Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

YOXSA ONLAR GÖRMÜRLƏR?

[ Aktual / 25539 dəfə baxılıb ]   
|
 
Yarım milyon sortdan çox bitki aləmi Allah-Təalanın yer üzündəki möcüzəvi əsərlərindən biridir. Təbiəti öz zənginliyi ilə bürüyən növbənöv bitkilər ilahi sənətin gözəlliyi ilə insanı heyran edir. Bitkiləri sevə bilməyən insan, təbiətin Cənnəti hiss etdirən coşqusunu və həyəcanını duya bilməz. Qara, quru, kirli torpağı, təmiz, qoxulu, rəngli və gözəl güllərə çevirən Rəbbimizin möcüzəsi deyilmi?!
“Biz buludlardan şırıltıyla yağış yağdırdıq ki, onunla taxıl və digər bitkilər yetişdirək, habelə (ağaclarının qol-budaqları bir-birinə) sarmaşan bağlar (salaq).” (Ən-Nəbə, 14-16) Hər mövsümdə fərqli bitkilərlə təbiəti bəzəyən Rəbbimiz bunları səbəbsiz etməmişdir, bunları fikirləşmədən, nəzər yetirmədən üstündən keçmək bizə yaraşarmı?! “Yoxsa, onlar yer üzündə cürbəcür gözəl bitkilər bitirdiyimizi görmürlərmi?” (əş-Şuəra, 7)

Hər çiçəyin arxasında Yaradana şükr edən bir ruhani könül gizlənir. Hər bir bitki Yaradanın əmrinə tabedir, bir əsgər kimi torpağa düşmüş, tutduğu yerdə mövqesini qoruyur. Bu qədər çox və fərqli olan bitkilər necə nizam-intizamla yer üzündə paylanmışdır və necə cəlbedici şəkildə təbiəti bəzəmişdir?! Qol- buduqlarını necə sistemli şəkildə uzadır, yarpaqlarını çıxarır, millimetrik hesablarla təbiətin boşluqlarını doldurur?! Çox qəribədir və möcüzəlidir ki, həm bitkilər həm də heyvanlar biri-birlərinin həyatını saxlamaq üçün dəstək olur, həmçinin biri-birlərindən özlərini qoruyurlar.
Meşədə üstünə yığılan zərərverici böcəklərdən özünü qorumaq istəyən ağac, rəng tonunu dəyişdirər, böcəyə qarşı zəhər ifraz edər və beləcə eyni tipli ağacların hamısı bunu təkrarlayaraq, onlara hücum etmiş böcəklərdən qurtularlar.
Bəzi bitkilər onlara zərər verən böcəklərə düşmənlik edən başqa böcəkləri öz gövdələrinə dəvət edən yardım signalı sayılan qaz buraxarlar. Bu qazın qoxusunu uzaqlardan duyan dəvət olunmuş böcəklər həmin bitkiləri axtarıb taparlar və onun həyatını qurtararlar.

Çiçəklərdəki incə naxışları və toxunuşları heç diqqətlə izləmisinizmi? Onu adi quru bir budaqdan çıxaran nədir?!
Təbiətdəki hər bir varlığa kimliyini verən özəl bir şəxsi forması vardır və o, bununla diqqətimizi çəkər.
Meyvələri özəlliklə paketləyən, yəni onu qabıqla örtən və onun içində dadlı şirəni dağılmadan və axmadan saxlayan Rəbbimiz bu nümunələri bizə göstərməsəydi biz fabrikdə istehsal etdiyimiz şirələri necə paketləməyi öyrənərdik?! Sizə portağalın suyunu bir qabda versəydilər və həmin suyu, portağalı görmədən necə mükəmməl bir şəkildə paketləməyi xəyal edərdiniz?! Portağal şirəsini dilim-dilim ay parçasına oxşayan dilimlərə yerləşdirməzdən əvvəl, onu estetik şəkildə çox kiçik parçalara yerləşdirib, zərif qabıqla örtüb, sonra dilimlərə yerləşdirib, dilimləri də yan-yana dairəvi formada yapışqandan istifadə etmədən bitişdirib, onun da üstünü ətirli və rəngli qabıqla örtməyi heç ağlınıza gətirə bilərdinizmi?! Bu minvalla üzümü, narı, gilası və sairə meyvələri düşünün. Onları heç ömrünüzdə görməsəydiniz və hər birinin şirəsini qabda sizə versəydilər və hər birinə fərqli paket hazırlayın əmri alsaydınız, xəyalınızdan İlahi paketləmənin formaları keçərdimi?! Qarpızın demək olar ki, 98%-i sudan ibarətdir. Bıçaqla yarıb, sonra dilimləyirsiniz, amma heç axıb getmir.

Bizim konservləşdirmə və ya paketləmə texnologiyasını kəşf etdiyimiz heç 200 il olmaz. Amma uca Yaradan ilk çağlardan bəri möhtəşəm formada, fərqli paketlərlə bizə Özü yaratdığı dadları ikram edir. Yer üzündə Yaradanın etdiyindən daha çox, daha rəngli, daha estetik, daha cazibədar, daha fərqli və daha qoruyucu paketləmə sistemləri göstərə bilərsinizmi?! İnsan isə həmin meyvələri sıxıb, suyunu çıxarıb yenidən öz hazırladığı kağız, ya da dəmir qablara doldurur.
Hər bir bitki öz həyatdakı rolunu və funksiyasını yaxşı bilir və onunla hərəkət edir. Boyu uzun ağaclar harda olursa olsun, müxtəlif labirintlərə düşmədən gövdəsini uzadıb başını havaya çıxarır və günəşə baxır.
Bitkilər həm də İlahi əldən uzanan qida və şəfa mənbəyidir. Yer üzündə milyardlarca canlı yaradılmış, hər canlının bəslənmə sisteminə uyğun da yiyəcəyi qidalar göndərilmişdir. Nə tülkü yosun yeyə bilər, nə kiçik dimdikli quşlar yekə ət parçalarını. Hər şeyi diqqətlə və incəliklə yaradan Rəbbimiz yer üzündə heç kimə insandan daha üstün imkanlar verməmişdir. Nə onu torpaq yalamağa məcbur edib, nə yalnız suda yaşamağı, nə yalnız ət yeməyi, nə də ölü böcəklərlə qidalanmağı. Axşama qədər çəmənliklərdə dodaqlarımızla ot qoparıb yeməyimizi təsəvvür edə bilərsinizmi?! Meyvə istəyirsənsə bir ömür yeyib bitirə bilməyəcəyin qədər meyvə növləri verib sənə. Qırmızı almadan bezdin, keç yaşıl almaya, yaşılından da bezdinsə keç qırmızısına, alma sortlarının hamısını bitirə bilsən, keç başqa bir meyvəyə. İnsan oğlu necə bir ziyafətə dəvət edildiyini dərk edirmi, Rəbbinin ona bəxş etdiyi bu təbiət süfrəsinin möhtəşəmliyini duyurmu?! Cürbəcür növlər və sortlar yaratmaqla hər birinə müxtəlif forma, müxtəlif rəng, müxtəlif dad və müxtəlif qoxu da vermişdir. İnsan bir az ağılla və dərrakəylə yaşaya bilsə saysız hesabsız dadlar, qoxular və mənzərələr qarşısında dayanıb Rəbbinin mesajını anlayar.

Bütün bunları yaradan Rəbbimiz sanki insanlara deyir ki; “Bu özəl süfrəyə sadəcə səni və həm də sevgiylə çağırdım ey insan. Hələ Məni sevməyəcəksənmi? Hələ də Məndən ürküb qaçacaqsanmı? Mənim sənin şükrünə və dostluğuna haqqım yoxdurmu? Göz görə-görə gedirsən, bitirsən və həlak olursan, torpağa bədənini geri verəndən sonra qapımı nə üzlə açacaqsan? Hər gün və hər mövsüm səni xatırlayıb ehtiyaclarını qarşılayan Mənəm. Sən isə televizorlarla, kompüterlərlə qurdalanaraq ömrünü öldürərkən mənə qəlbində yer vermirsən.”

Ey insan! Bu dünya həyatının səbəbsiz yaranmadığını və bir gün Yaradana dönəcəyini hər an xatırlamalısan. Rəbbimiz Qur`ani-Kərimdə dəfələrcə və müxtəlif tərzdə bizlərə buyurmuşdur.
“Biz göyü, yeri və onların arasında olanları əyləncə üçün və (əbəs yerə) yaratmadıq” (əd-Duxan, 38)
“Biz göyü, yeri və onların arasındakılarını nahaq yerə xəlq etməmişik” (Sad, 27)
“Bəlkə insan özbaşına qoyulacağını güman edir?” (əl-Qiyamə 36).
“Yoxsa elə hesab edirdiniz ki, sizi əbəs yerə yaratmışıq və siz (heç vaxt) Bizə qaytarılmayacaqsınız?” (əl-Muminun, 115).


Hazırladı: Şahmar Kərimov
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]04:32
GÜNƏŞ06:26
ZÖHR [ 4 rükət ]13:47
ƏSR [ 4 rükət ]17:44
MƏĞRİB [ 3 rükət ]21:07
İŞA [ 4 rükət ]22:55
GECƏYARI00:49
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka