı bu günə qədər heç açılmamışdı. O qapıdan bir mələk endi. Bu mələk yer üzünə enən bir mələkdir. Bu günə qədər heç enməmişdi. Mələk salam verdi və belə dedi: Səndən öncə heç bir peyğəmbərə verilməyən və sadəcə sənə verilən bu iki nur səbəbilə sənə müjdələr olsun. Bunlar Fatihə Kitabı və Bəqərə surəsinin sonudur. Bunlardan oxuduğun hər hərfin qarşılığı sənə veriləcəkdir”.

Allahım, əfv et bizi. Nə böyük şərəf, nə böyük lütf. Həmd olsun Sənə. Bizi verdiyin nemətlərə layiq et, bizi Özünə, Kəlamlarına, Əşrəf adına layiq et. Allahım, Sənə- Sənin kimi Gözəl Rəbbə layiq olmaq istəyirik. Dualarımızı qəbul eylə...
Bizə oxumaqda yardımçı olan Sevgili müəllimimiz Allah Rəsulu Bizə belə öyrətmişdir: “Allah - təala buyurdu ki, Mən mənimlə qulum arasında namazı (yəni duanı, yəni-Fatihəni) iki yərə böldüm. Qulum nə dilərsə ona verilir. Qul, Aləmlərin Rəbbinə həmd olsun deyincə, Allah təala Qulum məni tərif etdi deyər. Qul, Rəhman və Rəhim dediyi zaman Allah təala” Qulum məni tərif etdi” deyər. Qul, Din gününün sahibi dediyi zaman Qulum məni ucaltdı, deyər.

Qulum işləri mənə təslim etdi, o məni tanıyır. Qul: “Biz yalnız Sənə ibadət edir, yalnız Səndən yardım diləyirik“ dediyi zaman bu mənimlə qulum arasında bir məsələdir. Ona dilədiyi veriləcək. Qul ”Bizi doğru yola yönəlt, Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və azmışların yox.” Deyincə, Allah “Bu quluma aid bir məsələdir. Qulumun istədiyi ona verildi” - deyər.

Tərtib etdi: Yeganə Mirzəyeva / Azerislam.com



Azerislam.com
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:25
GÜNƏŞ07:54
ZÖHR [ 4 rükət ]13:26
ƏSR [ 4 rükət ]16:29
MƏĞRİB [ 3 rükət ]18:57
İŞA [ 4 rükət ]20:22
GECƏYARI00:41
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka