Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

HƏYAT FİQHİ - QURAN AYƏLƏRİNİN ŞƏRHİ

[ Elm / 11451 dəfə baxılıb ]   
|
 

("Həyat fiqhi" silsiləsindən dördüncü yazı)
Həyatı qavramaq, dərk etmək (fiqh etmək) üçün, həyatımızı doğru-dürüst inşa edə biləcək yeganə haqq kitab olan Qurani-Kərimi dərk etmək lazımdır. Bundan əvvəlki mövzuda qeyd olunmuşdu ki, Qurani-Kərim bütün insanlığa, qiyamət gününə qədər olacaq bütün bəşəriyyətə xitab edir. Qurani-Kərim bizdən nə istəyir və məqsədi nədir, onu anlamaq lazımdır. Quranı dərk etmək üçün isə onun bütün ayələrini düzgün anlamaq vacibdir. Quran ayələrini düzgün anlamaq üçün isə əsrlər boyu islam alimləri Quranı təfsir və şərh etməkdə ömürlərini sərf etmişlər.
Quranı təfsir etmək dedikdə nə anlayırıq və ümumiyyətlə Quranı təfsir etmək nə deməkdir?! Qurani-Kərimi təfsir etmək, qısaca desək ayənin mənalarını şərh etməkdir. Ayənin harda, nə zaman və hansı səbəbdən nazil olmasını, onun hər bir sözünü, hökmünü, buyuruğunu və sairə kimi lazımi məlumatları aydınlaşdırmaqdır. Onu necə, nə cür, hansı əsaslara görə şərh etməyi isə islam alimləri daha dəqiq və daha yaxşı bilirlər. Amma qısa olaraq bəzi məqamları qeyd etmək lazımdır;

Əvvəla Quran ayələrini elə ən birinci Quran ayələri ilə şərh etmək, mənasını Quran ayələrində axtarmaq lazımdır. Ondan sonra isə Peyğəmbərimizin (s.a.s) sünnəti və hədisləri ilə şərh etmək gərəkdir.
Məsələn, “Həmd olsun aləmlərin rəbbi Allaha” (Fatihə, 2) – bu ayəni oxuduqda “aləmlərin rəbbi” nədir deyə sual oyana bilər. Bu sual və hətta onun cavabı belə Qurani-Kərimdə var. “..."Aləmlərin Rəbbi nədir?" ... O, göylərin, yerin və onların arasında olanların Rəbbidir!” (Şüəra 23-24).
Quran ayələrini elə Quran ayələri ilə təfsir etməyi bizə kim öyrətmişdir? Bu qaydanı Peyğəmbərimiz (s.a.s) özü təyin etmişdir. Misal üçün - bu ayə nazil olduqda; “İman gətirdikdən sonra imanlarına zülm qatışdırmayanları əmin-amanlıq gözləyir...” (Ənam, 82) ayə bir çox səhabələri narahat etdi ki, nə zülmü, hansı zülm, bizlərdən kim özünə zülm etmirki?! Rəsulullah isə onlara; “Siz anladığınız kimi deyil ayə” - buyurdu. Sonra buyurdu ki; “Saleh bəndənin dediyini heç eşitməmisinizmi?! “"Oğlum! Allaha şərik qoşma. Həqiqətən, Allaha şərik qoşmaq böyük zülmdür!" (Loğman, 13)””

Yuxarıdakı hədisdən və hədisin mətnində də qeyd olunan ayədən görürük ki, şirk bir zülmdür. Ənam surəsində də, iman gətirdikdən sonra imanlarına zülm qatışdırmayanlar dedikdə mənasını sonrakı ayədən anlamaq mümkündür. Görün, Qurani-Kərimin ayələri necə də özü-özünü gözəl təfsir edir. Sadəcə araşdırmaq, axtarmaq, anlamağa cəhd etmək lazımdır.
Bəs Qurani-Kərimdə bir-birini şərh edən ayələri tapa bilməsək necə?! O zaman onun şərhi üçün Peyğəmbərimizin (s.a.s) hədislərinə müraciət etməliyik. Çünki Peyğəmbərin (s.a.s) vəzifələrindən biri də ayələri aydınlaşdırmaq və anlatmaq idi. “Sənə də Zikri (Quranı) nazil etdik ki, insanlara, onlara nazil olanı izah edəsən və bəlkə onlar fikirləşələr.” (Nəhl, 44). Ayələrin dəqiq mənasını, şərhini və təfsilatını Peyğəmbərimizdən (s.a.s) daha yaxşı kim bilər ki?!

Əgər ayənin mənasını, şərhini və təfsilatını tam aydınlaşdıra bilmiriksə, o zaman üçüncü mərtəbə kimi səhabələrin sözlərinə və rəylərinə müraciət edə bilərik. Bu zaman səhabələrdən rəvayət olunan bəzi məqamlar yardım edə bilər. Məsələn, ayələrin nazil olma səbəbi bu məqamlardan biridir. Ayələr vəhy olunan zamanda onlar yaşamışlar, Peyğəmbərimizin (s.a.s) məclislərində onlar iştirak etmiş, ayələrin şərhlərini, hökm və buyuruqlarını özləri şəxsən dinləmişlər.
Təbii olaraq bilmək lazımdır ki, Qurani-Kərimi hər bir elmli və bilikli şəxs şərh və ya təfsir edə bilməz. Biliklərdən ən əsası ərəb dilini mükəmməl bilməkdir. Ərəb dilində sözlərin əslini, mənbəsini, həqiqət və ya məcazi olmasını, müxtəlif mənalarını, açıq və ya kinayəlisini, xüsusi və ya ümumisini, məntiq və ya məfhumunu, özəl xitab və ya işarə olmasını və sairə kimi bir çox xırdalıqlarını bilməlidir. Bunları dəqiq bilməyən Qurani-Kərimi heç bir halda təfsir edə bilməz. İndiki zamanda Qurani-Kərimi özü istədiyi kimi təfsir edənlər meydana gəlib ki, ərəb dilindən xaric başqa dillərin lüğətindən istifadə edərək öz əlavələrini etmişdir. Yaxud bəzən görürsən ki, Quranı, hansısa şəxsiyyətlərin sözlərinə uyğunlaşdıraraq, yaxud fəlsəfi şəkildə təfsir edir. Halbuki Quran, Allah -Təalanın bütün zamanlara, məkanlara və bütün insanlara göndərdiyi bir kitab kimi təfsir olunmalıdır. Təfsir olunarkən bütün insanlar, onların ağıl, hissiyat, şüur, bədən, ruh, vicdan, fərd, cəmiyyət və bir sıra amilləri nəzərə alınaraq olunmalıdır.

Sonra bir əsas və çox incə məsələni də yaddan çıxarmayaq ki, bəzən müxtəlif alimlərin təfsirlərində ziddiyyət axtarmağa çalışırıq. Həmin alimin islam aləmi və müsəlmanlar üçün çalışıb, əziyyət çəkib təqdim etdiyi faydaların üstündən basıb keçərək iftiralar etməyə cəsarət göstəririk. Halbu ki, həmin alimin yaşadığı mühiti, zamanı bir də hansı əsası tutaraq Quranı təfsir etməsini heç araşdırmırıq, anlamaq istəmirik. Quranı istər Şafii məzhəbindən olan bir alim təfsir etsin, istər Maliki, istərsə də Hənəfi, Quran Allah-Təalanın buyuruğudur və o Quran Hənəfi, Hənbəli və ya Şafii olmayacaq. Bir təfsiri də oxumuşuqsa, başqasının ki, səhvdir deməyə də haqqımız yoxdur.

Diqqət edin, məsələn, Qurtubi, islam şəriəti və hökmlərini çox yaxşı bilən, fiqh alimi olduğundan təfsirində də buna böyük önəm vermişdir və hətta kitabını “Quran Hökmlərinin Cəmi” deyə adlandırmışdır. İbn Kəsirin təfsirinə gəldikdə görərik ki, O alim təfsirində öz rəylərini irəli sürmüşdür. Öz rəyini deyir, sübut olaraq hədisləri göstərir, səhabələrin də rəylərini bildirir. Bəzən də bəzi hədisləri zəif olaraq qəbul etmir. Şeyx Əhməd Şakir isə İbn Kəsirin təfsirini götürmüş, ixtisar etmiş, qısa formada İbn Kəsirin təfsirindən bir təfsir hazırlamışdır. Şeyx Sabuni və onun kimi müasir təfsir alimlərinin də müxtəlif təfsirləri vardır. Heç biri də ziddiyyətli deyildir. Amma hər bir şəxsin də qavrama və anlama tərzi müxtəlifdir. Buna görə də hətta, kiməsə bir təfsir oxumağı məsləhət görməmişdən əvvəl, onun elmi səviyyəsini və bilik dərəcəsini nəzərə almalıyıq. Kimlərsə fiqhi hökmlərə meyillidir, kimlərsə rəylərin müxtəlifliyini bəyənir, kimlərsə elmi əsasların və möcüzələrin tərəfdarıdır. Bütün əsaslara uyğun təfsirlər vardır.

Hazırladı: Şahmar Kərimov / Azerislam.com


"Həyat fiqhi" silsiləsinin öncəki yazıları:

Həyat fiqhi 1
Həyat fiqhi 2
Həyat fiqhi 3
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]04:22
GÜNƏŞ06:17
ZÖHR [ 4 rükət ]13:38
ƏSR [ 4 rükət ]17:35
MƏĞRİB [ 3 rükət ]20:57
İŞA [ 4 rükət ]22:46
GECƏYARI00:39
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka