Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

AÇAR

[ Müxtəlif / 10427 dəfə baxılıb ]   
|
 
“Biz sənə təkrarlanan yeddi ayəni və əzəmətli Quranı verdik” (əl-Hicr, 87)

O hansı yeddi ayədir ki, Yaradan, tərbiyə edən Rəbb onu Əzəmətli Qurana, Şəfa Qurana, Nur, Hidayət qaynağı olan Qurana bərabər tutmuş, öncə Onun adını sonra Quranın adını çəkmiş. Yeddi ayə, Yeddi yol göstərən, Yaradan ona Fatihə demişdir. O, Fatihə Ümmul Kitabdır, Kitabların Anasıdır. Demək, Quranın şəfa, hidayət, nur ayələri Ümmul Kitab olan Fatihənin övladlarıdır. Hər övlad Anasından xəbər verir. Fatihə Açan anlamını da verir. Açandırsa demək açardır. Fatihə açardır. Hansı qapını açaraq yol göstərir Fatihə. Bağlı qapıları açmaq üçün açarı və qapıları tapmaq lazımdır. Yaradan açarı bizə verdi. Yaradan verdisə demək Bəşər övladından xoşbəxtliyə, işığa çağıran bir qapını açmağı istəyir. Hər şeyə Qadir Allah Yaratdığı əşrəf insana burada da seçim verib. Öz yolunu seçmək sənin əlindədir.

Nağıllar həyatdan götürülmüşdür. Həyat olmazsa, nağıllar da yaranmazdı. Hər nağılda bir hikmət gizlənir. Nağıllar nənələrimizin, kim bilir bəlkə də Həvva Anamızın Atalarmıza verdiyi tərbiyə zamanı ta körpəlikdən haqqı anlatmağa cəhdinin bir meyvəsidir. Nənələr övladlarına işıqlı gələcək diləyirlər. Və beləliklə, insanın qarşısında hər həyat halında seçim olduğundan xəbər verirlər. Ağ dünyaya aparan yol və qaranlığa aparan yol. Amma, ağ dünyaya gedən yolda, əjdahalar, tələlər vardır, sənə gözəl görünən, istəklərini, nəfsini təmin edən hiylələr səni gözləməkdədir. Ağ yola aparan yol tikanlardan keçir. (Bəlkə də hər tikan bir qızılgüldən xəbər verir). Aman tikanlara ilişmə, əhəmiyyət vermə, döz, səbr et, güclü ol, bütün çətinliklərin əvəzində səni ağlasığmaz böyük mükafatlar gözləyir. İşıqlı dünya, nurlu aləm özü bir mükafatdır. Amma, bu yolda büdrəməməyin üçün sənə böyük və güclü silah veriləcək. Hər çətinlik anında silahından istifadə etməyi unutma. O silaha əlini atan kimi bütün mənfiliklər səndən qorxaraq geri çəkiləcəklər və Sənin hər zaman sənə yardım edən Dostunun olduğunu görəcəklər. Əgər sən də silahı əlindən yerə qoymasan Dostunun hər zaman yanında olduğunu bütün halınla duyacaqsan, Dostun Sənə bir də Ən böyük Açar verir. Bax, unutma, çünki, Dostun unutqanları sevmir. Unutma, əlindəki Açar həm bütün müşkül qapıları açır, həm də dostunu çağırmaq üçün ən böyük əlaqədir. Açarını itirmə... Yatanda belə Onunla yat, oyananda belə onunla oyan. Dostuna güvən, səbr, şükr, zikr silahlarını bir anlığa da olsa özündən ayırma, yoxsa düşmənlər o anda ətrafını sarar, silahların olmadan da asanlıqla onların tələsinə düşərsən. Və Dostundan uzaqlaşaraq, qaranlıqlara qərq olarsan. Amma, yenə unutma, nə səhv, günah etmiş belə olsan Dostunu çağıran kimi O, sənə yardıma hazır olacaq. Kifayətdir ki, sən hər zaman ona səslən. Əks halda, məğlub olarsan. Bax, övladım, dünyanın şirinliyinə uyub işıqlı dünyaya səyahətdən vaz keçmə. Yoxsa, düşmənlərə məğlub olub əbədi əziyyət, mərhumiyyət, qaranlıq içində çabalayarsan. Bil, hər parıldayan, qızıl deyil. Hər zahiri gözəllik batini gözəllikdən xəbər vermir. İşıqlı yola gedə bilmək üçün qarşına çıxan dünya isə sıfır, içi boş sıfır halında olsa da üzəri süslənmişdir. Bu dünyanın tələsidir. Gördüyün hər bir şey işıqlı dünyanın bir maketidir. Həqiqiləri isə yolu imtahanlardan keçən işıqlı dünyadadır. Bir bax, kiçicik insanlar dünyaya gəldikləri zaman ovuclarını açmırlar, sanki, hər şey mənimdir, hər şeyi tutmağa cəhd edirlər. Amma, köç zamanı əlləri açıq gedirlər, sanki “ bir şey apara bilmədim ”ə bir işarədir bu. Bu dünyanın bər-bəzəyinə uyma, onlar imtahan vəsaitləri olduğu səbəbilə bu dünyda qalırlar. İmtahan otağından qiymətdən və bilikdən başqa bir şey apara bilmirlər. Hər imtahan sonunda isə “kaş ki, daha çox çalışaydım deyə fəqan qoparırlar”

Nağıllar Həvva Anamızdan bizə gəlib. O gözəllikləri görmüşdü. Oranı itirməyə bərabər olan bir şeyi də bilmirdi. Bu səbəbdən də bütün vasitələrlə, tərbiyə yolları ilə Dostun razı qalacağı şəkildə ta bətnlərdə olan zamandan övlad tərbiyəsinə can atır, beşıkdən qəbrə qədər öyrənməyi istəyirdi övladlarından. Bilirdi ki, valideynlərin qəbrinə nur göndərməyən övladlar xeyirsiz övladlardır. Övladlarının övladalarının da xeyirli olması üçün beşikdən başlayaraq nağıllarla, hər bir yollarla Dostu, Rəhman, Rəhim Allahı tanıtmağa can atırdı: “Övladım, bir açar vardır ki, işıqlı dünyaya gedə bilmək üçün onun bütün dilimlərini oxuyub öyrənməli, dərk etməlisən, bu adi açar deyil. Bu açar Ona tərəf cəhd atana açır öz sirlərini. Onun bircəcik dilimi yerinə düşməsə qapılar açılmayacaq. Əlində, qəlbində, hər halında Fatihə açarı səninlədirsə sən cox güclüsən demək. Fatihəni öyrən, o sənin üçün bir nemətdir. Quran isə işıqlı dünyaya aparan yolda azmamağın üçün bir xəritədir. Açarı dərk etməsən Xəritəni də oxuya bilməzsən. Xəritə isə sənə bütün tələləri, nəfs, şeytan kimi düşmənləri tanıdır, İşıqlı yolu və Onun Sahibini öyrədir. Yalnız əyləncədən ibarət olan, sonu bir boşluq olan dünya adlı yolda xəritəsiz yürüyə bilməzsən. Xəritəni yolun başında öyrənmək lazımdır. Düşmənlər Sənin Xəritəndən və Açarından ayrı düşməyini hər saniyə gözləyirlər. Sənə yol göstərən Xəritən Ondan nə qədər yararlandığın üçün işıqlı dünyada səni sevəcək və yenə də daha –daha üstün gözəlliyə çata bilməyin üçün vasitə olacaq. Övladım, əgər tikanlardan ibarət olan dünya həyatının imtahanlarından yorulsan, silahlarını yerə qoysan demə ki, bu insanın gücü çatacaq iş deyil, mən adi insanam, mənə çox çətindir. O halda tez bu yolda yürüyən qəhrəmanları sal yadına. Onlardan öyrən, nümunə götür. İşıqlı dünyaya gedə bilən Qəhrəmanlar Dostunun dostlarıdır. Dosta olan sevgi onlara hər çətinlikdə qüvvət olmuş. Sevgidən qidalanaraq qaranlıq dünyada da sevgi toxumları atmışlar. Onlardan hər zaman nümunə götür, Xəritən örnək və ibrət məqamlarını da sənə göstərməktədir. Nümunələrdən ən şərəflisinin adı Muhamməd olacaq.

Muhamməd nümunədir. Dostunun sevgili və sevimli quludur. Muhamməd qəhrəmandır. O, sevgi paylayandır, dağıdandır. Demək, əgər sən də güclü olmaq istəyirsənsə sevgi qaynağından qidalanaraq hər kəsə sevgi dağıtmalısan. Payladığın sevgi toxumıları cücərərək. Sənə yardım edəcək. Dualar, nur şəklində. Çünki Nur dünyanın silahları da nurdandır. Hər tərəfə nur dağıt, nur payla. Fədakarlıq. Bu da bir silahdır. Fədakar ol, yardımda. Hər darda olan birinə yardım etsən bunlar özləri bir zaman sənin yardımçına, qalxanına çevriləcəklər. Bil yardım üçün yoluna çıxanlar da bir imtahandır. Sənin nə qədər yardımsevər, Dost üçün fədakar olduğun aydınlanacaq. Bunlar sənin Quran adlı Xəritəndə göstərilmişdir. Hər yardımın yüzlərlə böyüyərək sənə bir silaha, qoruyucuya çevriləcək... Həvva övladlarına ibrətlərdən, nəsihətlərdən ibarət olan inci nağılları belə öyrədirdi:

BiR vardır, Bir yoxdur, Allahdan başqa heç bir şey yoxdur. Heç kimsə yoxdur.
Həvva Övladlrına salam öyrədirdi. Ataları Adəmin nəsihətlərinə, Anaları Həvvanın öyüdlərinə diqqət verən, valideynləri üçün bir nur mənbəyinə çevrilən övladlar Açarı əllərində möhkəm tutaraq, açarı itirənlərə yardımdadırlar hər zaman.

əl - Fatihə

Bismillahir - Rahmənir Rahim. Mərhəmətli, Rəhimli Allahın adı ilə! Həmd olsun Allaha – aləmlərin Rəbbinə. Mərhəmətli, Rəhmli olana. Din gününün Sahibinə. Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən Yardım diləyirik. Bizi doğru yola yönəlt. Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və azmışların yox.

Allahım, Sən bizim Dostumuzsan. Aç bizə Fatihəni. Titrət qəlblərimizi Sənin adın çəkiləndə. Sıfra bərabər olan dünya adlı yolda tut əlimizdən. Öyrət, oxut, yaşat bizə Fatihənin hər dilimini. Sən etdirməsən edə bilmərik. Qəhrəmanımızın, Nurumuzun arxasınca getməyə yardım et... Ya Rəbbim, Qəhrəmanımızı bizə tanıt. Bizə də qəhrəmanlıq öyrət.
Ey Adəm övladı, ey xeyirlərdə yarışanlar, ey qəhrəmanlığa can atanlar, Dostumuz, Xəritəmiz olan Quranda bizə işıqlı və qaranlıq dünyanı belə tanıdır. Gəlin birlikdə, Allahın ipinə sarılaq. Tək əldən səs çıxmaz. Aramızda təmbəllərə də yer yoxdur. Geriyə baxanlara da yer yoxdur. Dinlə, Quranı dinlə. Dinlə, Dostunu dinlə.

“Biz bu axirət yurdunu yer üzündə təkəbbürlük etməyənlərə qismət edirik. Aqibət ancaq Allahdan qorxub pis əməllərdən çəkinənlərindir. Hər kəs yaxşı əməllə gəlsə, ona bundan daha yaxşısı verilər. Hər kəs pis əməllə gəlsə, pis əməllər edənlərə ancaq əməllərinin cəzası verilər!. . Quranı sənə vacib buyuran qayıdacağın yerə səni yenə də qaytaracaqdır. De: “Rəbbim hidayətlə gələni də, haqq yoldan açıq-aşkar azanı da yaxşı tanıyır!” Sən Quranın sənin özünə nazil olacağına ümid etmirdin.Ancaq o, Rəbbindən bir mərhəmət olaraq sənə göndərildi. Buna görə də heç vaxt kafirlərə arxa olma! Allahın ayələri sənə nazil edildikdən sonra ehtiyatlı ol ki, səni çəkindirə bilməsinlər. Rəbbinə dəvət et və əsla müşriklərdən olma. Və Allahla yanaşı başqa heç bir tanrıya ibadət etmə. Allahdan başqa heç bir tanrı yoxdur. Allahdan başqa hər şey məhvə məhkumdur. Hökm Onundur. Siz məhz Onun Hüzuruna qaytarılacaqsınız! ...”( Qəsəs, 83-88)

Ey bacım, qardaşım, Onun Hüzuruna aparan yola işıq salan Quran Fatihə kimi açarla başlayır... Dualar günü, dualar zamanı, duaların qəbul olduğu hər zaman anında gəlin birlikdə əllərimizi açaq, Rəbbimizə yönələk və dua edərək yalvaraq...

Rəhman və Rəhim Allahım, Sənin adınla başlayırıq. Hər işimizə Sənin adınla başlayırıq. Allahım, Sənin adınla razı olmadığın bir işi etmərik. Ona görə də Sənin Adınla, yalnız Sənin razı qaldığın işləri başlayırıq. Allahım, Sən Mucibsən, duaları qəbul edənsən. Öndərimiz olan sevgili qulun Muhammədə, Onun Ailəsinə, sevdiklərinə, dostlarına salam olsun. Bütün peyğəmbərlərə salam olsun. Səni sevən hər bir yaradılmışa salam olsun. Əs –Səlama təslim olan hər kəsə salam olsun. Allahım, həmd olsun Sənə. İnsanı varlığına şahid tutan Allaha həmd olsun. Həmd olsun Sənə ki, Uca Varlığına şahid olmağı bizə nəsib etdin. İnsan Allah deyər də titrəməzmi?!

Allahım, Adın çəkiləndə titrəməyi öyrət bizə. Allahım, Fatihəni öyrət bizə. Oxu deyə əmr etdin, ya Rəbb. Əmrinə təslim olmağı öyrət. Hidayət nurunu doldur qəlbimizə. Fatihəni yaşat bizə. Titrət bizi Fatihə kimi açarımızla. Öyrət bizə Fatihəni. Allahım, bu mübarək gündə, Bütün adlarınla yalvarırıq oxut, öyrət, yaşat bizi Fatihə ilə. Nur bəxş edən Allahım, həmd olsun Sənə. Sonsuz təriflər Sənə məxsusdur. Sevdiyin qulunla bizi görüşdür. Ona salam olsun. Salam olsun Peyğəmbərlərə, Salam olsun üzərimizə, Salam olsun Səni sevənlərə, Salam olsun müsəlmanlara, Salam olsun Allahı tanıdan və O-nun varlığına şahid olan alimlərə. Salam olsun Azərbaycanımıza. Salam olsun dünyamıza, Salam olsun kainatımıza.

Amin, Amin, Amin.

Tərtib etdi: Yeganə Mirzəyeva / Azerislam.com



Azerislam.com
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:30
GÜNƏŞ07:59
ZÖHR [ 4 rükət ]13:25
ƏSR [ 4 rükət ]16:23
MƏĞRİB [ 3 rükət ]18:50
İŞA [ 4 rükət ]20:16
GECƏYARI00:40
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka