Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

ÜMMƏT ŞÜURU

[ Aktual / 11379 dəfə baxılıb ]   
|
 
İrqindən, millətindən, xalqından, ölkəsindən, dilindən və rəngindən asılı olmayaraq İslamı qəbul edən hər bir kəs İslam ümmətinə daxil olur və bu ümmətin bir parçası hesab edilir. İslamı qəbul edən xalqlar və topluluqlar İslam ümmətini meydana gətirir və istər kütləvi şəkildə olsun, istərsə də fərdi şəkildə bu ümmətə mənsub olmağın şüurunu və məsuliyyətini daşıyır. Biz müsəlmanlara, İslam ümmətinə bu şüuru və məsuliyyəti uca yaradıcımız Allah-Təala Qurani-Kərimdə belə bildirir: «(Ey müsəlmanlar!) Beləliklə də, sizi (ədalətli və seçilmiş) bir ümmət etdik ki, insanların əməllərinə şahid olasınız, Peyğəmbər də sizə şahid olsun.»

Bu ayə bizə son haqq din olan İslam dininə mənsub olmağımızla bərabər ədalətli və seçilmiş bir ümmət olduğumuzu bildirir. Bir başqa ayədə isə Allah bizə seçilmiş ən xeyirli, ən yaxşı ümmət olduğumuzu bildirərək bu ümməti rəhbər, xeyirxah iş görən, pis əməllərdən çəkindirən vəzifələrlə zikr edərək belə buyurur: «(Ey müsəlmanlar!) Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz (onlara) yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha inanırsınız.».
Bu ayələr bizə son dinin və (lə nəbiyyə badi deyən) son peyğəmbərin ümmətinə, İslam ümmətinə tövhid əqidəsini rəhbər tutaraq bütün bəşəriyyətə haqqı təbliğ etmək, əxlaqa nəzarət etmək, xeyirxah iş görmək, zülmün qarşısını almaq, yamanlıqdan çəkinmək, qiyamət günü sayılacaq bu günahlardan narahat оlmaq kimi vacib əməlləri yerinə yetirməyin məsuliyyətini daşımaq öhdəliyini verir.

Eyni zamanda, İslamın həqiqətlərini, imanı, ihsanı, gözəl əxlaqı, ədaləti, sülhü, barışı, əmin-amanlığı və tolerantlığı təbliğ etmək səviyyəsində və şüurunda olan, əxlaq və davranışlarda fərdlərə və millətlərə yol göstərə bilən və onlara nümunə olan bir ümmət olma xüsusiyyətini və məsuliyyətini yükləyir. Ümmət olma şüurunu dərindən qavrayan, məsuliyyət və tövsiyə şüurunu ruhuna çökdürən, başa düşən və bunu həyatlarında tətbiq edən əcdadımız, Rəsulullah (s.a.s.) dövründən başlayaraq uzun müddət birlik və bərabərlik içində, İslam vəhdətini əsas götürərək, əl birliyiylə, çiyin-çiyinə bəşəriyyətə böyük töhfələr vermişlər.

Ən ülvi və humanist dəyərləri, insanlığa haqqı, ədaləti, irfanı, əxlaqı və elmi öyrətmiş və İslamı apara biləcəkləri yerlərə qədər aparmış, İslamı təbliğ edə biləcəkləri yerə qədər təbliğ etmişlər. Bu şəkildə İslam mədəniyyətini bütün digər mədəniyyətlərə, üstün, hakim və qalib bir mədəniyyət halına gətirərək bir zamanlar onu zirvələrə daşımış və bunları bizə əmanət buraxmışlar. Bir zamanlar vəziyyət belə ikən, İslam ümməti üstün və qalib ikən son bir neçə əsrdə müsəlmanların İslamdan uzaqlaşmaları vəya uzaqlaşdırılmalarıyla durum tamamən dəyişmişdir. Bu durumun dəyişməsilə dünya da dəyişmiş, bəşəriyyətin durumu da dəyişmiş, bu gün İslam ümməti təəssüflər olsun ki, Allahın əmr etdiyi, Rəsulullahın tövsiyyə etdiyi güclü, qüvvətli, ədalətli, əxlaqlı, vəhdəti, birlik və bərabərliyi əsas tutan ideal bir ümmət formasında və ruhunda deyil, məğlub bir ümmət durumundadır.

Buna görə də bu gün İslam ümməti ümmət olmaqdan çıxmış çobansız və sahibsiz bir sürüyə bənzədilir. Ac qurdların süfrəsindəki yağlı loxma, paramparça, darmadağın edilmiş sahibsiz bir sürü. Artıq bu gün İslam ümməti və İslam dünyası deyən bir məfhum təəssüflər olsun ki, real deyil, məcazi məna daşıyan bir məfhuma və coğrafiyaya çevrilmişdir. Dəyərlərinə, mədəniyyətinə, insanına sahib çıxmayan bir məfhum və coğrafiya.

Uca yaradıcısına üsyan edən Ondan qorxmayan, Ondan çəkinməyən, kitabına - Quranına sahib çıxmayan, peyğəmbərinin tövsiyyələrinə əməl etməyən bir ümmət.
Mədəniyyətini və dinini bilməyən, torpağına və bayrağına dəyər verməyən bir ümmət.
Cəhalətin, elmsizliyin, pisliyin, qüsulsuzluğun, dəstəmassızlığın və hər cür natəmizliyin hökm sürdüyü, fuhuşun, içkinin, faizin, zinanın və qumarın pəncəsində boğulan bir ümmət.
Kafirin qapısında mədəniyyət, qayda-qanun, haqq-hüquq axtaran, pul-para dilənən, ondan yardım diləyən, müsəlman qardaşına qarşı qeyri-müsəlmanla müttəfiq olan, ona yalvaran və yaltaqlanan bir ümmət.
Allahı bir kənara qoyub tağutdan-şeytandan, falçıdan caduyla sehrlə yardım istəyən, haqqı buraxıb batildən, Allahı buraxıb dağdan, daşdan, taxtadan, ağacdan, heç bir güc qabiliyyəti olmayan ölüdən yardım istəyərək xurafata meyl edən əqidəsi pozulmuş bir ümmət.
Heç bir istehsal gücü olmayan, heç bir texnika və texnalogiyaya sahib ola bilməyən, heç bir yenilik kəşf etmək iqtidarında olmayan, dünyadakı heç bir problemi həll etmə gücü və qüdrətində olmayan, öz problemlərini belə həll etmə qabiliyyətində ola bilməyən, plansız, hədəfsiz və məqsədsiz bir ümmət.
Dünya və dünyalığa aldanıb, maddəyə, nəfsə, şəhvətə boyun əyib qonşusu ac ikən özü tox yatan, yetimindən, miskinindən, dulundan, fəqirindən, kasıbından, borclusundan, tələbəsindən zəkatını-sədəqəsini, infaqını əsirgəyən, gizlədən, varlıq içində yoxsulluq çəkən, yoxsulluqla boğuşan bir ümmət.
Birlik və bərabərliyi olmayan, bir-birinə yardım etməyən, bir-birini dəstəkləməyən, bir-birinin qayğısına qalmayan, harayına qaçmayan bir ümmət.
Milli mənsubiyyətinə görə bir-birini xor görən, bir-birinin adət ənənəsinə lağ edib bir-birini bəyənməyən, bir-birini əqidə pozuqluğuyla suçlayıb, bir-birini təkfir edən, bir-birini kafir, münafiq, müşrik, bidətçi adlandıran, məzhəblərə, təriqətlərə, camaatlıqlara, cərəyanlara, ağlagəlməz dərəcədə müxtəlif qruplara parçalanıb diri-diri bir-birinin ətini yeyən, bir-birinə nifrət edən bir ümmət.

İnsanın daxili və mənəvi dünyasını bir tərəfə qoyub bir-birini başına, saçına, saqqalına, bığına, qırxılmış üzünə, geyiminə-keçiminə, qalstukuna, şalvarının balağının uzunluğuna və ya qısalığına görə dəyərləndirib ixtilafa düşən bir ümmət.
Kafirin bombası altında evləri yıxılmış, tarlaları dağıdılmış, torpaqları viran qoyulmuş bir ümmət.
Küfrün güllə boranı altında ölərkən tək çarəsi kəlmeyi-şəhadət gətirərək şəhid olan qardaşına yardım əli uzatmayan, uzada bilməyən bir ümmət.
Küfrün bombası altında paramparça olan müsəlman körpələrinə sahiblənməyən bir ümmət, günahsız yerə qətl edilmiş gənc övladını əliylə kəfənləyib torpağa tapşırarkən göz yaşı töküb imdad diləyən ataya-anaya biganə münasibət göstərən bivec bir ümmət.

Küfrün bombası altında inləyən anasına atasına sahib çıxmayan bir ümmət, namusuna-şərəfinə toxunulmuş qızına, bacısına, gəlininə, oğluna sahib çıxmayıb namusunu, şərəfini, qeyrətini kafirin tankı altında çeynədən bir ümmət.
Qızının, anasının, bacısının, xanımının başını, sinəsini, baldırını açdırıb keyf məclislərində rəqqasələr oynadan bir ümmət.
Həyatı, canı və qanı dünyada ən ucuz tutulan, beli bükülmüş, qocalmış, ixtiyar, çarəsiz və xəstə bir ümmət.
Aciz, əlindən heç bir şey gəlməyən, hər şeydən ürkən, çəkinən və nəhayət axirətə haqqıyla inanmayıb ölümdən qorxan bir ümmət.

Budur İslam ümmətinin bu günkü vəziyyəti!
Budur bəşəriyyəti qurtaracaq olan bir ümmətin vəziyyəti!
Budur bəşəriyyətin xilaskarı olaraq hər kəs tərəfindən böyük ümüdlərlə gözlənilən sahibsiz və yetim qalmış bir ümmətin vəziyyəti!

Məşhur bir şairin məşhur beytləri nə qədər də yerindədir:

Sahibsiz bir millətin batması haqdır,
Sən sahib çıxmazsan o millət batacaqdır!


Bünlar həqarət deyil, özümüzə güzgü tutmaq – özünütənqiddir. Bu ümmət əskiklərini görməzsə özünü, öz vəziyyətini, nəyə mənsub olduğunu, kimin ümməti olduğunu, varlığını, şəxsiyyətini, kimliyini, məsuliyyət və vəzifəsini dərk etməzsə əzilməyə davam edəcəkdir. Zəif olmağa məhkumdur. Zülmə məruz qalmağa məhkumdur.

Allah bu ümmətin yar və yardımçısı olsun!
İslama və müsəlmanlara yardım eylə Ya Rabbi. Allahım İslamı və müsəlmanları qalib eylə, İslamı və müsəlmanları üstün və müzəffər eylə Allahım. Allahım küfrün bombası altında inləyən bacı-qardaşlarımıza yardım eylə Ya Rəbbi.

Dediyimiz, söylədiyimiz bütün gözəlliklər Allahdandır. Yalnış və xətalar isə bizdəndir…

İllahiyyat elmləri namizədi Elşad Mahmudov/Azerislam.com
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:55
GÜNƏŞ07:28
ZÖHR [ 4 rükət ]13:46
ƏSR [ 4 rükət ]17:19
MƏĞRİB [ 3 rükət ]20:03
İŞA [ 4 rükət ]21:31
GECƏYARI00:59
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka