Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

İXLAS VƏ NİYYƏT

[ Azerislam.com / 7519 dəfə baxılıb ]   
|
 
RİYAZ əs-SALİHİN kitabından:

GİZLİ VƏ AÇIQ BÜTÜN İŞLƏRDƏ, SÖZ VƏ HALLARDA YAXŞI NİYYƏT VƏ İXLAS

وقال تعالى : وَمَا أُمِرُوا إِلاَّ لِيَعْبُدُوا اللَّهَ مُخْلِصِينَ لَهُ الدِّينَ حُنَفَاءَ وَيُقِيمُوا الصَّلاةَ وَيُؤْتُوا الزَّكَاةَ وَذَلِكَ دِينُ الْقَيِّمَةِ

1. “Halbuki onlara əmr edilmişdir ki, Allaha – dini yalnız Ona məxsus edərək, batildən haqqa (islama) dönərək – ibadət etsinlər, namaz qılıb zəkat versinlər. Doğru-düzgün din budur!”
[Beyyinə surəsi 98/5]

Yəhudi və Xristianlara eynilə İbrahim əleyhissalam kimi olmaq, Allaha heç bir şərik qoşmamaq, Ona qeydsiz şərtsiz boyun əymək, təvazökar və müttəqi davranmaları əmr olunmuşdu. Özlərindən pozğun fikirləri atmaları, yalnız Allaha ibadət edib namaz qılmaları, zəkat vermələri istənilmişdi. Onsuz da Allah tərəfindən göndərilən bütün kitablarda yazılan budur. Digər bir ifadəylə söyləmək lazım gələrsə, ilahi dinlərdə dəyişməyən üç əsas vardır: Allaha iman etmək, namaz qılmaq və zəkat vermək. Lakin onlar bu əmrlərə tabe olmadılar. Elə buna görə, müsəlmanların ixlas, səmimiyyət və dürüst bir niyyətlə Allahın buyruqlarını yerinə yetirmələri şərtdir. Haqq təalanın əmrlərinə baş əyməyən yəhudi və xristianlara heç bir şəkildə bənzəməmələri lazımdır.

وقال تعالى : لَنْ يَنَالَ اللَّهَ لُحُومُهَا وَلا دِمَاؤُهَا وَلَكِنْ يَنَالُهُ التَّقْوَى مِنْكُمْ

2. “Qurbanların nə ətləri, nə də qanları Allaha çatar. Allaha yalnız sizin ixlas və səmimiyyətiniz çatar.”
[Həcc surəsi 22/37]

Qurbanın axıdılan qandan və paylanan ətdən ibarət olduğu zənn edilə bilər. Bəzi insanlara bu belə görünə bilər. Allah təala qurbanın nə ətinə, nə də qanına baxar. Onun üçün əhəmiyyətli olan, heyvanın sırf Allah rizası üçün kəsilməsidir. Qurban edilən heyvan Allah rizası üçün kəsilmirsə, o qurbanın heç bir dəyəri yoxdur. Haqq təalanın dəyər verdiyi, qarşılığında mükafat yazdığı ölçü insanın ixlası, yaxşı niyyət və səmimiyyətidir.

وقال تعالى : قُلْ إِنْ تُخْفُوا مَا فِي صُدُورِكُمْ أَوْ تُبْدُوهُ يَعْلَمْهُ اللَّهُ

3. “(Ya Rəsulum!) De: “Ürəklərinizdəkini gizli də saxlasanız, aşkara da çıxartsanız (fərqi yoxdur), Allah onu bilir.”
[Ali-İmran surəsi 3/29]

Gizlilik və ya açıqlıq insanlar üçün keçərlidir. Allah təala insanların gözlərdən uzaqda gizlicə etdiyi əməlləri bildiyi kimi, ürəklərindən keçən duyğu və düşüncələri də bilir. Allaha inanan, onun göndərdiyi dini yaşayan bir kimsə bütün davranışlarına, hətta könlündən keçən duyğularına belə nəzarət etməlidir.


Hədislər:

١-وعَنْ أَميرِ الْمُؤْمِنِينَ أبي حفْصٍ عُمرَ بنِ الْخَطَّابِ بْن نُفَيْل بْنِ عَبْد الْعُزَّى بن رياح بْن عبدِ اللَّهِ بْن قُرْطِ بْنِ رزاح بْنِ عَدِيِّ بْن كَعْبِ بْن لُؤَيِّ بن غالبٍ القُرَشِيِّ العدويِّ . رضي الله عنه ، قال : سمعْتُ رسُولَ الله صَلّى اللهُ عَلَيْهِ وسَلَّم يقُولُ

« إنَّما الأَعمالُ بالنِّيَّات ، وإِنَّمَا لِكُلِّ امرئٍ مَا نَوَى ، فمنْ كانَتْ هجْرَتُهُ إِلَى الله ورَسُولِهِ فهجرتُه إلى الله ورسُولِهِ ، ومنْ كاَنْت هجْرَتُه لدُنْيَا يُصيبُها ، أَو امرَأَةٍ يَنْكحُها فهْجْرَتُهُ إلى ما هَاجَر إليْهِ » متَّفَقٌ على صحَّتِه.

1. Möminlərin əmiri Əbu Həfs Ömər bin Xəttab radiyallahu anh, Rəsulullah səllallahu əleyhi və səlləm -i belə buyurarkən eşitdim, dedi:

“Edilən işlər niyyətlərə görə dəyər qazanar. Hər kəs etdiyi işin qarşılığını niyyətinə görə alar. Kimin niyyəti Allaha və Rəsuluna çatmaq, onlara hicrət etməksə, əlinə keçəcək savab da Allaha və Rəsuluna hicrət savabıdır. Kim də əldə edəcəyi bir dünyalığa və ya evlənəcəyi bir qadına qovuşmaq üçün yola çıxmışsa, onun hicrəti də hicrət etdiyi şeyə görə dəyər qazanar.”

[Buxari, Bədul-vəhy 1, İman 41, Nikah 5, Mənaqibul-Ənsar 45 İtq 6, Eyman 23, Hiyəl 1; Müslim İmarə 155. Ayrıca bax: Əbu Davud, Talaq 11; Tirmizi, Fəzailul-Cihad 16; Nəsae, Təharə 60; Talaq 24, Eyman 19; İbn Macə, Zöhd 26].

Hz. Ömər
Hz. Ömər (r.a) Qureyş qəbiləsinin Bənu Ədiy qolundan olub soyu Hz. Peyğəmbər (s.ə.s)-in soyu ilə birləşir. Hədisimizin başında Nəvəvinin qeyd etdiyi bu nəsəb şəcərəsi belədir:

Ömər - Xəttab - Nüfeyl- Əbdüluzza - Riyah - Abdullah - Qurt - Rəzah - Ədiy - Kəb - Lüey - Qalib

Hz. Ömər (r.a) Rəsulullahdan 10 yaş kiçik idi. İslamiyyət ilə şərəflənmədən əvvəl müsəlmanlara çox əziyyət edərdi. Nüfuzuyla, güc və qüvvətiylə tanınmış bir igid olduğuna görə, onun müsəlman olması digər müsəlmanları da gücləndirdi. İslam ilə şərəfləndiyi gün Kəbəyə gedərək namaz qıldı. Digər müsəlmanlar da ilk dəfə o gün Kəbədə namaz qıldılar.

Mədinəyə hicrət edincə, şəhər mərkəzinə (bu gün) 3 km. uzaqlıqda olan Qubaya yerləşdi. Günaşırı Hz. Peyğəmbər (s.ə.s)-i ziyarət edərək bütün gün onun yanında qalardı. Mədinədə Hz. Əbu Bəkrlə (r.a) birlikdə Rəsulullah (s.ə.s)-in ən böyük köməkçisi oldu. Onun getdiyi bütün döyüşlərdə iştirak etdi. Qızı Həfsəni onunla evləndirərək Hz. Peyğəmbər (s.ə.s)- in qayınatası olma şərəfinə nail oldu. Rəsulullah (s.ə.s)-i o qədər dərin bir məhəbbətlə sevərdi ki, onun vəfat etdiyini eşidincə böyük bir sarsıntı keçirdi. Qılıncını çəkərək Peyğəmbər (s.ə.s) öldü deyənləri iki yerə böləcəyini söylədi.

Son dərəcə doğru və məqsədəuyğun düşünərdi. Haqqında vəhy gəlməyən 15-20 əhəmiyyətli mövzuda Hz. Peyğəmbər (s.ə.s)-mə müraciət edərək o xüsuslarda ayə endirməsi üçün Allah təalaya dua etməsini istədi. Bəzən də, o mövzulardakı qənaətini Hz. Peyğəmbərə (s.ə.s) ifadə etdi. Hz. Ömər (r.a)-ın açıqlıq gətirilməsini istədiyi xüsuslarda ayələr nazil oldu. Haqqında ayə nazil olan bu mövzulara Ömər (r.a) –ın ayəyə uyğun fikirləri anlamında “Muvafaqatı-Ömər” deyilmişdir. (Bu mövzuda geniş məlumat üçün bax: Təcrid Tərcüməsi, II, 349-353)

Hz. Əbu Bəkr (r.a)-ın vəfatından sonra, İslamın ikinci xəlifəsi oldu. İran, İraq, Suriya və Misir torpaqlarını islam ölkəsi etdi. Habelə Qüds, Azərbaycan, Ermənistan, Xorasan və İskəndəriyyə onun zamanında fəth edildi. Bəsrə, Kufə, Musul kimi böyük şəhərləri qurdu. Fövqəladə ədalət anlayışıyla dünya tarixinə bənzəri görülməyən ədalət nümunələri verdi. Köməyə möhtac olan hər kəsə maaş bağladı. Dövlət idarəsində əhəmiyyətli yeniliklər etdi. Administrativ, ədli, maliyyə və əsgəri təşkilatlar qurdu. İslamın, Qurani-Kərimin və İslami elmlərin daha geniş mühitlərə yayılması üçün fəaliyyət göstərdi. İslamiyyəti uzun illər boyu şəxsən Rəsulullah (s.ə.s)-dən öyrənməsi səbəbilə, İslam Hüququnun bir çox məsələsində şəxsi fikirləri vardır.

Hz. Ömər (r.a) sərt təbiətinə baxmayaraq, çox təvazökar bir insan idi. Yamaqlı köynək geyər, dul qadınların evinə kürəyində su daşıyar, çılpaq döşəmədə yatıb qalxar, dəvələri öz əliylə qaşıyıb təmizləyərdi. Xəlifəlik etdiyi müddətdə gecələri küçə-küçə gəzər, hər kəsin şikayətini dinlər, xalqın dərdlərini həll edərdi. Çox gözəl danışar, hikmətli sözlər söyləyərdi. Mərd və doğrusözlü olanları sevər, özünü tənqid etsələr belə, onlara qəzəblənməzdi. Xalqa xitab etdiyi bir gün, səhv işlər etsə, özünə necə davranacaqlarını soruşmuşdu. Camaatdan biri dərhal ayağa qalxaraq:

-Səni qılıncımızla istiqamətləndirərik, demişdi.

Hz. Ömər (r.a) həmin adamın cəsarətini sınamaq üçün:

-Mənim haqqımda belə danışmağa necə cürət edirsən?, -deyə soruşmuş, o adamın da gözünü qırpmadan:

-Bəli, bu sözləri sənin haqqında söyləyirəm, deməsinə çox sevinmiş və:

-Allaha şükrlər olsun ki, səhv yola düşəcək olsam, xalqımın içində məni qılıncıyla istiqamətləndirəcək kəslər var, -demişdi.

Hz. Ömər hicrətin 24-cü ilində zərdüşt bir kölə tərəfindən şəhid edildi və Hz. Peyğəmbər (s.ə.s)-in ayaqları dibinə gələcək şəkildə yanında dəfn edilmişdir.

Allah ondan razı olsun!


Şərhlər
“Edilən işlər niyyətlərə görə dəyər qazanar” hədisi insanın qazanacağı savab və günahlar ilə yaxından əlaqəli və son dərəcə əhəmiyyətlidir. Əhməd bin Hənbəl, Əbu Davud, Tirmizi, Darəkutni kimi böyük alimlər bu hədislə İslamiyyətin üçdə birini anlamağın mümkün olduğunu söyləmişlər. İmam Şafei bu hədisin yetmiş ayrı mövzuyla əlaqəsi olduğunu, bu səbəblə də, onu din elminin yarısı saymaq lazım gəldiyini ifadə etmişdir. İmam Buxari isə kitab yazanlara nəsihət edərək əsərlərinə bu hədislə başlamalarını tövsiyə etmişdir.

İndi niyyətin nə olduğunu gözdən keçirək:

Niyyət bir işi Allah rizası üçün etməyi ürəkdən keçirməkdir.

İş ya ürəklə, ya dillə və ya digər orqanlarla edilər.

Ürəyimizlə etdiyimiz işlər, niyyət və düşüncələrimizdir.

Dilimizlə etdiklərimiz danışıqlarımızdır.

Orqanlarımızla etdiyimiz işlər də hərəkət və davranışlarımızdır. Sözlər və davranışlar çox vaxt niyyətə bağlı olduğu üçün yaxşı niyyət bəzən bir ibadət ola bilər.

Əməllər, yəni edilən işlər niyyətə görə dəyər qazanar sözü çox vaxt orqanlarımızla etdiyimiz işləri əhatə edər. Yoldakı bir daşı insanlara zərər verməsin düşüncəsilə və savab qazanmaq ümidilə qaldırıb atmaq bir ibadət sayılar. Bir kəsin malını qanuni olmayan yollardan ələ keçirməyə qərar vermişkən, Allah qorxusuyla bu düşüncədən imtina etmək də eyni şəkildə savab qazanmağa vəsilə olar.

Ürəkdən keçən düşüncələr yaxşı niyyətə söykəndiyi zaman Allah yanında dəyər qazanar. Bu əsnada ürəyin oyanıq və şüurlu olması lazımdır.

Dil bir şeyə niyyət edərkən ürək bu düşüncədə iştirak etməzsə, niyyət məqbul olmaz. 7-ci hədisi-şərifdə görüləcəyi kimi Allah təala bizim şəklimizə və qəlibimizə deyil, ürəklərimizə baxar, niyyətlərimizə dəyər verər.

Abdullah bin Ömərin (r.anhuma) alim və zahid oğlu, Mədinənin yeddi fəqihindən biri olan Salim, xəlifə Ömər bin Əbdüləzizə yazdığı məktubda belə demişdi:

“Bunu yaxşı bil ki, Allah təalanın quluna köməyi qulun niyyəti qədərdir. Kimin niyyəti tam olsa, Allahın ona köməyi də tam olar. Niyyəti nə qədər azalsa, Allahın köməyi də o qədər azalar.”

Hər kəsin etdiyi işin qarşılığını niyyətinə görə alması bu gərçəyi vurğulayır: Edilən bir ibadət və hər kəsin təqdirini qazanan bir xidmət görünüş baxımından qüsursuz ola bilər, ancaq o ibadət və gözəl xidmətin səmimi bir niyyətlə və yalnız Allahın razılığını qazanmaq məqsədilə edilməsi şərtdir. İnsanların təqdir və təvəccöhünü qazanmaq və ya həm Allah rizasını, həm də insanların təqdirini qazanmaq düşüncəsilə edilən ibadət və xidmətlərin Allah yanında heç bir qiyməti yoxdur. Edilən işləri Allah yanında qiymətli edən bizim ixlas və səmimiyyətimizdir, yəni o işləri yalnız Allah rizası üçün etmiş olmağımızdır. Məsələn, insanlar məni görsün və təqdir etsin deyə namaz qılmaq, zəkat vermək şirk dərəcəsində böyük bir günahdır. Lakin nümayişi ağlından keçirməyən bir möminin, başqalarını o ibadəti etməyə təşviq etmək niyyətilə hər kəsin görəcəyi bir yerdə namaz qılıb zəkat verməsi fəzilətli bir davranışdır. Belə bir mömin həm vəzifəsini etmiş, həm də yaxşı niyyətindən ötəri ayrıca savab qazanmış olar.

Yaxşı niyyətə söykənməyən, yalnız nümayiş üçün edilən ibadətlərin və gözəl davranışların Allah yanında heç bir dəyəri olmadığını Hz. Peyğəmbər (s.ə.s) ibrətli bir misalla ortaya qoymuşdur. Bu hədisi-şərifə görə, qiyamət günündə ilk dəfə bir şəhid haqqında hökm veriləcək. Allah təala ona nə etdiyini soruşduğunda:

Sənin uğrunda vuruşdum, şəhid edildim, deyəcəkdir. Lakin Haqq təala ona:

-Yalan danışdın. Sənə cəsur adam desinlər deyə vuruşdun, buyuracaq və o adam üz üstü süründürülərək cəhənnəmə atılacaqdır.

Daha sonra elm öyrənib öyrədən və Quran oxuyan bir kimsə gətiriləcək. Ona da nə etdiyi soruşulacaqdır.

-Elmi öyrəndim və öyrətdim. Sənin razılığını qazanmaq üçün Quran oxudum, deyəcəkdir. Allah təala ona:

-Yalan danışdın. Elmi sənə alim desinlər deyə öyrəndin. Quranı isə gözəl oxuyur desinlər deyə oxudun. Necə ki belə də deyildi, buyuracaqdır. O adam da üz üstü süründürülərək cəhənnəmə atılacadır.

Hədisi-şərifin davamında zəngin bir kimsənin divana gətiriləcəyi, onun da malını Allah rizası üçün xərclədiyini söyləyəcəyi, ona da “comərd adam” desinlər deyə malını sərf etdiyi deyiləcəyi və digərləri kimi onun da cəhənnəmə atılacağı ifadə edilməkdədir. (Müslim, İmarə 152)

Bu niyyət hədisindən belə bir nəticə də çıxmaqdadır:

Əslində ibadət olmayan bəzi işlər yaxşı niyyətlə edildiyi təqdirdə, ibadətə çevrilə bilər. Məsələn, yemək yeyən kimsə bu qidalardan əldə edəcəyi qüvvətlə ibadət edəcəyini düşünsə, yemək yeyərkən belə savab qazanmış olar. Normal ticarətini edən kimsə işini ən yaxşı şəkildə edərək insanlara xidmət etməyi, onları aldatmamağı düşünsə, həm pul, həm də savab qazana bilər.

Hədisi-şərifimizdə “Kimin niyyəti Allaha və Rəsuluna çatmaq, onlara hicrət etməksə, əlinə keçəcək savab da Allaha və Rəsuluna hicrət savabıdır” buyurulur. Hicrət bir şeyi tərk etmək deməkdir. Allah təalanın qadağan etdiyi şeyləri tərk etmək də ümumi mənada hicrət sayılmaqdadır. Bu səbəblə Hz. Peyğəmbər (s.ə.s):

“Mühacir Allahın qadağan etdiyi şeyləri tərk edən kimsədir” buyurur. (bax. 1569-cu hədis)

Hədisdə haqqında danışılan hicrətdən məqsəd, kafirlərin əlində olan vətəni tərk edib İslam yurduna köçmək deməkdir. Hz. Peyğəmbər (s.ə.s) ilə əshabələri (r.anhum) Məkkədən Mədinəyə bu məqsədlə köçmüşdülər. Rəsulullah səllallahu əleyhi və səlləm -in söyləmək istədiyi budur:

Bir adam hicrət edərkən dünyəvi bir mənfəət düşünməyib, yalnız Allahın razılığını qazanmağı və Rəsulullahı (s.ə.s) məmnun etməyi hədəf almışsa, hicrəti məqbul olmuşdur. Allah və Rəsuluna hicrət etmə savabını əldə etmişdir. Kim də hicrət edir görünsə belə, əslində bir dünyalıq əldə etmə və ya bir qadınla evlənmə arzusuyla yola çıxmışsa, onun hicrəti məqbul sayılmaz və heç bir savab qazana bilməz. Bu həqiqəti Allah təala belə ifadə etmişdir:

“Biz axirət qazancını (savabını) istəyənin qazancını artırar, dünya mənfəəti istəyənə də ondan verərik. Onun axirətdə heç bir payı yoxdur.”
[Şura, 42/20]

Bu hədisi-şərifin deyilməsinə (vüruduna) belə bir hadisənin səbəb olduğu qeyd edilmişdir:

Səhabələrdən biri Ümmü Qeys adlı bir xanımla evlənmək istəyər. Lakin o günlərdə Ümmü Qeys Mədinəyə hicrət etməyi düşünməkdədir. Özüylə evlənmək istəyən səhabəyə niyyəti ciddi isə Mədinəyə hicrət etməyi və orada evlənməyi təklif edər. Məkkədəki oturuşmuş məişəti tərk etməyi düşünməyən o səhabə Ümmü Qeyslə evlənmək arzusuyla Mədinəyə hicrət etmək məcburiyyətində qalar. Bu vəziyyəti bilən səhabələr Ümmü Qeysin mühaciri mənasında “Mühaciru - Ümmi Qeys” deyə, ilişdikləri həmin şəxsin hicrət savabı qazanıb qazanmadığını müzakirəyə başlayırlar. Məhz o zaman Hz. Peyğəmbər (s.ə.s) bu hədisi-şərif ilə məsələyə açıqlıq gətirərək hər kəsin niyyətinə görə savab qazanacağını ifadə edər.

Hədisdən öyrəndiklərimiz
1. Edilən işlərdən savab qazana bilmək üçün o işlərə yaxşı niyyətlə başlamaq lazımdır.

2. Niyyətin ürəkdən edilməsi əhəmiyyətli olduğu üçün, bunu ayrıca dillə söyləmək şərt deyil.

3. Allah rizası güdülmədən edilən işlərdən savab qazanılmaz.

4. İnsan göründüyü kimi olmalı, dünyəvi bir mənfəət üçün dini istifadə etməməlidir.

5. İxlas niyyət sağlamlığı deməkdir.




Azerislam.com
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:14
GÜNƏŞ06:53
ZÖHR [ 4 rükət ]13:45
ƏSR [ 4 rükət ]17:33
MƏĞRİB [ 3 rükət ]20:35
İŞA [ 4 rükət ]22:09
GECƏYARI00:54
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka