Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

TƏQVA KONTEKSTİNDƏ “NİCAT TAPAN FİRQƏ”

[ əqidə / 9951 dəfə baxılıb ]   
|
 
İslam həm nəzəri, həm də əməli sahədə müsəlmanlar arasında birliyin yaşanmasına çalışır. Bu gün müsəlmanlar məzhəblərindən asılı olmayaraq daha çox ağıllı baxışa və şəriətə əsaslanan, bəşəriyyətin inkişafı naminə öz təfəkkür və mədəniyyət müstəvisində mövcud olan problemlərin rasional həlli yollarını axtarıb tapmaq işində qarşılıqlı tərəfdaşlığa ehtiyac duyurlar.
Bugünkü qloballaşan dünyada Qərbin birqütblü modernizm quruluşunun hücum dalğası qarşısında müsəlman millətlərinin fikir birliyinin qorunması və əsl İslam düşüncələrinin üzə çıxarılması zərurəti əvvəlkindən daha çox hiss olunur. Bu məqsədə çatmaq üçün birgə səylərə, ümumi təfəkkürə, sülhsevər anlaşma və fəaliyyətə, əqidə və düşüncələri ixtilaf yaradan hər hansı məzhəbi xırdalıqlar çərçivəsindən azad etməyə, firqə və tayfa təəssüblərinə əsaslanan biristiqamətli baxışlardan çəkinməyə böyük ehtiyac vardır. Bu yolun alternativi yoxdur.

Məzhəblər islam mədəniyyətini, onun tarixini və irsini əks etdirən, ictimai-dini mühiti formalaşdıran məktəblərdir ki, onların sıradan çıxmasına çalışmaq ən azı onlara qarşı törədiləcək ədalətsizlikdir. Hətta belə bir addım yeni bir məzhəbin yaranmasına, ixtilaf dairəsinin daha da genişlən¬məsinə, vəhdətin pozulmasına da gətirib çıxara bilər.
Günümüzün aktual məzhəbçilik problemlərindən biri də hansı firqənin nicat tapan firqə olması məsələsidir. İstərdik ki, bu kiçik həcmli məqalədə oxucularmızı yormamaq şərti ilə nicat tapan firqənin kim və ya kimlər olduğu haqda deyil, onların sifətləri və xüsusiyyətləri haqqında danışaq. Bəlkə bu prizmadan yanaşsaq, onda hər bir məzhəb və ya firqə öz iman gücünü, təqvasını görəcək, bir sözlə özünü tanımağa çalışacaq. Çünki Allah-Təala Qurani-Kərimdə hansı (müsəlman) məzhəbin və ya firqənin nicat tapmasına deyil, imanın və təqvanın xüsusiyyətlərinə toxunmuşdur. Burada ağıl sahibləri üçün gözəl işarələr vardır. Elə “Muminun” surəsinin ilk ayələrini oxuduqda, oradakı möminin sifətlərindən bəlli olur ki, məzhəbindən asılı olmayaraq hər bir mömin o sifətlərlə zinətlənməlidir. Bu kimi xüsusiyyətləri məzhəb və ya firqəyə aid edilməklə qazanmağı iddia etmək əlbəttə ki, yanlış olar. Hər kəs öz əməlinin girovudur, aid olduğu məzhəbin girovu yox...

Çoxlu ayə və hədislər vardır ki, müsəlmanların müttəqi olanlarını önə çəkir, onların üstün cəhətlərindən və fəzilətlərindən danışır, dünya və axirətdəki məqamlarına toxunur. Quranda buyurulur: “Yaxşı əməl heç də (ibadət vaxtı) üzünü günçıxana və günbatana tərəf çevirməkdən ibarət deyildir. Yaxşı əməl sahibi əslində Allaha, axirət gününə, mələklərə, kitaba (Allahın nazil etdiyi bütün ilahi kitablara) və peyğəmbərlərə inanan, (Allaha) məhəbbəti yolunda (və ya mal-dövlətini çox sevməsinə baxmayaraq) malını (kasıb) qohum-əqrəbaya, yetimlərə, yoxsullara, (pulu qurtarıb yolda qalan) müsafirə (yolçulara), dilənçilərə və qulların azad olunmasına sərf edən, namaz qılıb zəkat verən kimsələr, eləcə də əhd edəndə əhdinə sadiq olanlar, dar ayaqda, çətinlikdə (ehtiyac, yaxud xəstəlik üz verdikdə) və cihad zamanı (məşəqqətlərə) səbr edənlərdir. (İmanlarında, sözlərində və əməllərində) doğru olanlardır. Müttəqi olanlar da onlardır!”

Hücurat surəsinin 13-cü ayəsində Uca Rəbbimiz buyurur: “Ey insanlar! Biz sizi bir kişi və bir qadından (Adəm və Həvvadan) yaratdıq. Sonra bir-birinizi tanıyasınız (kimliyinizi biləsiniz) deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız Allahdan ən çox təqvalı olanınızdır (pis əməllərdən ən çox çəkinəninizdir). Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır” .
Hz. Əli (Allah ondan razı olsun) buyurur: “Təqva, Allahdan (əzabından) qorxmaq, nazil etdiyi şəriətə əməl etmək, (onun üçün ayrılan ruzi ilə) qane olmaq, axirət üçün hazırlaşmaqdır” .
Bəziləri də təqvanı bu şəkildə tərif edir: “Təqva odur ki, insanlar sənin əməlində və özlərinə qarşı münasibətində heç bir eyib görməsinlər. Ondan sonrakı mərhələdə isə mələklər əməl dəftərinə bir böyük günah yazmasınlar. Ondan sonrakı mərhələdə isə Allah sənin qəlbində Özündən savayı, rizasından savayı bir şey görməsin! Qəlb, Allahın hərəmidir”.
Müsəlman şəxs təqva (şüurlu şəkildə Allaha ibadət etmək) mərtəbəsinə yüksəlmişsə, demək olar ki, o artıq nicata yetişmişdir. Təqva sifətinin və xüsusiyyətinin hansısa firqələrə xas edilməməsi Allahın lütfüdür. Təqva sifəti qazanılan və uğrunda səy göstərilən bir mərtəbədir. Quranda buyurulur: “Bizim uğrumuzda cihad edənləri öz yollarımıza (Bizə tərəf gətirib çıxardan behişt yollarına) qovuşduracağıq. Şübhəsiz ki, Allah yaxşı əməllər edənlərlədir! (Allah həmişə savab işlər görüb cihad edən möminlərin tərəfində durar!)” . Hər bir müsəlmanın o mərtəbəyə çatması onun üzərində haqqdır, hətta Quran ayələri və hədislərin özü müsəlmandan təqvalı olmağı tələb edir: “Əgər möminsinizsə Allahdan qorxun!” Deməli, müsəlmanın təqvalı olması onun hansısa firqədən olmasını şərtləndirmir. Təqvası olmayanın isə hansı firqədən olması ona heç bir fayda vermir. Cənnət və Cəhənnəmin meyarları hidayət yolunu tutmaqla, Allahın və Onun Rəsulunun (s) buyurduqlarını yerinə yetirməklə, təqvalı olmaqla ölçülür.

Burada diqqəti çəkən məsələlərdən biri də, müsəlmanların haqqa və ədalətə tabe olmalarıdır. Bəzən bir qrup müsəlmanların “məzhəbim belə deyir”, “məzhəbim mənim üçün hamısından üstündür”, “ona müxalif olan məzhəblər yanlışdır”, “mən həqiqətə deyil, həqiqət mənə aiddir” kimi şüarlar səsləndirməsi heç də ədalətli mövqenin və təqvanın göstəricisi deyildir. Allah təala ən-Nisa sürəsi 135-ci ayədə deyir: “Ey iman gətirənlər! Sizin özünüzün, ata-ananızın, yaxın qohumlarınızın əleyhinə olsa belə, ədalətdən möhkəm yapışın, Allah şahidləri olun...!” Başqa bir ayədə isə: “...Söz söylədiyiniz zaman (lehinə və ya əleyhinə danışdığınız adam) qohumunuz olsa belə, ədalətli olun...!”
Həqiqətə tabe olmaq, ədalətə üstünlük vermək daha önəmlidir. Hisslərə qapılmaq, sevdiyini üstün tutmaq, məzhəbçilik etmək, öz qüsurlarına göz yummaq İslam dininin göstərişlərinə ziddir.
Bəsrə qazisi Übeydullah bin əl-Həsən əl-Ənbəri bəzi məsələlərdəki görüşləri ilə başqalarından fərqlənirdi. Bir gün mühəddis Əbdurrəhman ibn Mehdi onunla həmin məsələlərdə münaqişə edərək onu qane edə bilir. Əl-Ənbəri şücaətlə ona bu sözü deyir: “And olsun Allaha, haqda quyruq olmağım batildə baş olmağımdan daha üstündür” .

Məzhəblərarası fikir ayrılıqları və ya rəy müxtəlifliyi mövcudatdakı reallıqla uzlaşdığına görə, müsəlmanlar onu həqiqət kimi qəbul edə bilərlər. Çünki rəy müxtəlifliyi insanda yaradıldığı vaxtdan mövcuddur. İnsanı yaradan Allah onun haqqında belə buyurur: “Onlar hələ də ixtilafdadırlar. Rəbbinin mərhəmət etdiyi kimsələr istisnadır. (Rəbbin) onları bunun üçün yaratmışdır” (Hud,118-119). Ona görə də məzhəblərarası rəy müxtəlifliyini aradan götürmək haqqında düşünmək bizə heç bir fayda verməz. Əksinə, bizim görəcəyimiz iş düzgün maarifləndirmə yolu ilə məzhəblərarası rəy müxtəlifliyinin ədavətə və ayrı-seçkiliyə səbəb olmasının qarşısını almaqdır. Çünki, müsəlmanlar məzhəbindən asılı olmayaraq kəlmeyi-şəhadəti dillərinə gətirirlər. Hər kim kəlmeyi-şəhadəti söyləyib İslamı özünə din olaraq qəbul edirsə, onun qanı, malı, namusu toxunulmazdır və müsəlman digər müsəlmanın qardaşı hesab edilir.

Sonda bir daha vurğulamaq istəyirik ki, təqvanın tələblərinə riayət etməklə həllinə başqa yollarla nail ola bilmədiyimiz problemləri həll etmək olar. Təqva elə bir məqamdır ki, hər kəsi özü ilə məşğul edir, qardaşını qardaş olaraq, düşmənini də düşmən olaraq sahibinə tanıtdırır. Qlobal problemləri ikinci dərəcəlilərdən üstün tutmaq, İslam mənafeyini məzhəb mənafeyindən fövqündə saxlamaq, məzhəbliliyi məzhəbçilikdən fərqləndirmək təqvanın göstəricilərindəndir.

Tərtib etdi: Məhəmmədəmin Lənkərani
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]04:59
GÜNƏŞ06:42
ZÖHR [ 4 rükət ]13:38
ƏSR [ 4 rükət ]17:28
MƏĞRİB [ 3 rükət ]20:34
İŞA [ 4 rükət ]22:11
GECƏYARI00:46
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka