Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

ARZU VƏ İSTƏKLƏRİMİZ

[ Aktual / 14913 dəfə baxılıb ]     
|
 
Dünyada və kainatda görə bildiyimiz və görə bilmədiyimiz, müşahidə etdiyimiz və ya müşahidə edə bilmədiyimiz bütün canlıların yaradıcısı - onları yaradan, yoxdan var edən Allahdır!
Hər şeyin xaliqi olaraq, yaradıcı sifətilə Allah-Təala canlı olan hər bir şeyi yaratdığı zaman bu canlılara fitri olaraq bəzi xüsusiyyət, özəllik, qabiliyyət və istedad vermişdir. Allah-Təalanın yaratdığı insan da bu canlılar arasında mühüm və şərəfli yer tutmaqla bərabər bəzi xüsusiyyət və özəlliklərə sahibdir. Arzu etmək, istəmək, xəyal etmək, bu arzu və istəklərini həyata keçirmək Allahın insana verdiyi, ona bəxş etdiyi çox mühüm və önəmli xüsusiyyət və özəlliklər arasında yer alır.

İnsan oğlu hələ ana bətnində ikən Allah-Təalanın ona fitri olaraq verdiyi bəzi istəklər istiqamətində inkişaf edir. Dünyaya göz açdıqdan sonra yavaş-yavaş istək və arzuları genişlənir. Uşaqlıq illərində çoxalan, həddi-büluğ yaşına yaxınlaşarkən gedərək daha böyük sahəni əhatə edən istək və arzu, insan oğlunun hər yaş dövründə müxtəlifləşərək gənclik illərində daha geniş miqyasda dəyişiklik göstərir. Bu zaman insan oğlunun arzu və istəyinin həddi-hüdudu olmur, insanın arzu və istəkləri, qurduğu xəyalları ucu-bucağı görünməyən böyük bir dəryaya, dənizə və ya sonu olmayan bir okeana çevrilir. Əgər bu zaman insanın xəyalları, arzu və istəkləri ram edilməzsə, doğru idarə olunmazsa, bu arzu və istəkdə sərhəd, hədd olmazsa və insanın arzu və istəkləri Allaha dair dəyərlərlə zənginləşdirilməzsə, bu hisslər Allahın rızasına deyil insanın nəfsinin rızasına yönələrək nəfsani, şəhvani və şeytani olar.

O zaman insan üçün böyük fəlakət baş verər. Elə bir fəlakət ki arzu və istəyimiz Fironlaşar. Arzu və istəkləriniz Fironvari arzu və istəyə çevrilər. Fironvari arzu və istək Firona aid olan, ona xas olan, onu və bu xüsusiyyətə sahib olan şəxsi fəlakətə, oda, alova, cəhənnəmə götürən, insanı inasanlıqdan, imandan və ihsandan çıxaran xüsusiyyət və özəllikdir. Elə bir xüsusiyyət və özəllik ki, elə bir arzu və istək ki, burada nəfsin köləliyinin ən uca pis, mənfi və neqativ bir zirvəsi vardır ki, bu da rəbb olmaq, tanrı olmaq arzu, istəyi və xəyalıdır. Bu arzu və istəkdə Allahın güc, qüdrət, qüvvət və hökmranlıq lütf və nemətindən istifadə edərək, ona asi olmaq, Allaha üsyan etmək, Allaha aid olan bütün dəyərləri məhv etmək, insanlar üzərində rəbbani hakimiyyət quraraq onları kölələşdirmək, onları Allahın köləliyindən, Allaha qul olmaqdan, Allahın qulluğundan uzaqlaşdıraraq təhqir etmək, aşağılamaq kimi insan şərəfinə və ləyaqətinə uyğun olmayan hisslər vardır. Bu dünyanın keçici və fani olduğuna inanmayaraq və ya inanmaq istəməyərək, özünü əzəli və əbədi zənn edərək, fani olduğunu unudaraq, bir gün ölümün onun da qapısını kəsəcək gerçəyini qəbullanmayaraq, bu keçici dünyada özünü ilahlaşdırmaq, bütləşdirmək arzu və istəyi, insanları öz qarşısında səcdəyə və rükuya vardıraraq özünü tanrılaşdırmaq, özünü rəbbləşdirmək arzu və istəyi. Onun da xəyallarında tanri olmaq hissi var idi. Gecə yatarkən xəyal edərdi, səhər durarkən insanlara daha hansı pislikləri edim ki, onlara daha nələri göstərim ki, onların başına daha nə oyunlar açım ki, özümü bu şəkildə tanrı elan edim, Allahı və Allaha aid dəyərləri ortadan qaldırıb özümü onlara hər şeyə qadir tanrı kimi qəbul etdirim.

Firon Allah-Təalanın Qurani-Kərimdə bizə bildirdiyi ayədə “Fə-Qalə, Ənə Rabbukumul-A-la” İnsanları ətrafına toplayaraq, onlara hədə-qorxu gələrək “Mən sizin ən uca rəbbinizəm, mən sizin ən böyük Rəbbiniz, ilahınızam” deyirdi. Sizin üçün özümdən başqa rəbb, tanrı, ilah tanımıram deyirdi. Buna el arasında Allahla Allahlıq etmək (haşa) deyirlər. “Lə İləhə İlləllah”. Allah özündən başqa tanrı tanımaz, Allah özündan başqa ilah və ya rəbb qəbul etməz, bunu mömin də qəbul etməz, Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur, O təkdir, vahiddir, yaradıcıdır, əkbərdir, hər şeyə qadirdir, əhəddir, saməddir, doğmamış və doğulmamışdır, isim və sifətləri özünə aiddir, heç bir şeyə də bənzəməz. Şərik qəbul etməz. İlahlıq və rəbblik iddiasında, özünü tanrı etmək arzu və istəyində, əzəlilik və əbədilik iddiasında olanları da qəhr edər. Fironvari arzu və istəyi qəhr və məhv etdiyi kimi. Allah, tanrılıq arzu, xəyalı və istəyində olan bütləşmiş Fironu dənizin dibində onun arzu və istəklərilə bərabər məhv etmişdir, cəhənnəmin bataqlığına batırmışdır. Şübhəsiz ki, bunda Allahdan qorxan kimsələr üçün ibrət vardır.

Əbrəhənin arzu və istəyi də buna bənzərdir. Yəni biraz Fironvaridir. Əbrəhə, VI-əsrin ikinci yarısında, Peyğəmbərimiz (s.a.s) in anadan olduğu zamana çox yaxın bir zamanda Həbəşistanın Yəmən valisidir. Əbrəhənin arzu və istəyində ona verilən güc, qüvvət və qüdrətdən istifadə edərək insanları, onların inanclarını, əqidə və düşüncələrini öz arzu və istəyinə görə idarə etmək, yönləndirmək və istiqamətləndirmək vardır. Bəlkə də O da bu şəkildə bir tanrı olmaq razu və istəyində idi. Yəməndə özünə görə bir tapınaq, ibadətxana, böyük bir bütxana tikdirər və hər kəsi məcbur edər ki, hər kəs gəlib onun ibadətxanasında ibadət etsin. Hər kəs ona ram olsun. Hər kəs onun əlində olsun. Lakin Cahiliyyə dövrü olsa da Ərəb Yarımadasındakı Ərəblərin əksəriyyəti dədə-babalarından, ata-analarında onlara miras və əmanət olaraq qalmış, onların inanc mərkəzi olan Məkkəyə, daha dəqiq desək Məkkədəki Kəbəyə üz tuturlar, orada həcc vəzifəsini yerinə yetirirlər. Əbrəhənin tikdirdiyi bütxanaya getməzlər, onu təhqir edərlər, Əbrəhə də bundan əsəbləşər, özündən çıxar. Mənim evimdən başqa tanrı evi olmaz düşüncəsilə Allah da kimdir?, Kəbə də nədir? deyərək Allahın evini, beytullahı, tövhidin simvolunu, Kəbəni yıxmaq, Kəbəni yerlə yeksan etmək, beləcə buraya insanların axışını dayandırmaq, onları özünə cəlb etmək arzu və istəyilə böyük bir ordu toplayar.

Böyük filləri də orduda istifadə edərək Yəməndən yola çıxar. Ordusunun yenilməzliyinə inanaraq qarşısına çıxan hər bir şeyi məhv edər, işğal edər, qənimət əldə edərək Məkkənin qapısına gəlib dayanar. Qarşısına çıxa biləcək heç bir ordu yoxdur, heç bir güc yoxdur. Ərəblər pərişan, Məkkəlilər dəhşət içində. İşğal qaçınılmazdır. Kəbə dağılacaqdır. Tövhidin simvolu, Allahın evi yox olacaqdır narahatçılığı var insanların içində. Amma Allahın da gücü və qüdrəti var. Allahın da bir ordusu var ki, onun qarşısında ins-cin heç bir güc və qüvvət dayana bilməz. Bunu unudurdular. Əbrəhə də özünü bir növ tanrı zənn etdiyinə görə bunu unudurdu. Özünə, gücünə və qüvvətinə arxayın idi, şeytan kibiri ilə gəlmişdi Məkkəyə. Heç kim və heç nə qarşımda dura bilməz, dayana bilməz düşüncəsilə gəlmişdi. Amma Allahın ordusuna və gücünə inananlar da azlıqda da olsa var idi. Onlardan biri də Rəsulullah (s.a.s) ın şərəfli, tanınmış, Məkkəli Qureyş qəbiləsinin liderlərindən bir olan Abdulmuttalib idi. Əbrəhənin əsgərləri məkkənin ətrafını işğal edərkən, mal, dövlət, sürü, qoyun, quzu nə var idisə talayıb, məhv edib ələ keçirmişdilər. Bunlar arsında Abdulmuttalibin də sürüsü vardı. Abdulmuttalib Əbrəhə ilə görüşmə imkanı tapar, ondan istədikləri olur. Əbrəhə zənn edər ki Məkkənin lideri “nə olar Kəbəni yıxma” istəyilə gəlmişdir, amma Abdulmuttalib ona aid olub Əbrəhənin əsgərləri tərəfindən əldə edilən sürüsü üçün gəldiyini ona deyər və sürüsünün ona qaytarılmasını istəyər. Əbrəhə çaşar, heyrət edər. Mən Kəbəni yıxmağa, Məkkəni alt-üst etməyə gəlmişəm, amma sən məndən var dövlətini, sürünü istəyirsən deyərək təəccübün ifadə edər. Allah Rəsulunun (s.a.s) babası isə “Bu sürülərin sahibi mənəm, Kəbənin də sahibi vardır, əlbəttə ki Kəbənin sahibi onu qoruyacaqdır, Kəbənin Rəbbi onu mühafizə edəcəkdir.” Deyər və sürüsünü alaraq geri qayıdar. Səhəri gün olanları Allah-Təala Qurani-Kərimdə bizə belə xəbər verir. Abdulmuttalibin dediyi Kəbəni Rəbbi, beytullahın sahibi, Qurani-Kərimdə Fil sahibinin, Əbrəhə və ordusunun başına gətirdiyi müsibətləri bizə sözbəsöz-cümlə-cümlə belə xəbər verir:
1.(Ya Peyğəmbər!) Məgər Rəbbinin fil sahiblərinə (Kə’bəni dağıtmaq üçün fillərlə Məkkənin üstünə gələn həbəş ordusuna) nələr etdiyini görmədinmi?!
2.Məgər (Rəbbin) onların hiyləsini (arzu və istəyini) boşa çıxartmadımı?!
3. Onların üstünə qatar-qatar quşlar (əbabil quşları) göndərdi. Allah onların üzərinə, özünü yenilməz qəbul edənlərin üzərinə bəla göndərdi, bəla.
4. O bəla ki, (O quşlar) onlara bişmiş gildən düzəlmiş (möhkəm xırda) daşlar atırdı.
5. (Rəbbin) onları (həşərat tərəfindən) yeyilmiş əkin yarpağına (saman çöpünə) döndərdi!

Əbrəhə və ordusu bu şəkildə Allahın ordusu tərəfindən məhv edilmişdi, yox edilmişdi. Budur Allahın evini yıxmaq arzu və istəyinin sonu və nəticəsi. Allah onun evini yıxmaq istəyən, arzu və xəyalında olan Əbrəhənin bu arzu və istəyini yeyilmiş əkin yarpağına, saman çöpünə döndərəcək qədər hər şeyə qadirdir, gücü və qüvvəti sonsuzdur. Əbrəhə və ordusunu yıxan, məhv edən, Əbrəhəni cəhənnəmə vasil edən, bunu bizə ibrət olaraq bildirən Allah sonsuz şükür, həmd və sənalar olsun.

Peyğəmbərliyin Məkkə dövründə Məkkədə, güc, qüdrət hər cür var dövlətə sahib olan şirkin firaunu, pisliyin simvolu Əbu Cəhlin arzu və istəkləri də bundan fərqli deyildi. O da gecə yatarkən səhər yuxudan qalxıb Muhammədə və Muhammədilərə necə əziyyət və işgəncə verə bilərəm arzu və istəyində idi. Gecə-gündüz Muhammədin və Muhammədilərin qarşısını necə ala bilərəm fikri ilə müsəlmanlara etmədiyi pislik qalmamışdı. Qurani-Kərim də bunu belə ifadə edir: “Ə Ra Eytəlləzi Yənhə-Abdən İzə Sallə”, Gördünmü o kimsəni, mane olur? Bir bəndəyə , sənə ey peyğəmbərim sənə namaz qılmağa mane olur, qoymur namaz qılmağa səni! (əl-Alaq 9\10). Allah onun arzu və istəyini kəkilindən tutub zəbanilərlə cəhənnəmə sürükləmişdir.

Bir başqa müşrik Umeyyə bin Xələfin arzu və istəyi də bundan fərqli deyildi. Bilali-Həbəşiyə zülm etməkdən, onu kölələşdirməkdən, inanclarını təhqir etməkdən, səhranın qızmar günəşi altında qaynar daş qayasını Bilili-Həbəşinin sinəsi üstünə qoyaraq onu Allahdan, Rəsulullahdan, İslamdan, dindən, imandan döndərməkdən böyük ləzzət və həzz alan, arzu və istəyini bu şeytani və tağuti yönə istiqamətləndirən bir müşrik. Amma Bilal “Əhəd”, “Əhəd” Allah birdir, Muhamməd haqdır deyərək bütün işgəncələrə baxmayaraq dinində sabit qalmışdır. Umeyyə itirmişdir. Bilal qazanmışdır. Umeyyə bin Xələf cənnəti itrirmiş, Bilal-Həbəşi cənnəti və Allahın razılığını qazanmışdır.

Əbu Ləhəbin azu və istəyi də fərqli deyildir. əl-Kufru Millə Vahidə, onun da arzu və istəyi, Muhammədin və muhammədilərin getdikləri yola tikan qoymaq, yolun sonun qədər getməsinlər deyə ayaqlarını qanatmaq, onlara daş atmaq, onlara əzab əziyyət və işgəncə vermək arzu və istəyində idi. Təbbət surəsi. Yədə Əbi Ləhəbin və Təbb. Vallahi ayələr hər ikisinində bu etdiklərinə görə əllərinin qollarının quruyub cəhənnəmin alovlu atəşinə girəcəklərini bildirir. Bu da Əbu Ləhıbin arzu və istəklərinin sonu və nəticəsi. Allah-Təala Əbu Cəhilləri, Ümeyyələri, Əbu Ləhəbləri Bədirdə məğlubiyyətə məruz qoydu, öldürüldülər, pis bir quyunun içinə atılaraq cəhənəm çuxurunda oda, atəşə, alova vasil oldular, cəhənnəmi haqq etdilər.

Unutmamaq lazımdır ki, Allah bir Fironun qarşısına mütləq bir Musanı, bir Əbu Cəhilin qarşısına bir Muhammədi, Əbu Ləhəbin qabağına Öməri, Ümeyyənin önünə də Bilalları, Abdullahları, Əbu Bəkrləri, Əliləri, Həsənləri, Hüseynləri çıxarmışdır. Onların da arzu və istəkləri vardır. Amma onların arzu və istəklərində nəfs ölmüşdür, şeytana qalib gəlinmişdir, Fironvari arzu və istəklər məhv edilmişdir. Çünkü onların arzu və istəklərində Allah vardır, Rəsulullah vardır, Allahın razılğı vardır, Allaha aid dəyərlər vardır.

Allah bizləri özünə qul, səmimi bəndə, Rəsuluna da ümmət qəbul etsin, inşallah. Rəbbim bizləri nəfsinə hakim olan qullarından eyləsin. Allah bizlərin arzu və istəklərini, xəyallarını Allah üçün, Allah rızası üçün etsin, öz razılğına doğru istiqamətləndirsin. Pis arzu və istəkdən, şeytani xəyallardan muhafizə eyləsin. Nəfsimizin şərindən, şeytanın vəsvəsəsindən uzaq etsin.
Amin!
İllahiyyat elmləri namizədi Elşad Mahmudov/Azerislam.com
|
    
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:30
GÜNƏŞ07:59
ZÖHR [ 4 rükət ]13:25
ƏSR [ 4 rükət ]16:23
MƏĞRİB [ 3 rükət ]18:50
İŞA [ 4 rükət ]20:16
GECƏYARI00:40
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka