Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

"MÖMİNLƏR YALNIZ VƏ YALNIZ QARDAŞ OLA BİLƏRLƏR"

[ Aktual / 17095 dəfə baxılıb ]   
|
 
Biz yalnız birlikdə anlam ifadə edirik. Biz müsəlmanlar birlikdə bir dəyərik. Nəfəslərimiz birlikdə olarsa, yalnız o zaman ədaləti iqamə etmək mümkün ola bilər. Biz biz olsaq, "mənlər" bir araya gəlib "biz" olarsa, o zaman çarxı-sükanı-nizamı əyri olan bu gedişə, yəni qardaş ayrılığına həqiqi mənada “dayan” demək mümkün ola bilər. O zaman Allahın rəhmətini özümüzə cəlb edərik və üzərimizə rəhmət yağışları yağar. Əgər biz öz imkanlarımızı kəşf edər, fərqliliklərimizi barışdırarsaq yalnız o zaman bir anlam və dəyər ifadə edə bilərik.

Dilimizdən heç düşməyən, amma ən çox da laqeyd qaldığımız qardaşlıq mövzusu əslində həyatı vacib bir mövzudur. “Möminlər yalnız qardaş ola bilərlər” - deyir Quran. Quranda, qardaşlar mömin olarlar deyilmir, çünki mömin olmayanlar da qardaş ola bilərmiş. Amma mömin olanlar qardaşdan başqa bir şey ola bilməzlər buyurulur. Qardaşlıq sözü işlədilərkən ilk ağlımıza gələn qan bağı olur. Əslində elə dilimizdə qardaş sözünün əsli "qarın" və "daş" sözlərinin birləşməsindən irəli gəlir. Qarın dedikdə əslində "ana bətni" nəzərdə tutulur, yəni bətndaş - eyni bətndən olmaq mənasına gəlir. Peyğəmbərimiz (sas) buyurur ki: "Qadının bətni, Rəhmandan bir budaqdır." Buna görə də qardaşlığı, rəhmət qardaşlığı deyə bir başqa mənada da izah edə bilərik. Əslində "qarındaşlıq" yəni qan qardaşlığı da Allahın bətnə təcəlli edən mərhəmətinin bir nəticəsidir. Buna görə də istər qan bağı olsun istər din bağı olsun, hansı bağ olursa olsun onun arxasında ilahi rəhmət durur. Birində ilahi rəhmətin fiziki və feili ölçüsü digərində isə ilahi rəhmətin şəri ölçüsü. Birində ilahi rəhmətin insana olan təcəllisi yəni bioloji təcəllisi, digərində isə ilahi rəhmətin insana din olaraq təcəllisi yəni əqidə, iman təcəllisi. Ancaq əqidə qardaşlığı, qan qardaşlığından daha öndə gəldiyi üçün daha çox və qalıcı olur. Çünki əqidə qardaşlığının əhatə dairəsi "ikinci dünyanı" da, yəni axirəti də əhatə edir. Qan qardaşlığının əhatəsi və gücü isə bu dünya ilə kifayətlənir.

Allahın bizə yetirdiyi böyük nemətlərdən biri olan Qurani Kərimin Hücurat sürəsinin onuncu ayəsi, möminlərin ancaq və ancaq, yalnız və yalnız qardaş ola biləcəklərini bildirən ədat kəlimə ayəsi ilə başlayır ki, bu ədat kəlimə ayəsi möminlərin qardaşdan başqa bir şey olmadıqlarını bildirir. Hətta bu ayəni biz Allahın bizə verdiyi gizli əmr kimi də anlaya bilərik. Hücurat sürəsinin onuncu ayəsinin ilk cümləsi möminlərin qardaş olmasını bəyan edirsə, ikinci cümləsi "qardaşlarınızın arasını düzəldin" şəklindədir. Demək ki, qardaşların da arası dəyər və ya pozularmış. Amma qardaşların arası pozularsa, gərək qardaşlar düzəltsinlər qardaşların arasını. Qardaşların arasını nə üçün düzəldək? - kimi sual gələ bilər ağlımıza. Bu sualın cavabı isə həmin ayədə ikinci cümlənin ardından qısa və mənalı şəkildə bildirilir: "Allahdan qorxun". Bu cümlədə Allaha qarşı məsuliyyətininizin şüuruna varın, Allah şüuru ilə bəzənin, Allah qarşısında tir-tir titrəyin və Allaha qarşı təqvalı olun deyilir bizə. Əslində bu cümlə əvvəlki digər iki cümlənin həm hikməti, həm də qayəsidir. Biz yenə də iki mömin arasındakı əlaqənin Allaha qarşı məsuliyyətlə nə əlaqəsi var deyə bilərik. Çünki biz Allahla aramızı pozmadıq ki, mömin qardaşımızla aramızı pozduq. Cavab: Möminlər arasında əlaqələr Allah qatında o qədər dəyərlidir ki, möminin möminlə arasının dəyməsi, möminin Allahla arasının pozulmasına yol açar. Çünki qardaşlıq məsələsi iki mömini maraqlandıran məsələ deyil, daha doğrusu qardaşlıq məsələsi Allahı maraqlandıran bir məsələdir. Qardaşlıq məsələsindəki hər problem insanın insanla problemi deyil, insanın Allahla problemidir. Yəni Rəbbimlə olan dostluğum niyə yara aldı sualının bir çox cavabı əslində möminlərlə olan dostluğum niyə yara aldı sualının cavabında gizlənir. Bizim Allaha qarşı məsuliyyət şüurumuzu gücləndirən bir ünsurdur möminin möminə qardaşlığı.

Din birləşdiricidir. Haqq din isə ən böyük birləşdiricidir. Çünki Əl-Haqq olan Allah, möminləri həqiqət yolunda birləşdirir. Həqiqət üzərində birləşmiş insanlar dost olmayıb, düşman olarlarsa bu nə deməkdir? Həm həqiqət üzərində birləşəcəyik, həm də dost olmayacağıq, qardaş olmayacağıq, düşmən olacağıq. Bizi bir araya gətirən Allah olacaq, bizi bir araya gətirən şey iman olacaq. Yəni tək bir Allaha iman edəcəyik, tək bir Rəsula(sas) iman edəcək, tək bir kitaba iman edəcək, eyni həqiqətə iman edəcək, eyni qibləyə yönələcək, eyni axirətə iman edəcək, amma bir-birimizə düşman olacağıq. Bunu necə izah etmək olar? Bunu nəcə izah edə bilər insan?
Bu yerdə ağlımıza ürəyimizdə və beynimizdə zəlzələlər edəcək bir hədis yada düşür: “İman etmədikcə cənnətə girə bilməzsiniz. Bir-birinizi sevmədikcə də kamil iman etmiş olmazsınız. Sizə elə bir şey öyrədimmi ki, onu etdiyiniz təqdirdə bir-birinizi sevmiş olasınız? Aranızda salamı yayın!” (Müslim, İman, 93)
Yəni qardaşlığımız imanımızın təbii nəticəsi olmalıdır. Əgər nəyə iman etdiyimizi biliriksə, nəyə görə də qardaş olduğumuzu bilirik. Qardaş olmayıb iman etdiyimizi fikirləşiriksə bu zaman bu haldan iki nəticə çıxarmaq olar. Ya həqiqətən iman etmədiyimiz halda iman etdiyimizi düşünürük, ya da biz əslində qardaşıq amma düşman kimiyik deyə davranırıq. Yəni qardaş olduğumuzun fərqində deyilik. Bunların ikisidə xəta və ikisidə böyük yalnışdır. Bu səbəbdən bizlər də bunların hansıdırsa onun üstündə işləmək və "yenidən təmir etmək" lazımdır. Əgər zəiflik imandadırsa o zaman imanı o zəiflikdən qurtarmaq lazımdır. Allah Rəsulunun(sas) qardaşlıqla iman arasında bu cür yaxın əlaqə qurması əslində möminin ürəyindən sarsacaq çox ciddi bir xəbərdarlıqdır. Demək ki, iman etməklə bir-birini sevmək arasında ötəri yox birbaşa əlaqə varmış. Bir-birimizi sevmək əslində mömindəki imanı sevməkdir. Və qardaşlığa zidd olan hər cür davranış mömindəki imana qarşı davranışdır. Ancaq mömindəki imanı sevdiyinizdə ondakı qüsüru da sevin, xətasını da sevin, günhanını da sevin, üsyanını da sevin anlamına gəlmir. Bəs əgər qul xətasız olmazsa Rəbbimiz bizə niyə qardaşımızı sevməyi bu cür məcbur edir? Ona görə ki, öncə sev, öncə imanını sev, sonrada nə istəyirsən elə qardaşlığına həya gəlməz. Çünki iman böyük bir dağ, everest təpəsi qədər yüksəkliyə, qüsür isə adi daşa bənzəyir. Heç bir daş isə dağdan böyük ola bilməz. Buna görə də imanı görən bir insan qardaşının qüsürlarını gördüyü zaman əslində imanı ilə qiyaslar və imanın bir daha fərqinə varar, bir daha imanın dəyərini kəşf edər, bir daha onun qardaşlığından dolayı Allaha şükür edər. Mömin möminin aynasıdır həqiqəti burda təcəlli edər. Bir-birimizi sevməmiz, bir-birimizi təqvaya çatdırmağın nəticəsidir. Yəni bir-birimiz üçün təqva olarıq, bir-birimizə zireh olarıq. İki möminin imanı bir-birinə möhkəmlənərsə, bir sıra problemlər yaşasa, bir sıra sıxıntılar yaşasa, bir sıra tərəddüdlər yaşasa, hətta öz içində belə tərəddüdlər yaşasa digərinin imanına söykənərək o tərəddüdlərə və sıxıntılara qalib gələr. Nəticədə də bir-birimizə olan sevgimiz bir-birimizə təqvamız kimi yansıyaraq bizi daha çox təqvalı hala gətirər. Allaha qarşı məsuliyyətini daha çox bilən insanlara çevrilərik.


Din qardaşlığı “mən haqlıyam, sən haqsızsan” kimi mübahisələrin üstünə örtü ataraq, keçmiş ədavətləri unutmağı və lazım gələrsə nəfsindən fədakarlıq edərək mömin qardaşını bağışlamağın fəzilətinə çatmağı gərəkdirir. Küsülü qalmaq Allahın əmrinə itaətsizlikdir. Kamil mömin nəyin bahasına olursa olsun, heç bir zaman bilərəkdən Allahın əmrinə itaətsizlik etməz. Bu ayədəki axrıncı cümlə isə "Bəlkə rəhm olunasınız!" deyə buyrulur. Yəni qardaşlarınızın arasını düzəldin, onların aralarının düzəlməsində vasitəçi olun, onları barışdırın ki, bəlkə və ola bilsin ki, siz rəhm olunasınız, bağışlanasınız.
Qurani-Kərimdə Ali İmran sürəsinin 103-cü ayəsində Rəhman və Rəhim olan Allah buyurur: "Hamılıqla Allahın ipinə (dininə, Qurana) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın! Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən. O sizin qəlblərinizi (islam ilə) birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz.
Siz oddan olan bir uçurumun kənarında ikən O sizi oradan xilas etdi. Allah Öz ayələrini sizin üçün bu şəkildə aydınlaşdırır ki, haqq yola yönəlmiş olasınız!"

Doğurdanda insanın qəlbini təmizləyən və insanın qəlbini gözəlləşdirən bu ayələrə fikir verək. Bu ayədə sirli və açar kəlimə "hamılıqla" kəliməsidir. Əgər diqqətlə nəzər yetirsək görərik ki, Allah bizdən tək yox hamılıqla birləşərək öz ipinə sarılmağa çağırır. Niyə? Vəhy ilə bəslənirsizsə, vəhy ilə yaşayırsanız hiss,düşüncə və hərəkət birliyinə sahibsiniz. Sizi eyni qaynaq bəsliyirsə bəs onda necə ayrı qalacaqsınız? Elə ibadətlər var ki, onlar hamılıqla yəni cəm şəkildə yerinə yetirilməzsə onlar qəbul olunmaz. Məsələn, cümə namazı kimi. Rəbbimiz yalnız və yalnız Allaha bağlanmağı və bölünüb parçalanmamağı əmr edir bizlərə.

Ümumən nemət dedikdə ilk olaraq təsəvvür etdiklərimiz müxtəlif cür dünya nemətləri və dünya malları olur. Əslində isə biz bəlkə də qardaşlığın necə böyük nemət olduğunu bilmirik. Qardaşlıq Allahın bizə yetirdiyi böyük nemətlərdən biridir. Çünki ayədəki kimi əgər Rəbbimiz bizləri qardaş etməsəydi, biz bir-birimizi çoxdan məhv etmişdik. Bəlkə də indi yaşadığımız dünyada artıq heç kim yaşamırdı.
"Allaha və Onun Peyğəmbərinə itaət edin. Bir-birinizlə çəkişməyin, yoxsa qorxub zəifləyər və gücdən düşərsiniz. Səbr edin, çünki Allah səbr edənlərlədir!"(əl-Ənfal,46) Nəfsimizə uyub bir-birimizlə çəkişdiyimizə görə, bir-birimizilə müharibə etdiyimizə görə, laqeyd olub dünyaya bağlanıb bir-birimizə önəm vermədiyimizə görə çox zəifləmiş, çox qorxmuş və çox gücdən düşmüşük. Allahın ayələrini bədənlərimizdə, gündəlik həyatımızda, şüurumuzda işlətmədiyimizə görə bu cür parçalanmış və dünya mallarına aldanmış vəziyyətdəyik. Çünki şüurumuzun, bədənimizin və həyatımızın hakimiyyətini bir az da olsa nəfs və şeytanın əlinə buraxmışıq. Amma Allahdan ümüd kəsilməz. Heç birimiz səhvsiz deyilik və səhvsiz də ola bilmərik. Səhvsiz olsaydıq Allah bizləri məhv edib yerimizə səhv edən qullar yaradardı. Ona görə Allaha şükür edib ona bağlanmalı, tezliklə ayılmalı, Allaha tövbə edib, bədənimizin, şüurumuzun və həyatımızın hakimiyyətini mümkün olduqca tez qaytarmalıyıq. "Sizin haminiz ancaq Allah, Onun Peyğəmbəri və iman gətirənlərdir. O, kəslər ki, namaz qılır və rükuda olduqları halda zəkat verirlər."(əl-Maidə, 55) Bu ayədə isə gözəllər gözəli Allah möminin hamisinin ilk növbədə Allah, sonra peyğəmbəri sonrada namaz qılan və zəkat verən yəni mömin olanlar olduğunu buyurur. Bizə sahib çıxan, bizi sevən, bizi yaradan Allahdır. Möminlər də yaşadığımız dünyada gücləri yetdiyi qədər bir-birilərinə dəstək olmalı və Allahın sayəsində bir-birilərinə sahib çıxmalıdırlar. Sizi Qurani Kərimdə qardaşlığa dair digər ayələrlə baş-başa buraxırıq:
"Mömin kişilərlə mömin qadınlar bir-birinə dostdurlar (hayandırlar). Onlar (insanlara) yaxşı işlər görməyi əmr edər, pis işləri yasaq edər, namaz qılıb zəkat verər, Allaha və Peyğəmbərinə itaət edərlər. Allah, əlbəttə ki, onlara rəhm edəcəkdir. Allah, həqiqətən, yenilməz qüvvət sahibi, hikmət sahibidir!" (ət-Tövbə 71)
Ey iman gətirənlər! Allahdan qorxun və (imanında, sözündə, işində) sadiqlərlə bərabər olun! (ət-Tövbə 119)
Və onlardan (mühacirlərdən) əvvəl (Mədinədə) yurd salmış və (Muhəmməd əleyhissəlama qəlbən) iman gətirirmiş kimsələr (ənsar) öz yanlarına (şəhərlərinə) mühacirət edənləri sevər, onlara verilən qənimətə görə ürəklərində həsəd (qəzəb) duymaz, özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tutarlar. (Allah tərəfindən) nəfsinin xəsisliyindən (tamahından) qorunub saxlanılan kimsələr – məhz onlar nicat tapıb səadətə (Cənnətə) qovuşanlardır. (əl-Həşr 9)

Yoxsa elə güman edirsiniz ki, Allah içərinizdə cihad edənləri, Allahdan, Onun Peyğəmbərindən və möminlərdən başqasını özlərinə dost tutanları ayırd etməmiş siz sərbəst buraxılacaqsınız? Allah nə etdiklərinizdən xəbərdardır! (ət-Tövbə 16)
Möminlər möminləri buraxıb kafirləri dost tutmasınlar! Bunu edən (kafirləri özünə dost tutan) kəs Allahdan heç bir şey gözləməsin (onun Allah dərgahında heç bir qədir-qiyməti olmaz). Ancaq onlardan gələ biləcək bir təhlükədən qorxmanız (çəkinməniz) müstəsnadır. Allah sizi Öz əzabından çəkindirir. Axır dönüş Allaha tərəfdir! (Hamı Allahın hüzuruna qayıdacaqdır!) (Ali imran 14)
Müttəqilər müstəsna olmaqla, o gün dostlar bir-birinə düşmən kəsiləcəklər!
(Zuxruf 67)
Kafirlər də bir-birinin dostlarıdır (köməkçiləridir). Əgər siz bunları (bir-birinizə yardım etməyib dost olmasanız) etməsəniz, yer üzündə böyük bir fitnə-fəsad olar (islam zəifləyər, küfr isə artıb qüvvətlənər). (Ənfal 73)

Mövzunun yekunlaşdıraraq onuda qeyd edək ki, qardaşlıq cövhərini mühafizə etmək onu şəfqət mərhəmət, nəzakət və məsuliyyət şüuru ilə yaşamağa bağlıdır. Bu xüsüsusda qafil olmaq möminlərin arasını vurmağa çalışan şeytana qapı açmaqdır. Bu fürsətdən istifadə edən şeytan möminlərin nəfslərini təhrik edərək bir-birilərindən üz çevirmələrini təmin edər.Möminlərin bir-birilərindən üz çevirmələri və aralarındakı küsülülüyü davam etdirmələri İslam nəzərində çox ağır günah sayılmışdır. Peyğəmbər (s.ə.s) bu xüsusda ümmətinə belə xəbərdarlıq edir:
“Kim din qardaşını bir il tərk edib, küsülü qalarsa, onun qanını tökmüş kimi günaha batar.” (Əbu Davud, Ədəb, 47/4915)
“Bir möminin din qardaşını üç gündən artıq tərk edib, küsülü qalması halal deyildir. Aradan üç gün keçmişsə, onunla qarşılaşıb salam versin. Əgər salamını alarsa, hər ikisi savaba ortaq olar. Yox, əgər salamını almazsa, almayan günaha batmış, salam verənsə küsülü qalmaqdan çıxmış olar.” (Əbu Davud, Ədəb, 47/4912)
Rəsulullah (s.ə.s)-in bəyanına görə bazar ertəsi və cümə axşamları bəndələrin etdiyi işlər Allaha ərz edilir. Din qardaşı ilə arasında düşmənçilik olandan başqa Allaha şirk qoşmayan hər bəndənin günahları bağışlanır. Mələklərə: “Bu ikisinin günahlarının əfvini bir-birilərilə barışanadək ertələyin!” deyilir. (Müslim, Birr, 35-36; Əbu Davud, Ədəb, 47)
Qurani-Kərimdə təqvalı möminlərin vəsfləri sadalanarkən “Qəzəblərini udar, insanların günahlarından keçərlər....” buyurulur. (Ali-İmran, 134)
Din qardaşının xəta və qüsurunu gördükdə ondan incimək, küsmək yerinə, onun sahib olduğu bir çox gözəl xasiyyətlərini düşünüb bunların xatirinə onu əfv etmək və belə hallarda yardıma möhtac olduğunu bilib dəstək olmaq lazımdır.
İslam qardaşlığı qan qardaşlığından da irəlidir. İnsanın günaha sürüklənən qohumunu silib atması doğru olmadığı kimi qardaş qəbul etdiyi kəsi də xəta və günahları səbəbiylə tamamən rədd etməməli və qardaşlıqdan çıxarmamalıdır. Allah təala Rəsulullah (s.ə.s)-ə qohumları haqda belə buyurur:
“Əgər sənə qarşı çıxsalar, onlara belə de: "Şübhəsiz ki, mən sizin əməllərinizdən uzağam!" (əş-Şüəra, 216) Çox diqqətçəkicidir ki, Allah təala Rəsulundan “Sizdən uzagam” deməsini istəməmiş, “Sizin əməllərinizdən uzağam” deməsini istəmişdir. Yəni, günaha olan nifrəti günahkara sirayət etdirməmək gərək.
Mömin din qardaşının hüzurunda və qiyabında onun xoşlanmayacağı sözləri dilə gətirməkdən çəkinməlidir. Ancaq pisliklərdən çəkindirmək mövzusunda sükuta icazə yoxdur. Lazım gəldikdə din qardaşını pisliklərdən uzaqlaşdırmaq üçün münasib üslubda, gözdən uzaq, tənha bir yerdə ona nəsihət etmək zəruridir. Bu zaman onun xoşlanıb-xoşlanmamasına baxılmaz. Çünki bu xəbərdarlıqlar zahirən pisinə gəlsə də əslində onun üçün böyük bir yaxşılıqdır.

Hədisi-şərifdə buyurulur:
“Allah üçün bir-birini sevən iki qardaş görüşdüyü zaman biri digərini yuyan iki əl kimi olarlar. Nə zaman iki mömin birlikdə olarsa Allah təala birini digərindən faydalandırar.” (İhya, c. II, səh-394)
Rəbbimiz möminlərin bir-birini yuyan iki əl kimi olmasını arzu edir. Bir-birini yuyan iki əldən məqsəd, bir-birinin maddi-mənəvi nöqsanlarını düzəltmək, sevinc və kədəri paylaşmaq, qüsurlarını bağışlamaq, dərdinə şərik olmaq, bir-birinə öyüd vermək və qardaşını özündən daha yaxşı, təmiz insan kimi görməkdir.
Həmçinin din qardaşının bir səhvini gördükdə o dəqiqə mənfi hökm verməyib öncə hüsnü-zənlə yanaşmaq, bu davranışının keçici üzr olub-olmadığına baxmaq qardaşlıq ədəbindəndir. Möminlər bir-birilərini xoş tutmalı, əsla xor görməməli, əksinə onun Allah qatında özündən daha məqbul bəndə olduğunu düşünməlidirlər.
Hz. Mövlana İslam qardaşlığını belə izah edir:
“Peyğəmbərimiz (s.ə.s) “Müsəlmanlar bir vücud kimidir” buyurmuşdur. Tək bir vücud oldular, amma Allahın Rəsulu sayəsində oldular. Yoxsa hər biri digərlərinə düşmən idi. Mədinədə Evs və Həzrəc adında iki qəbilə vardı. Bunlar bir-birilərinin qanını içəcək qədər can düşməni idilər.

Həzrət Mustafanın feyzi və İslamın nuru ilə onların kinləri əridi. O düşmənlər əvvəllər bağdakı üzümlər kimi, üzüm salxımındakı dənələr kimi bir-birilərinə bağlı idilər. Qardaş idilər, lakin “Möminlər qardaşdır” ayəsi nazil olduqdan sonra onun feyz və ruhaniyyəti ilə sanki sıxılmış üzüm dənələri kimi şirə halına gəldilər. Həqiqi mənada birləşib qardaş oldular.”
Allah üçün olan həqiqi qardaşlıq fərqli bədənlərin bir qəlb ilə yaşaması kimidir. Allahın rəhməti və bərəkəti bir və bərabər olanların üzərinə enər. Qüvvət və müvəffəqiyyət birlikdən doğar. Allah üçün bir-birilərinə məhəbbətlə bağlanıb, çiyin-çiyinə səf tutaraq birlikdə mücadilə edənlər ayeyi-kərimədə belə mədh edilir:
“Şübhəsiz ki, Allah Öz yolunda möhkəm divar kimi səf çəkib döyüşənləri sevər!” (əs-Saff, 4)

İslam tarixində ədalətli xəlifələrdən biri sayılan Ömər bin Əbdüləzizin din qardaşlığı həssasiyyəti ilə yoğrulmuş könül iqlimini əks etdirən bir halını xanımı Fatimə belə nəql edir:
“Bir gün Ömər bin Əbdüləzizin yanına getdim. Namazgahında oturmuş, əlini alnına dayamış, dayanmadan ağlayırdı. Göz yaşlarından yanaqları islanmışdı. Nə üçün bu halda olduğunu soruşdum. Belə cavab verdi:
“Ey Fatimə, bu ümmətin ən ağır yükü mənim çiynimdədir. Ümmətin içindəki aclar, fəqirlər, xəstə olub dərman tapmayanlar, geyəcək patlarları olmayanlar, boynubükük yetimlər, təkbaşına tərk edilmiş dul qadınlar, haqqını aramayan məzlumlar, küfr və qürbət diyarındakı müsəlman əsirlər, ehtiyacını qarşılaya bilmək üçün işləməyə taqəti qalmayan möhtac yaşlılar, ailə üzvləri çox olan kasıb ailə rəisləri… Bu haldakı mömin qardaşlarımı düşündükcə yükümün altında əzilirəm. Sabah hesab günündə Rəbbim bunlardan dolayı məni sorğuya çəkərsə, Rəsulullah (s.ə.s) bunlar üçün məni danlayarsa, nə cavab verərəm?!” (İbn Kəsir, 9/201)

“Bəndə qardaşına yardım etdiyi müddətdə Allah da ona yardım edər.” (Müslim, Zikr, 37-38)
“Müsəlman müsəlmanın qardaşıdır. Ona zülm etməz, onu düşmənin əlində qoymaz. Müsəlman din qardaşının ehtiyacını qarşılayarsa, Allah da onun ehtiyacını qarşılayar. Müsəlman bir qardaşının müşkülünü həll edərsə, Allah da qiyamət günü onun sıxıntılarından birini həll edər.” (Buxari, Məzalim, 3; Müslim, Birr, 58)
Buna görə də hər mömin din qardaşının iztirabını qəlbində duymalı və bu yolda əlindən gələni əsirgəməməlidir. Allah təalanı ən çox razı edən davranış bir bəndəsinin, özündən çox başqalarını düşünməsi, onların rahatlığını öz rahatlığından üstün tutmasıdır. Nəbəvi tərbiyə ilə yetişdiyi üçün “nəfsi, nəfsi” eqoizmindən qurtulub, “ümməti, ümməti” qayğıkeşliyinə nail olan bir səhabənin İslam qardaşlığındakı könül zənginliyini sərgiləyən bu hadisə nə qədər hikmətlidir:
İbn Abbas (r.a) bir gün Peyğəmbərimizin məscidində etikafda ikən bir nəfər yanına gələrək salam verdi. İbn Abbas (r.a):
“- Qardaşım, səni yorğun və kədərli görürəm.” –dedi. O adam:
“- Elədir, ey Rəsulullahın əmisi oğlu, kədərliyəm! Filankəsin mənim üzərimdə vəla haqqı var (bir mal müqabilində məni azad etmişdi), fəqət bu qəbrin sahibinin (Allah Rəsulu) haqqı üçün söyləyirəm ki, o adamın haqqını ödəyə bilmirəm.” –deyə cavab verdi. İbn Abbas:
“- Sənin üçün o adamla danışımmı?” –dedi. Adam:
“- Olar.” –deyən kimi ayaqqabılarını götürüb məsciddən çıxdı. Adam:
“- Etikafda olduğunu unutdunmu, niyə məsciddən çıxdın?” –deyə onun ardınca səsləndi. İbn Abbas (r.a):
“- Xeyr! Mən bu qəbirdə yatan və aramızdan yeni ayrılmış olan möhtərəm zatdan eşitdim ki, (bunları söylərkən gözlərindən yaşlar axırdı):
“Kim din qardaşının bir işini həll etmək üçün o işin dalınca düşərsə, bu iş on il etikafda qalmaqdan daha xeyirlidir. Halbuki Allah rizası üçün bir gün etikafa girən kimsə ilə cəhənnəmin arasına Allah üç xəndək qoyar və hər xəndəyin arası məşriqlə məğribin arası qədər uzaqdır.” (Beyhəqi, Şuab, III, 424-425)

Din qardaşının bir müşkülünü həll etməyə çalışmağın Allah qatında nə qədər qiymətli bir xidmət olduğunu bu nəbəvi müjdə açıq şəkildə ifadə edir:
“Allah təala insanların ehtiyaclarını təmin etmək üçün elə kəslər yaratmışdır ki, insanlar ehtiyacları üçün onların yanına qaçarlar. Məhz onlar Allahın əzabından əmin olan kəslərdi.” (Heysəmi, VIII, 192)
Uca Allah hər birimizi iman həssaslığı ilə din qardaşlığını yaşayıb-yaşadan saleh qullarından etsin. Bütün ömrümüzü rizasına müvafiq əməllərlə ihya edərək əbədi hüzur və səadətə qovuşmağımızı lütfü-kərəmi ilə ehsan etsin!
Amin!...

Hazırladı: Elvin Ağayev / Azerislam.com
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]04:39
GÜNƏŞ06:31
ZÖHR [ 4 rükət ]13:48
ƏSR [ 4 rükət ]17:43
MƏĞRİB [ 3 rükət ]21:03
İŞA [ 4 rükət ]22:48
GECƏYARI00:51
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka