Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

TÖVHİD VƏ MUVAHHİD MÜSƏLMAN

[ Aktual / 14617 dəfə baxılıb ]     
|
 
Möhtərəm müsəlmanlar. Bildiyiniz kimi İslam tövhid dinidir. Tövhid - bir olan, tək olan mənasına gəlir, yəni tövhid bütün kamil xüsusiyyətləri özündə toplayan, heç bir əksikliyin və naqisliyin mövcud olmadığı, bütün mükəmməl isim və sifətlərə malik olan, tək yaradıcı-xaliq olan Allahın varlığını, birliyini bilmək, tanımaq, təsdiq etmək və buna inanmaq, iman gətirmək və nəticədə həyatı bu istiqamətdə qurmaq deməkdir. Həyatı bu istiqamətdə qurarkən eyni zamanda saxta ilahları və tanrıları inkar etmək, tərk etmək və rədd etməkdir tövhid.

Kainatda tək bir həqiqət olan tövhidi təsdiq və iman xülasə olaraq “lə iləhə illəllah” şəklində Allahdan başqa ilah, tanrı, xaliq, ibadətə layiq haqq məbud yoxdur cümləsi ilə ifadə edilir. Buna görə bu cahanşümül cümləyə tövhid kəliməsi (kəlimeyi-tövhid) deyilir. Tövhid varlığın, var olmağın əsası, təməli, səbəbi, məqsədi və hədəfidir. Tövhid kəlməsini söyləyən və sistemini mənimsəyən, deyən, təsdiqləyən və buna inanaraq iman gətirən insana da mömin, müsəlman və ya muvahhid deyilir.
Muvahhid, tövhidə mənsub olan, tövhidi qəbul edən, tövhid ilə yaşayan, həyatını tövhid üzərinə quran mömin və ya müsəlman insana deyilir. Yəni bunları edənə muvahhid müsəlman deyilir.

Tövhid İslamın və İslamı din olaraq qəbul edib bu dinə inanan insanların həyatlarının, onların yaşayış tərzlərinin, fikirlərinin, düşüncələrinin, həyat nizamlarının, həyat prinsiplərinin, həyat sistemlərinin, zehniyyətlərinin, mentalitetlərinin, sosial, siyasi, iqtisadi, elmi, dini, mədəni və insan həyatı ilə bağlı hansı sahə varsa o sahənin əsası, təməli, cövhəri, fundamenti, divarı, damı, qapısı, pəncərəsi, qəlbi və baş tacıdır. Tövhid möminin şəxsiyyətinin və mənliyinin formalaşmasında, təşəkkül və inkişaf etməsində mühüm rol oynayır. O, möminin yeganə əqidəsi, həyat yolu, yeganə qurtuluş və nicat yoludur. Eyni zamanda tövhid möminin şəxsiyyəti və mənliyi, onun namusu, şərəfi və qeyrətidir. Tövhid üzərinə qurulmayan və inşa edilməyən bir həyat İslami həyat deyildir və yoxluğa məhkumdur. İslamda hər bir şey tövhidlə başlayar və tövhidlə qurtarar, tövhidlə bitər, tövhidlə sona çatar. Buna görə də muvahhid müsəlman yeganə əqidəsi olan tövhidi hər zaman sağlam təməllər və prinsiplər üzərinə, Qurani-Kərimin və Rəsuli-Əkrəmin (s.a.s) öyrətdiyi, bildirdiyi şəkildə qurmalı, öyrənməli, bilməli və ayaqda tutmalıdır. Buna görə də əziz qardaşlarım, tövhidi və şirki çox yaxşı öyrənmək lazımdır. Tövhidə zərər verəcək hər bir amildən, ünsurdən, hər bir şeydən uzaq durmaq və bunları tərk etmək lazımdır.

Muvahhid müsəlman əqidəsini əvvəlcə bərk və möhkəm görünən buz üzərində qurmamalıdır ki, isti görüncə buzun əriməsilə əqidəsi də əriməsin və ortadan yox olmasın.
Muvahhid müsəlmanın imanı şirk zibilliyi, şirk xarabalığı, şirk dağıntısı üzərinə qurulmamalıdır. Yaxşı bilmək lazımdır ki, şirk sadəcə mütləq batil deyildir, şirk eyni zamanda bəzən içinə haqqın qarışdırıldığı bir batildir. Yəni şirk bir haqq-batil şirkətidir. Şirkin içində haqqdan bir hissə, bir parça olması onu haqlı göstərə bilməz. Bir qazan bala bir stəkan nəcasət, pislik tökülərsə, o qazanın içində olan bal, bal olmaqdan çıxmışdır, miqdarı nə qədər olursa-olsun o qazan dolu balın hamısı atılmalıdır. Tövhid də belədir. Ona bir zərrə qədər də olsa, şirk, batil qarışmamalıdır. Yoxsa o tövhid olmaqdan çıxar. Buna görə də tövhiddə əsas məsələ və prinsip babalardan, atalardan qalmış, eşidilmiş, duyulmuş kimi deyil, Allahın və Rəsulunun istədiyi kimi iman gətirməkdir. Buna görə də əqidə məsələsində Allaha iman, tağutu inkar əsas ölçü və meyardır. Bu eyni zamanda Quranın bizə tövsiyyə etdiyi, əmr etdiyi bir ölçü və meyardır. İmanla əlaqəsi olmayan məsələləri imandan saymamaq, imana soxmamaq lazımdır ki, iman zədə almasın, saf, pak və təmiz olan iman suyu bulanmasın, ona yad ünsürlər girməsin. Əqidənin sərhədlərində gecə və gündüz, dayanmadan, usanmadan, bezmədən və yorulmadan növbətçi olmaq lazımdır ki, görünən və görünməyən düşmənlər əqidə üzərində hakim olmasınlar, onu pozmasınlar, onu xarab etməsinlər. Mömin müsəlman bu şəkildə muvahhid olur.

Muvahhid müsəlman yalnız Allahdan çəkinməli və qorxmalı, başqa heç bir şeydən çəkinib qorxmamalıdır. Bu qorxu və çəkinmə elə özü tövhid və tövhidin bir parçasıdır. Allahdan başqasından qorxmaq, qorxduğunuzu başınıza bəla, hegemon, musəllət etmək deməkdir. Allahdan başqasını qəbul etmək özü də elə, Allahdan başqasını başınıza bəla, hegemon və musəllət etmək deməkdir.
Muvahhid müsəlman daim qorxu və ümüd arasında olan insandır. Qorxuda, sevgidə və ümüddə tövhiddən ayrılmamaq lazımdır. Yaxşı bilmək lazımdır ki, Allahdan başqasından qorxan iki kərə cəzalandırılır:
1) Qorxunun özü elə cəzadır.
2) Qorxduğunuz şey başınıza gələr.
Qorxu, sevgi və ümüdün üçünü birdən Allahın xaricində, Allahdan başqa bir varlıqda cəm etmək, toplamaq, o varlığı Allaha ortaq, şərik qoşmaq mənasına gəlir və şirkdir.
Muvahhid müsəlman ən çox Allahı sevən insandır. Bu sevgi və məhəbbət elə özü tövhiddir. Heç bir şeyi Allahdan çox sevməmək lazımdır, heç bir şeyi Allahı sevərcəsinə, Allahı sevdiyi kimi sevməmək lazımdır, əgər bu edilməzsə sevgidə şirk qoşmuş olarsız. Bu sadəcə muvahhid müsəlmanın imanını zədələməklə qalmaz, eyni zamanda sevdiyinizi də əlinizdən qaçırar. Çünkü Allah Ğayurdur. Bəndəsinin, qulunun özünə aid olan sevgisini başqalarına aid etməsinə əsla razı olmaz.
Muvahhid müsəlman yalnız və yalnız Allaha arxalanan və ondan yardım diləyən, kömək gözləyən insandır. “Hasbunəllah və niməl-vəkil. Allah bizə yetər, O nə gözəl vəkildir” prinsipi muvahhid müsəlmanın şuarıdır. Bu da ümüddə tövhiddir. Allahdan ummaq, istəmək öz özlüyündə bir duadır. Qula, bəndəyə, insana arxalananlar, güvənənlər çox tez yıxılar.

Muvahhid müsəlman mülkün həqiqi sahibinin Allah olduğunu bir an da olsun unutmayan, yaddan çıxartmayan insandır. Bu da mülkdə tövhiddir. İnsanların mülk üzərində haqq iddia etməsi məcazidir. Mülkün həqiqi və gerçək sahibi Allahdır (c.c). Mülkü insanlara əmanət etmişdir. Əmanətə xəyanət edənlər xainlərin məruz qaldığı cəzaya çarpdırılır. Hökm yalnız Allahındır. Bu da hökmdə tövhiddir. Mütləq hökm sahibi Allahdır. Onun mütləq hökm sahibi olduğunu qəbul etməyənlər onu inkar etmiş hesab edilirlər, bu küfür və şirkdir. O, hökmranlığını, özünün xəlifəsi olan insanın əli ilə yerinə yetirir. Onun hökmranlığı göylərdə və yerdə, hər yerdə, məkanda və şəraitdə keçərlidir.
Muvahhid müsəlman ölüm və həyatın Allahın əlində olduğuna inanan insandır. Öldürən və yaşadan odur. Bu da tövhidin bir parçasıdır. Bu inanc insanları ölüm kabusundan qurtarıb onlarda əmin amanlıq və güvənlik hissi oyadır.
Muvahhid müsəlman müvəffəqiyyətin yalnız və yalnız Allahdan olduğuna inanan insandır. Müvəffəqiyyəti mütləq mənada kəllə sayına, maddi gücə bağlayaraq Allahı nəzərə almamaq bir əqidə zəifliyidir. Müvəffəqiyyət üçün qoyduğu qayda-qanunlara - sünnələrə tabe olmadan Allahdan müvəffəqiyyət gözləmək də Allahı haqqı ilə tanımamaq deməkdir. O, müvəffəqiyyət üçün qoyduğu ümumbəşəri və cahanşümül qaydalara və prinsiplərə riayət edən hər kəsə müvəffəqiyyət ehsan edər. Ruzi Allahdandır, Allah ruzini əldə etməyi bir qayda qanuna-sünnəyə bağlamışdır. Aclıq qorxusu, aclığın özündən daha betərdir. Allahın qoyduğu ümumi qanunlar, qaydalar olan “sünnətullah”a sarılan hər kəs çalışdığının qarşılığını alır. Bu qarşılıq verilərkən inancına deyil, haqq edib etmədiyinə, layiq olub olmadığına baxılır. Allah yolunda xərcləyincə malın azalacağını zənn etmək, rizqdə, ruzidə tövhidin mövcud olmamasının, nəticə etibarilə əqidədə pozuqluğun bir nəticəsidir.
Muvahhid müsəlman kainata, dünyaya və dünyalığa meydan oxuyan, onu Allahdan uzaqlaşdıran hər bir şeyi lənətlənmiş olaraq görüb bütün varlığı ilə Allaha istiqamətlənən insandır.
Muvahhid müsəlmanın ümməti tək bir ümmətdir. Bu tək, vahid və güclü ümməti parçalayan, bölən, təfriqəyə salan hərəkət və davranışlardan uzaq durmaq lazımdır. Təfriqəyə düşmək və ya buna gedən yollarda fitnə-fəsad çıxartmaq şirkin sosial-ictimai növüdür. Tövhidin cəmiyyət həyatında təzahürünə vəhdət deyilir. Həqiqi vəhdəti, yalnız muvahhid olma vəsfini əldə edən, qazanan müsəlmanlar meydana gətirə bilərlər.
Muvahhid müsəlman insanın üç əsas xüsusiyyəti, özəlliyi olan hissiyyat, fikir və ya düşüncə və hərəkət balansını, tarazlığını, mötədilliyini adil bir şəkildə quran insandır. Tarazlıq, balans və ya mötədillik, müsəlmanın davranışı, hərəkəti və rəftarı olmalıdır. Qorxu-ümüd tarazlığı, dünya-axirət balansı, zahir-batin tarazlığı, məhəlli, yerli və universallıq balansı, ağıl-iman tarazlığı, elm-din balansı, fərd-cəmiyyət tarazlığı, sevgi-nifrət balansı bunlardan bəziləridir. Qurani-Kərim bu ümməti tarazlı-vasat-orta-mötədil olaraq vəsf edir. Fikri, əqidəvi, əxlaqi, əməli balansı, mötədilliyi fərdi planda belə qura bilməyənlər, tarazlığın, mötədilliyin o biri adı olan İslamı axı insanlığa, bəşəriyyətə necə çatdıracaqlar?

Muvahhid müsəlman, lə iləhə illəllah deyən və bunun qarşılğını ödəməyə hazır olan insandır. Lə iləhə illəllah demək bir ürək istəyər, bir qəhrəmanlıq istəyər, bir fədakarlıq istəyər. Muvahhid müsəlman Allahın dostlarını sevən və sevdiklərinə cənnət olan, Allahın düşmənlərinə hirslənən, acıqlanan və hirsləndiyi zaman da onlara cəhənnəm olan insandır.
Muvahhid müsəlman öz-özünə yetərli olmadığının hər saniyə fərqində olan, Rəbb olaraq yalnız Allahı tanıyıb onun sifətlərini heç bir məxluqa verməyən insandır. Muvahhid müsəlman qeydsiz-şərtsiz Allaha təslim olan və “mən aləmlərin rəbbi olan Allaha təslim oldum” deyən insandır. Muvahhid müsəlman qəlbi ilə, sözü ilə, əməli ilə, fikri ilə, əxlaqı ilə hər cür şirkdən uzaq duran insandır.
Muvahhid müsəlman zərrədən kürrəyə, damladan dəryaya, atomdan-kainata, baxdığı, gördüyü hər bir şeydə Allahın varlığını, qüdrətini, vəhdaniyyətini, ədalətini və hikmətini görən insandır.
Muvahhid müsəlman bədən ölkəsinin paytaxtı olan ürəyində imanını iqtidar edən, ürəyini darul-islam edən insandır. İmanın hakim olmadığı bir ürəkdə şeytan çevriliş edər, inqilab edər və öz iqtidarını və hakimiyyətini qurar. Bilmək lazımdır ki, bu iqtidara zəmin hazırlayan əl-ayaq, göz-qulaq, dil-dodaq kimi orqanlardır. Əgər bu orqanlara imanın hakim olması üçün çalışılarsa ürəkdə gedən bu mübarizədən iman qalibiyyət və zəfərlə çıxacaqdır. Mənəvi müharibə, daxili müharibə ölənə qədər davam edəcəkdir. İman, xeyir, fəzilət və qarşılarında - nəfs, şər və şeytanla olan müharibə.
Muvahhid müsəlman, şeytanla heç bir zaman atəşkəs müqaviləsi imzalamayan insandır. Şeytan onun açıq-aydın düşmənidir. Şeytan sizinlə atəşkəs müqaviləsi imzalamaq üçün əlindən gələni edər, dünyanı sizə bəxş etdirər, dünya malını sizə sevimli və əziz edər. Dünya malına hakim oldunuzmu sizi Firaun belə edər. Sonra da sizi dənizin dibində, cəhənnəmin çuxurunda buraxıb namədrcə qaçar, tərk edər, şeytanın oyununa gəlməyin. Əlinizlə onu itələyin, əlinizlə, itələyin və rədd edin, bacarmadınızsa dilinzlə dəf edin, onu da bacarmadınız ürəyinizlə dəf edin.

Muvahhid müsəlman nəfsini-özünü təmizə çıxartmayan, çıxartmaya çalışmayan insandır. Həqiqətən də nəfs pisliyi əmr edər. Nəfsin, şeytanın köləsi yox, Allahın bəndəsi olmaq lazımdır. Həqiqi azadlıq və hürriyyət nəfsin istədiyini və arzuladığı hər bir şeyi edərək nəfsin köləsi olmaq deyildir, həqiqi azadlıq və hürriyyət nəfsin köləliyindən uzaqlaşaraq Allahın əmrlərini yerinə yetirərək ona, yalnız və yalnız Allaha bəndə olmaqdır. Ürəyinizdə olan iman ilə şeytanın əbədi müharibəsində imana saleh əməllərlə dəstək təmin edin. Ürəyim istəyir, canım çəkir dediyiniz şeyi, nəfsinizin mi, imanınızın mı istədiyini yaxşı yoxlayın. Qəlbiniz imanınızın məzarı deyil, sarayı olsun. Muvahhid müsəlman bu iman sarayında İslam nemətilə nemətlənən bir sultandır bu nemətin və sultanlığın fərqinə varan inasandır. O sultan ki, sarayı beytullah, nizamnaməsi Kitabullah, rəhbəri Rəsulullah, vəzirləri övliyaullah, sərkərdəsi seyfullah, qanunu huququllah, ruzisi nimətullah, düşməni aduvvullah olan bir sultan.
Muvahhid müsəlman hansı dinə mənsub olduğunu, kimin xəlifəsi, hansı peyğəmbərin ümməti, hansı insanların davamçısı olduğunu unutmayan, insandır.
Muvahhid müsəlman hərəkət və davranışlarına diqqət edən insandır. Siz ey muvahhid müsəlmanlar. Siz ey son dinin təmsilçiləri. Siz ey son peyğəmbərin ümməti, ehtiyatlı olun. Hər kəsin gözü sizdədir. Sizə baxaraq, sizin həyat tərzinizə, əxlaqınıza, hərəkət və davranışlarınıza baxaraq İslamı dəyərləndirirlər, Allahı, Quranı, Rəsulullahı dəyərləndirirlər. Unutmayın! Siz muvahhid müsəlmansınız, siz əhli tövhid və tövhid bayrağının bayraqdarısınız. Sizin bütün davranış və hərəkətləriniz İslamı təmsil edir, Allahı tanıtdırır, Rəsulullahı təmsil edir. Mömin olduğunuzun fərqinə varın. Bunun ləzzətini, bərəkətini və feyzini hiss edin. Lakin məsuliyyətinin və mömin olmaq kimi şərəfli, fəzilətli və məsuliyyətli bir şəxsiyyətinizin olduğunu da yaddan çıxartmayın.
Muvahhid müsəlman olmağınızın haqqını verin. Siz Allahın sevimli bəndələrisiniz. ki, İslamla, imanla, Quranla, Rəsulullahla şərəflənmisiniz. Siz dünyanın ən xoşbəxt insanlarısınız ki, dünyanın ən mükəmməl insanı və ən mükəmməl peyğəmbəri sizin rəhbərinizdir. Siz Allahın sevimli bəndələrisiniz ki, bu gün bu saatda tövhidə qulaq verərək, başqaları dünya və dünyalıqla məşğul olarkən siz dünyanı tərk edib Allahın evinə gəlmisiniz, tağutun hüzurundan uzaqlaşıb Allahın hüzuruna gəlmisiniz, Allaha rükü və səcdəyə gəlmisiniz. Ondan əff və məğfirət, bağışlanma diləməyə gəlmisiniz. Ondan ruzi və bərəkət diləməyə gəlmisiniz. Yalnız ona ibadət etməyə yalnız ondan yardım istəməyə gəlmisiniz. Yalnız onun əmrlərinə itaətə gəlmisiniz. Bu sizin fəzilətiniz və fərqliliyinizdir.

Fəzilət böyük bir nemətdir. Fəzilət bir mədəniyyətdir. Siz fəzilətlər mədəniyyətinin nümayəndələrisiniz. Fəzilət isə sultanlıqdır. Siz sultansınız. İmana sahib olduğunuza görə bir sultansınız. İman insanı insan edər, iman insanı sultan edər. siz Həzrəti insan siz həzrəti sultansınız. Allah sizlərdən razı olsun.


DUA:
Ya Rəbbi, bizi həqiqi mömin, muvahhid müsəlman et!
Hər cür şirkdən uzaqlaşıb Sənə, yalnız Sənə yönəlməyi, istiqamətlənməyi bizə qismət et.
Ya Rabbi, şirkin, gizlisindən və açığından, böyüyündən və kiçiyindən, ağırından və yüngülündən, hər cüründən və hər növündən Sənə sığınırıq, hər cür batildən Sənə sığınırıq. Sən bizi həqiqi əhli-tövhid et. Bizə həqiqi muvahhid müsəlman olmağı qismət et. Allahım bizi qoru. Allahumməğfir ummətə Muhamməd. Mərham, məhfaz, mənsur.

Ey Allahın qulları! Həqiqətən, Allah (Qur’anda insanlara) ədalətli olmağı, yaxşılıq etməyi, qohumlara (haqqını) verməyi (kasıb qohum-əqrabaya şəriətin vacib bildiyi tərzdə əl tutmağı) buyurar, zina etməyi, pis işlər görməyi və zülm etməyi isə qadağan edir. (Allah) sizə düşünüb ibrət alasınız deyə, belə öyüd-nəsihət verir! İndi isə buyurun, namaza qalxın ki, Allah Təala sizə rəhm eləsin, onun rəhməti və bərəkəti üzərinizə olsun.

Tərtib etdi: İllahiyyat elmləri namizədi Elşad Mahmudov/Azerislam.com

P.S. Xütbənin səsli variantını audio bölməmizdən və ya bu linkdən dinləyə bilərsiniz.
|
    
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:51
GÜNƏŞ07:22
ZÖHR [ 4 rükət ]12:54
ƏSR [ 4 rükət ]15:58
MƏĞRİB [ 3 rükət ]18:26
İŞA [ 4 rükət ]19:52
GECƏYARI00:08
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka