Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

HƏYAT FİQHİ - QURAN İNSANA XİTAB EDİR

[ Elm / 9379 dəfə baxılıb ]   
|
 
("Həyat fiqhi" silsiləsindən üçüncü yazı)
Qurani-Kərim müsəlman və ya mömin olmazdan əvvəl ümumən insanlığa xitab edib və insanı ən üstün saymışdır. Həmçinin bütün zülmlər və haqsızlıqlardan sonra ən doğru şəkildə qadını dəyərləndirən, onun qədir və qiymətini bariz halda bildirən Qurani-Kərim olmuşdur.
Qurani-Kərim bizlərə nəyi demək istəyir, məqsədi nədir və onunla necə davranmalıyıq – deyə heç özümüzə sual vermişikmi? Əgər vermişiksə, heç olmazsa onca dəqiqə oturub bu məsələ haqqında düşünmüşükmü? Yoxsa sadəcə “Allah -Təalanın göndərdiyi müqəddəs həyat kitabıdır” deyə qəbul edərək kifayətlənmişik? Sadəcə Quranı oxumaq və onun ayələrinin mənasından təəccüblənməklə iş bitirmi, məqsəd həyata keçirmi?
Islam ümmətini, İslam millətini Qurani-Kərim seçir, Quran əqidənin əsasıdır, şəriətin mənbəyidir, əxlaqın özəyidir, bütün dəlil və sübutların məsdəridir.

Qurani-Kərimin ən əsas xüsusiyyətlərindən bunlardır;
- Asan, səlis və anlaşılacaq dildədir. İbtidai təhsili olanla ən biliklisi də onu oxuya və hər biri də ona lazım olanı qədər götürə bilir. “Biz Quranı sənin dilində asanlaşdırdıq ki, onlar öyüd-nəsihət ala bilsinlər” (əd-Duxan, 58) “Biz Quranı yada salmaq üçün asanlaşdırdıq. Amma heç bir yada salan varmı?” Bu ayə Qəmər surəsində 4 dəfə təkrarlanır.
- Quran aydındır və aydınlaşdırandır. O sanki bir nurdur. Əslində Quran elə nurdur, həyatımızı aydınlaşdıran, işıqlandıran və inşası üçün saçan bir nurdur. “Ey insanlar! Sizə Rəbbinizdən bir dəlil gəldi və Biz sizə parlaq bir nur (Quran) nazil etdik.” (ən-Nisa, 174). “Elə isə Allaha, Onun Elçisinə və nazil etdiyimiz Nura (Qurana) iman gətirin!” (Təğabun, 64).
- Əbədidir, dəyişilməzdir və mühafizə olunur. “Şübhəsiz ki, Zikri Biz nazil etdik, əlbəttə, Biz də onu qoruyacağıq” (Hicr, 9) “Həqiqətən, bu, əzəmətli bir Kitabdır. Nə önündən, nə də arxasından batil ona girişə bilməz. O, Müdrik, Tərifəlayiq Allah tərəfindən nazil edilmişdir.” (Fussilət, 41-42).
- Əvəz olunmaz, təkrar olunmaz və möcüzəvidir. “Əgər doğru söyləyirlərsə, qoy ona (Qurana) bənzər bir kəlam gətirsinlər.” (Tur, 34). “De: "Əgər doğru danışırsınızsa, Ona bənzər uydurulmuş on surə də siz gətirin...” (Hud, 13) “De: "Əgər insanlar və cinlər bu Qurana bənzər bir şey gətirmək üçün bir yerə toplaşıb, bir-birinə kömək etsələr də ona bənzərini gətirə bilməzlər"” (İsra, 88).
- Kamil və hər şeyi özündə şamil edən bir kitabdır. “Bu Quran uydurulmuş bir kəlam deyildir. Ancaq özündən əvvəlkiləri təsdiqləyən və hər şeyi müfəssəl izah edəndir; iman gətirən bir camaat üçün hidayət və mərhəmətdir.” (Yusuf, 111). “Biz Kitabı sənə hər şey üçün bir izah, müsəlmanlara da doğru yolu göstəricisi, mərhəmət və müjdə olaraq nazil etdik.” (Nəhl, 89).
Həqiqətən də Qurani-Kərim möcüzəvi bir kitabdır. Bu kitab islahedici, qanunlaşdırıcı, əqidəni doğruldan bir qüvvəyə malikdir. Təəssüf ki, bizdən öncəki səmavi kitablar dəyişdirilmiş və əlavələrə məruz qalmışdır. İlahi buyuruğa uydurmalar artırılmış, ibadət olunacaq tək rəbbə deyil öz nəfslərinə uyaraq hərəkət etmişlər. Halbuki hər bir peyğəmbər qövmünə yalnız tək olan Allaha ibadət etməyi bildirmək üçün göndərilmişdir. “O dedi: "Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa məbudunuz yoxdur.” Bu ayə, müxtəlif peyğəmbərlərin dilindən Qurani Kərimdə 10 dəfə təkrarlanmışdır. Eyni mətnlə deyil, eyni məna ilə axtarsaq daha çox təkrarlandığını görərik.
Qurani-Kərimin ən incə özəlliklərindən biri də, insanı fərqləndirməsi, seçməsi və yüksək tutmasıdır. “Biz, Adəm övladını şərəfli və hörmətli elədik...” (İsra, 70). Onun irqinə, millətinə, rənginə və hətta dininə belə baxmayaraq, insan oğlu şərəflidir və məxluqatların arasından üstün seçilmişidir. Bunu bildirmək istəyir bizə Qurani Kərim. Mələklərin arasında rəbbimiz insanı ərz etmiş, üstünlüyünü bildirmişdir. Ona səcdə etdirmişdir. Hətta yaratmamışdan, yer üzündə bir xəlifə yaradacağını da onlara bildirmişdir. “Sənin Rəbbin mələklərə: “Mən yer üzündə bir xəlifə (canişin) yaradacağam”” (Bəqərə, 30). O xəlifə ki, Rəbbi yer üzünü və yer üzündə olan hər şeyi onun üçün xəlq etdi və onun ixtiyarına buraxdı. “Məgər Allahın göylərdə və yerdə olanları sizə ram etdiyini, Özünün aşkar və gizli nemətlərini sizə bol-bol verdiyini görmürsünüzmü?” (Loğman, 20).
Bir dəfə Peyğəmbərimiz (s.a.s) olan yerdən bir cənazə keçirdi, O (s.a.s) ayağa qalxdı. Ona (s.a.s) dedilər; Ya Rəsuləllah, o, yəhudi cənazəsidir. O dedi; Bir can deyilmi?!”
Bəli, hər bir canın islamda mənzili və mövqesi vardır.

Quran oxumaq.
Qurani-Kərimi bütün başqa kitablardan fərqləndirən bir cəhət də var ki, onu sadəcə oxumaq belə ibadət sayılır. Təbii ki, Qurani Kərimi rəbbimiz buyurduğu kimi oxumaq bəyənilir. “Quranı da aramla oxu!” (Cin, 4). Amma, sadəcə oxumaqla, tilavət etməklə kifayətlənmək olarmı?! Rəbbimiz buyururki; “Bu mübarək Kitabı, insanların onun ayələrini düşünüb anlaması və ağıl sahiblərinin də ondan ibrət götürməsi üçün sənə nazil etdik.” (Sad, 29). “Məgər onlar Quran barəsində düşünmürlərmi? Əgər o, Allahdan başqası tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ziddiyyət tapardılar.” (Nisa, 82).

Çox zaman görürsən ki, Qurani-Kərim oxuyanlar onu tez bitirməyə çalışırlar, bir surəni oxuduqda onun sonuna tez çatmağa can atırlar, daha çox xətm etmək fikrindədirlər. Halbuki, bizdən qat-qat xeyirli və üstün olan bir dövrdə, səhabələrimiz, bizi saleh sələfimiz surənin sonuna çatmağa can atmazdı, 10 ayə oxusaydı, onu yaxşıca anlar, dərk edər, əzbərləyər, həyata keçirməyə çalışardış Ondan sonra növbəti 10 ayəni öyrənməyə başlardı.
Bir mömin Qurani-Kərimi oxuduqda, onun hissləri coşmursa, içindəki duyğular dalğalanmırsa, heç bir şey dəyişmirsə, bəs onda Qurani-Kərim ona necə təsir edir?! Rəbbinin kəlamını, Rəbbinin vəhyini, Rəbbinin xitabını oxuyan mömin o əzəmətli xitabın qarşısında ərimədən özünü saxlaya bilərmi?! “Gerçək möminlər o kəslərdir ki, Allah anıldığı zaman qəlbləri ürpər, Onun ayələri onlara oxunduqda imanları artar və Rəblərinə güvənərlər (təvəkkül edərlər).” (Ənfal, 2).
Mömin şəxs Qurani-Kərimi diqqətlə, aramla oxuduqda elə ayələrə rast gələr ki, az qala saçı ağara, elə ayələr var ki, insanın qanı damarında donur qalır, elə ayələr var ki, nəfəsi alıb buraxmaq olmur. Təbii ki, yalnız təsirlənmək, hallanmaqla iş bitmir, interaktiv olmaq, ayənin mənasını dərk edərək bəyənilən və gözlənilən addımı atmaq lazımdır. Səhabələr bəzən bir ayəni eşitməklə elə bir addım atırdılar ki, indiyə kimi də onların tarixini təkrar-təkrar oxuduqda təəccüblənməmək qeyri mümkündür. Səhabələrdən bəziləri vaxtilə bu ayəni eşitdikdə: “Sevdiyiniz şeylərdən Allah yolunda xərcləməyincə xeyrə nail olmayacaqsınız. Siz nə xərclədiyinizi, şübhəsiz ki, Allah bilir.” (Ali İmran, 92), Peyğəmbərin (s.a.s) yanına gəlib; Ya Rəsulullah, mənim filan filan bağım var, onu Allah üçün verirəm – demişdilər.

Başqa bir ayədə Allah -Təala buyurur ki; “Allahın Kitabını tilavət edənlər, namaz qılanlar və özlərinə verdiyimiz ruzilərdən gizli və aşkar xərcləyənlər səmərəsiz olmayacaq bir ticarətə ümid edirlər ki, Allah onlara mükafatlarını tam olaraq versin, üstəlik də onlara Öz lütfünü artırsın. Həqiqətən, O, Bağışlayandır, şükürün əvəzini verəndir.” (Fatir, 29-30). Ayəni qısaca incələdikdə görürük ki, əvvəlcə Qurani-Kərimin ayələrini, Allahın buyuruqlarının oxuyanlar, araşdıranlar, dərk edənlər, ibadətlərini edənlər, buyurulan əməlləri edənlər sanki Allahla ticarət edirlər. Etdiklərinin qarşısında Allah -Təaladan umduqları şeylər vardır.
Əlbəttə bütün bunlar o demək deyil ki, ərəb dilinin mənasını bilməyən şəxs Quran oxumasın. Hər bir mömin bəndə Qurani-Kərimi ən azından üzündən oxumağı bacarmalıdır, bilmirsə öyrənməlidir, hər gün bir neçə ayə də olsa açıb onu oxumalı, Rəbbinin xitabından faydalanmalıdır. Sadəcə onu oxumaq belə möminə rəhmət və şəfadır.

Hazırladı: Şahmar Kərimov/ Azerislam.com

"Həyat fiqhi" silsiləsinin öncəki yazıları:

Həyat fiqhi 1
Həyat fiqhi 2
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:55
GÜNƏŞ07:28
ZÖHR [ 4 rükət ]13:46
ƏSR [ 4 rükət ]17:19
MƏĞRİB [ 3 rükət ]20:03
İŞA [ 4 rükət ]21:31
GECƏYARI00:59
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka